sa sa 1721
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi Şurasının onlayn iclası keçirilib + Foto İyn 30, 2020 | 17:05 / Konfranslar, iclaslar

İyunun 30-da Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının onlayn iclası keçirilib. İclası giriş sözü ilə açan İnstitutun direktoru akademik İradə Hüseynova Elmi şura üzvlərini gündəlikdə olan məsələlərlə tanış edib. O qeyd edib ki, Elmi şuranın bugünkü iclası böyük alim, ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunub. Akademik İ. Hüseynova təəssüflə bildirib ki, pandemiya ilə əlaqədar Cəlal Əliyevin doğum gününü hər il olduğu kimi onun tələbələrinin elmi işlərinin müdafiəsi kimi bir tədbirlə keçirmək mümkün olmayıb. Akademik Cəlal Əliyev keçən əsrin 70-ci illərində Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin, o cümlədən, molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyası, riyazi biologiya, kompüter biologiyası və bioinformatikanın bünövrəsini qoymuş, onların inkişafının başlıca istiqamətlərini müəyyənləşdirmiş və zəngin bir elmi məktəb formalaşdırmışdır. Bu gün həmin elmi məktəbin yetirmələrinin sorağı ABŞ, Kanada, İsveç, Böyük Britaniya, Yaponiya, Cənubi Koreya, Avstraliya, Rusiya və digər ölkələrin tanınmış universitetlərindən, elmi-tədqiqat müəssisələrindən, beynəlxalq mərkəzlərdən gəldiyini xüsusi qeyd edib. Daha sonra görkəmli alimin tələbələri - AMEA-nın müxbir üzvləri Novruz Quliyev, İbrahim Əzizov, Tərlan Məmmədov, hal-hazırda Cənubi Koreyanın Pusan Universitetində çalışan İsmayıl Zülfüqarov müəllimləri – akademik Cəlal Əliyev haqqında xatirələrindən söhbət açaraq C.Əliyev məktəbinin yetirmələri olmaları ilə fəxr etdiklərini, bir şəxsiyyət kimi tələbələrinə daim örnək olan alimin Azərbaycanda biologiya elminin inkişafında müstəsna rolunu qeyd ediblər. İnstitutun gənc mütəxəssisləri adından çıxış edən Gənc Alim və Mütəxəssislər Şurasının sədri Ulduzə Qurbanova görkəmli akademikin elmi və ictimai fəaliyyətinin onlar üçün bir nümunə olduğunu vurğulayaraq C.Əliyevin elmi irsini qoruyacaqlarına və layiqincə davam etdirəcəklərinə söz verib. İclasda AMEA Rəyasət Heyyəti tərəfindən verilən bir sıra qərar və sərəncamlar Elmi şura üzvlərinin diqqətinə çatdırılıb. Bununla da Elmi şuranın növbəti iclası öz işini başa çatdırıb.