sa sa 47
Azərbaycan-Türkiyə: əbədi birlik və qardaşlığın təntənəsi İyl 30, 2020 | 17:58 / Nəşrlər

Son vaxtlar Azərbaycanda baş vermiş siyasi-hərbi hadisələr ölkəmizə beynəlxalq birliyin, dünya dövlətlərinin geniş miqyasda dəstəyinin ifadə olunması, dövlətlərarası münasibətlərin bir daha aydınlaşdırılması baxımından da əhəmiyyətlidir. Dünya ictimaiyyətinin özünün ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Respublikasının ədalətli mövqeyini müdafiə etməsi artıq «yazıq erməni» mifinin dağılması, dövlətlərin və xalqların əsl obyektiv reallıqların nədən ibarət olduğu haqqında gerçək məlumatlara malik olması ilə nəticələnmişdir.

Azərbaycanın hərb tarixinə «Tovuz - iyul hadisələri» kimi daxil olan hərbi-siyasi olaylarda  Türkiyə Cümhuriyyətinin birmənalı şəkildə bütün imkanları ilə Azərbaycanın yanında olmasını açıq şəkildə bəyan etməsi sözün əsl mənasında qardaş ölkə və doğma xalqı olmaq missiyasının əyani təcəssümüdür. Səksən milyondan artıq əhalisi ilə Türkiyə Cümhuriyyətini ləyaqətlə təmsil edən güclü bir dövlətin Prezidenti Rəcəb Tayyib Ərdoğanın son vaxtlarda bir neçə dəfə müxtəlif tədbirlərdəki çıxışlarında Türkiyə tərəfindən istənilən məqamda Azərbaycana hər cür dəstək veriləcəyini bildirməsi qardaş ölkənin, qəhrəman böyük xalqının və qəhrəman türk əsgərinin ölkəmizə və xalqımıza münasibətinin əməli ifadəsidir. Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışlarında səsləndirilmiş «bütün imkanlarımızla», «Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək», «qardaşlarımızı heç vaxt tək qoymarıq» kimi dərin mənaya malik olan və həm də konkret mövqe nümayiş etdirən fikirlər qardaş ölkədə müstəqil dövlətimizə, dövlət rəhbərimizə, xalqımıza bəslənilən münasibətin hansı miqyasda və mahiyyətdə olduğunu təsəvvür etməyə imkan yaradır. Bu qəti və aydın mövqe müstəqil Azərbaycan dövlətinə birmənalı dəstək, bədnam Ermənistana kəsərli cavab, dünya birliyi qarşısında isə açıq mövqe ifadə edən ciddi mesajdır.

Atılan qəti addımlar Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə dönmədən inkişaf etdirilməsinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Cümhuriyyətinin Prezidenti  Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlər zəminində də əsl qardaşlıq nümayiş etdirmələrinin əməli göstəriciləri, mühüm nəticələridir. Prezident İlham Əliyev də ən müxtəlif beynəlxalq tədbirlərdə həmişə birmənalı şəkildə Türkiyə Cümhuriyyətinin qarşıya çıxan problemlərinin həllində qardaş ölkəyə birmənalı şəkildə dəstək verməyin əsl örnəyini nümayiş etdirmişdir. İlham Əliyev - Rəcəb Tayib Ərdoğan birliyi və həmrəyliyi, dövlət başçılarımızın bir-birlərinə «qardaşım» deyərək müraciət etmələri bizim xalqlarımız üçün də, dünya birliyi üçün də nümunədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi bu gün dünyada Azərbaycan və Türkiyə dövlətləri kimi əsl qardaş ölkələr göstərmək mümkün deyildir. Çoxəsrlik böyük tarixi ənənələrə, dərin köklərə malik olan Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının İlham Əliyev - Rəcəb Tayyib Ərdoğan mərhələsi  xalqlarımızın və ölkələrimizin şanlı birlik salnaməsinə pozulmaz yeni və parlaq səhifələr əlavə edir. Azərbaycan-Türkiyə Cümhuriyyəti həmrəyliyi və əməkdaşlığı qardaş ölkələrarası münasibətlərin bütün sahələr üzrə inkişaf etdirilib daha da möhkəmləndirilməsinə uğurla xidmət etdiyi kimi, beynəlxalq aləmdə də sülh və əminamanlığın, təhlükəsizliyin, əməkdaşlığın tənzimlənməsində, regionda meydana çıxan problemlərin həllində mühüm əhəmiyyətə malikdir. Azərbaycan və Türkiyə birliyi və həmrəyliyi dünyada sülhün, təhlükəsizliyin, inkişafın və əməkdaşlığın eyni gövdəyə - kökə malik sarsılmaz qoşa qanadlarıdır.

