sa sa 1660
Ölkə Prezidentinin uğurlu siyasəti ilə Böyük Qələbəyə doğru İyl 20, 2020 | 12:24 / Nəşrlər

Ermənistan silahlı qüvvələri iyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin cavab zərbələri isə sərrast oldu - düşmən hərbi texnika və canlı qüvvə sarıdan xeyli itkilər verərək geri otuzduruldu.

Beləliklə də, Tovuz döyüşləri mənfur düşmənə və onun havadarlarına bir ismarıc oldu. Onlar bilməlidirlər ki, xalqımız heç bir zaman öz torpaqlarının işğalı ilə barışmayacaq. Ali Baş Komandan cənab İlham Əliyev müsahibələrinin birində qəti olaraq bildirmişdir: “Heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək. İşğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməlidir, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Bu, prinsipial mövqedir və dünya birliyi bu mövqeyi dəstəkləyir”. Bununla da ölkə başçısı Azərbaycanın prinsipial mövqeyindən bir addım da geri çəkilməyəcəyinə, öz ərazi bütövlüyünü bərpa etmək əzmində və gücündə olduğu ilə bağlı bütün dünyaya, xüsusilə də işğalçı Ermənistana qətiyyətli mesaj vermişdi.

Prezident İlham Əliyevin qətiyyətlə söylədiyi fikirlərdən qısa bir müddət sonra Ermənistan öz əsl xislətini bir daha göstərmiş oldu. Bütün dünyada koronavirus pandemiyası tüğyan etdiyi bir zamanda mənfur düşmən yenə də öz çirkin əməllərini davam etdirməyə çalışdı. Lakin Tovuz döyüşlərində düşmən layiqli cavabını aldı.

Bu döyüşlərdə xalqımızın qəhrəman oğulları şəhid oldular. Biz şəhid əsgər və zabitlərimizlə qürur duyuruq. Torpaqlarımızın qorunması uğrunda canlarından keçmiş şəhidlərimiz öz nurlu ruhları ilə Qarabağa gedən yolu işıqlandırdılar. Hər birimiz şəhid olmuş hərbçilərimizin əziz xatirəsi qarşısında ehtiramla baş əyirik. Onların qəhrəmanlığı, şəhidlik zirvəsinə ucalmaları hər bir Azərbaycan vətəndaşı, xüsusilə də biz gənclər üçün böyük örnəkdir. Torpaqlarımızın müdafiəsi uğrunda şəhid olanlar heç vaxt unudulmayacaq, onlar daim qəlbimizdə yaşayacaqlar.

Azərbaycan ordusu güclənməkdə davam edəcək və yenidən Aprel hadisələri təkrarlanarsa, düşmən üçün ciddi uğursuzluqlarla nəticələnəcək. Azərbaycan Ordusu ermənilərin hər bir təxribatına layiqli cavab verməyə davam edəcək. Düşmənə və onun havadarlarına bir daha sübut olundu ki, qəhrəman ordumuz Azərbaycanın müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün təminatçısıdır.

Öz şəxsi maraqları naminə dövlətinə xəyanət edənlər, dinc sakinləri təşvişə salmaq istəyən ermənipərəst qüvvələr anlamalıdırlar ki, Azərbaycan dövlətini heç bir qüvvə sarsıda bilməz.

Bu gün həm dünyanı cənginə alan koronavirus pandemiyası ilə, həm də cəbhədə düşmənə qarşı mübarizədə milli birlik, həmrəylik, güclü milli iradə nümayiş etdirməyin zamanıdır.

Azərbaycan gəncliyi əmindir ki, möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasət xalqımızı Böyük Qələbəyə çatdıracaqdır!

Ulduzə Qurbanova, YAP AMEA ərazi təşkilatının sədri, biologiya üzrə fəlsəfə doktoru

science.gov.az