sa sa 1746
Beynəlxalq Elmlər Akademiyası Birliyi (IAAS) Virusologiya üzrə Elmi Şurasının iclası keçirilib İyl 22, 2020 | 11:20 / Konfranslar, iclaslar

17 iyul 2020-ci il tarixində IAAS-ın Virusologiya üzrə Elmi Şurasının videokonfrans formatda iclası keçirilib. Belarus Respublikası və digər xarici ölkə alimlərinin də iştirak etdiyi tədbirdə ölkəmizi AMEA-nın müxbir üzvü, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun beynəlxalq Molekulyar biomühəndislik laboratoriyasının müdiri, Türkiyənin Akdeniz Universitetinin professoru Tərlan Məmmədov  təmsil edib. Belarus MEA-nın Rəyasət Heyətinin sədr müavini akademik Aleksandr Vladimiroviç Kilçevski açılış nitqi ilə çıxış edib. Belarus Dövlət Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri, tibb elmləri doktoru, Belarus Respublikası Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklər üzrə baş mütəxəssisi, professor İqor Karpov “Belarusiyada COVİD-19-un klinik aspektləri” mövzusunda məruzə ilə çıxış edib. Tədbirdə iştirak edən Tərlan Məmmədov təşkilat komitəsinə belə bir beynəlxalq birliyin təşkilinə görə öz minnətdarlığını bildirib. O, qeyd edib ki,assosiasiya mövcud  problemlərin həlli istiqamətində irəli atılan müsbət addım olmaqla yanaşı, həm də əməkdaşlıq üçün əlverişli fürsət yaradır. COVID-19 virusuna qarşı peyvəndlərin hazırlanması istiqamətində birgə əməkdaşlığın vacibliyini qeyd edən T.Məmmədov ölkəmizin  birgə əməkdaşlığa hər zaman hazır olduğunu  da qeyd edib. Tədbirin sonunda IAAS-nın Virusologiya üzrə Elmi Şurasının Əsasnaməsi təsdiq edilib.

Qeyd edək ki, IAAS - Beynəlxalq Elmlər Akademiyaları Birliyi 1993-cü ildə Kiyev şəhərində Belarus Milli Elmlər Akademiyasının təşəbbüsü ilə Elmlər Akademiyaları arasında əməkdaşlıq məqsədilə yaradılıb. IAAS-ın Virusologiya üzrə Elmi Şurasının məqsədi ikitərəfli tədqiqatların təşkili və həyata keçirilməsi ilə yanaşı, həm də elmin bu sahəsinin inkişafı üçün elmi ekspertizanın təmin edilməsindən ibarətdir.