sa sa 1673
Gənc bioloq: Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına riayət etməkdir İyl 20, 2020 | 13:36 / Mühüm hadisələr

Bütün dünyada, o cümlədən Azərbaycanda yayılmış yeni növ koronavirus (COVID-19) infeksiyasının səbəb olduğu pandemiya ilə əlaqədar olaraq, “fiziki məsafə”, “sosial məsafə”, “özünütəcrid” və ya “izolyasiya”, “karantin” və digər terminlər meydana gəldi. Bəs bunlar nə deməkdir? Bizi və ailəmizi virusdan necə qoruya bilər? Sosial məsafə təcrübəsi, COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq üçün mümkün qədər evdə qalaraq, başqa insanlardan uzaq olmaq deməkdir. Sosial təcrid insanlarla birbaşa əlaqə əvəzinə onlayn, video və telefon rabitəsi vasitələrinin istifadəsinə təşviq edir. İctimai yerlərdə “fiziki məsafə” termini meydana gəlir ki, bu da maskalardan istifadə etmək şərtilə, digər insanlardan azı 6 addım məsafədə durmağı tələb edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kiçik elmi işçisi Nərgiz Bayramova deyib.

O, bildirib ki, ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejimi virusun yayılmasının qarşısını almaq üçün insanların zərurət olmadıqca evdən çıxmamasını tələb edir. Bu rejim çərçivəsində qapalı və izdihamlı məkanlarda virusun daha sürətlə yayıldığı nəzərə alınaraq əksər iş yerləri, təhsil ocaqları, xüsusi xidmət göstərən obyektlər, konsert və kino zalları, ticarət mərkəzi, kafe və restoranların müvəqqəti olaraq fəaliyyəti dayandırıldı. İnsanların əksəriyyəti evdən çalışmağa davam etdilər, şagird və tələbələr distant təhsil metodu ilə tanış oldular. Azərbaycanda karantin rejiminin idarə olunması Prezident İlham Əliyevin nəzarətində olmaqla bir sıra qurumlar və təşkilatlar tərəfindən izlənilir və idarə edilir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi bildirir ki, yalnız yaşı 65-dən yuxarı olanlar deyil, xroniki xəstəliklər, ürək-damar, şəkərli diabet, böyrək xəstəlikləri kimi problemləri olanlar da koronavirusla bağlı risk qrupun aiddir. Nazirlər Kabineti yanında Operativ Qərargah əhalini karantin rejiminin qaydalarına riayət etməyə çağırıb. Azərbaycanda infeksiyanın yayıldığı ilk günlərdən ölkəmizdə bu virusla mübarizənin yüksək səviyyədə təşkili üçün lazımi qərarlar qəbul olunub, infeksiyanın yayılmasının qarşısının alınması istiqamətində çox böyük işlər görülüb. Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına riayət etməkdir.

azertag.az