sa sa 63
Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının iclasında bir sıra mühüm məsələlər müzakirə edilib İyl 30, 2020 | 18:52 / Konfranslar, iclaslar

İyulun 30-da AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının onlayn iclası keçirilib.

“Zoom” platforması üzərindən təşkil olunan tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, BTEB-in Elmi şurasının sədri, akademik İradə Hüseynova iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Alim ilk öncə BTEB-in nəşr fəaliyyətinin yüksək səviyyədə təşkili istiqamətində görülən işlərdən və planlardan danışıb. O, bölmə institutları tərəfindən mütəmadi olaraq “AMEA-nın Məruzələri” və “Həyat elmləri və biotibb” jurnallarında dərc olunmaq üçün elmi məqalələrin hazırlanmasının vacibliyini qeyd edib. Həmçinin bölmənin Elmi şurasında dinlənilmək üçün elmi məruzələrin təqdim olunması ilə bağlı lazımi tapşırıqlar verib.

İclasda institut rəhbərlərinə elmi müəssisələrdə aparılan tədqiqatların müasir dövrün tələblərinə uyğunlaşdırılması, elmi istiqamətlərə yenidən baxılması ilə bağlı təklifləri sentyabr ayına kimi BTEB-ə təqdim etmələri tapşırılıb.

Daha sonra akademik İradə Hüseynova cari ilin 4-5 avqust tarixlərində keçirilməsi planlaşdırılan “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda beynəlxalq onlayn konfransa hazırlıq işləri ilə bağlı məlumat verib, tədbirin Azərbaycanda bu mövzuda ilk elmi konfrans olduğunu bildirib. O, institut alimlərini beynəlxalq tədbirin işində fəal olmağa çağırıb.

Tədbirdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamı ilə 22 iyul – Mətbuat Günü münasibətilə Molekulyar Biologiya və Biotexnologiyalar, Botanika, Dendrologiya institutlarının İctimaiyyətlə əlaqələr şöbələrinin müdirlərinin BTEB-in Fəxri fərmanına layiq görüldükləri bildirilib. Həmçinin AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanovanın BTEB-in Fəxri fərmanı ilə təltif edilməsi haqqında qərar qəbul edilib.

Akademik İradə Hüseynova bu il bölmə institutlarının magistraturasına 16 nəfərin qəbul olunduğunu söyləyib, növbəti qəbul üçün sifarişlərin verilməsi, prioritet ixtisasların seçilməsi ilə bağlı məsələni müzakirəyə çıxarıb, bu istiqamətdə lazımi tapşırıqlar verib.

Elmi şuranın sədri, həmçinin AMEA-nın və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin elmi müəssisələrinin ortaq tədqiqat layihələri ilə bağlı müzakirələrin davam etdiyini bildirib, bununla bağlı görüləcək işləri diqqətə çatdırıb.

Daha sonra şura üzvləri çıxış edərək ümumi maraq kəsb edən problemlərlə, eləcə də bir sıra vacib dövlət tapşırıqlarının, AMEA Rəyasət Heyətinin qərarlarının, AMEA-nın prezidentinin sərəncamlarının icrası, institutlarda tədqiqat prosesi və kadr hazırlığı, respublikanın regionlarında ekspedisiyaların keçirilməsi, çöl tədqiqatlarının aparılması ilə bağlı fikirlərini bildirib, təkliflərini səsləndiriblər. Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov akademiyanın yüksəkixtisaslı alim və mütəxəssislərinin təhsil prosesinə cəlb edilməsi təklifini irəli sürüb.

Onlayn iclasda AMEA Dendrologiya İnstitutunun Elmi şurasının tərkibində qismən dəyişiklik edilməsi, eləcə də bölmə üzrə bir sıra elmi-təşkilati məsələlərə baxılıb, müvafiq qərarlar qəbul olunub.

science.gov.az