Bu günlərdə əvvəlcədən razılaşdırılmış dövlətlərarası tədbirlər planına əsasən Azərbaycan ərazilərində Türkiyə Cümhuriyyətinin ordu birləşmələri ilə birlikdə hərbi təlimlərin keçirilməsi bütün məqamlardakı möhkəm və sarsılmaz birliyimizin növbəti təntənəsidir. Prezident İlham Əliyevin və Cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə iki il əvvəl qardaş ölkələrin yenilməz ordularının iştirakı ilə Bakı şəhərində keçirilmiş möhtəşəm hərbi parad «iki dövlət - bir ordu» modelinin əməli nümunəsi  olmuşdu. İndi Azərbaycanın müxtəlif yerlərində - Bakı şəhərində, Naxçıvan Muxtar Respublikasında, Gəncədə, Kürdəmir və Yevlax şəhərlərində keçirilən birgə hərbi təlimlər ordu birləşmələrimizin möhtəşəm paradının regionlarda nümayiş etdirilən uğurlu davamıdır. Türkiyə Cümhuriyyəti ordu birləşmələrinin Sədərək-Dilucu Ümid Körpüsündən keçərək Azərbaycanın ayrılmaz üzvi tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ərazisinə daxil olması və Azərbaycan Əlahiddə Ordusu ilə birlikdə hərbi təlimlərə başlaması hərbi qüvvələrimizin istənilən məqamda ən qısa vaxtda birlik nümayiş etdirmək imkanlarına malik olmalarının əyani nümayişidir. Bu, həm də 13 oktyabr 1921-ci ildə Azərbaycanın Türkiyə Cümhuriyyəti ilə birlikdə imzaladığı tarixi Qars müqaviləsinin müddəalarının davamlı olaraq həyata keçiriləcəyini göstərən əhəmiyyətli addımdır. Bununla Türkiyə Cümhuriyyəti beynəlxalq statusa malik olan Qars müqaviləsinin şərtlərinə uyğun olaraq hər hansı üçüncü bir müdaxilə olacağı təqdirdə dərhal Naxçıvan üzərində qarantorluq missiyasını yerinə yetirməyə daim hazır olduğunu bir daha nümayiş etdirir.

Azərbaycan-Türkiyə sərhədində qardaş ölkələrin əsgərlərinin bayraq dəyişdirilməsi aksiyasını həyata keçirmələri dərin mənaya malik olub, qəhrəman ordularımızın müqəddəs dövlət rəmzlərimizin keşiyində də eyni amal, eyni məsuliyyət və şərəflə dayanmaq andlarının əməli ifadəsi deməkdir.

Dövlət rəmzlərinin keşiyində birlikdə dayanmaq, hər iki dövlətin bayraqlarını qardaş dövlətlərin və xalqların varlığının rəmzi kimi bir yerdə qorumaq ulu öndər Heydər Əliyevin vaxtilə bəyan etdiyi və artıq atalar sözünə çevrilmiş «İki dövlət, bir millət» devizinin bütün dövrlər üçün möhkəm həyati gücə və mühüm siyasi əhəmiyyətə malik olduğunu isbat edir. Bu, o deməkdir ki, Azərbaycan əsgəri üçün Türkiyə dövlət bayrağı, Türkiyə əsgəri üçün isə Azərbaycanın dövlət bayrağı eyni dərəcədə müqəddəs və toxunulmazdır. Bayraqlarımızın birlikdə qorunması dövlətlərimizin sarsılmaz ittifaqının, ordularımızın möhkəm birliyinin, xalqlarımızın əbədi qardaşlığının əməli təntənəsidir. Bu möhtəşəm birliyi qoruyub saxlamaq, atacağımız hər addımla daha da möhkəmləndirmək, əbədiyyətə qədər yaşadaraq nəsillərdən-nəsillərə qədər davam etdirmək müqəddəs borcumuzdur.

Azərbaycan-Türkiyə Prezidentlərinin qardaşlıq münasibətləri və qarşılıqlı etimadı – dünyada, regionda və ölkələrimizdə sülhün, təhlükəsizliyin inkişafın və həmrəyliyin qarantıdır.

Türkiyə – Azərbaycan Bayraqlarının və Ordularımızın Birliyi müstəqil dövlətlərimizin Qardaşlıq və Həmrəyliyinin əbədiyyət rəmzidir.

Azərbaycan – Türkiyə Birlik və Həmrəyliyi dostlarımız üçün qürur mənbəyi, düşmənlərimizə göz dağıdır.

Birlik, Qardaşlıq və Həmrəylik Azərbaycanın və Türkiyənin tarixi taleyi, bugünün reallığı və böyük gələcəyin dəyişməz düsturudur.

İsa Həbibbəyli, AMEA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı, akademik

science.gov.az