sa sa 1578
Akademik Ə.Abbasov: “İlk milli videokonfrans sistemi Azərbaycanda onlayn konfransların keçirilməsi üçün mühüm platformadır” Avg 05, 2020 | 12:23 / Mühüm hadisələr

AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru, akademik Əli Abbasov avqustun 4-də “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda keçirilən beynəlxalq onlayn konfransın açılış mərasimində çıxış edib.

O, konfransın koronavirusun Azərbaycanda və qlobal mühitdə olan problemlərin, onunla mübarizə üçün həm təşkilatı, həm tibbi-bioloji müstəvidə qəbul olunan qərarların müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb. Alim koronavirus üzərində tam qələbənin əldə edilməsi üçün böyük vaxtın tələb olunduğunu deyib. Qeyd edib ki, Azərbaycan da daxil olmaqla bir çox ölkələr yalnız düzgün qərarların qəbulu, müəyyən təşkilatı və tibbi-bioloji müalicəvi tədbirlərin görülməsi ilə vəziyyətdən minimum itkilərlə çıxa biliblər.

Akademik Ə.Abbasov AMEA Rəyasət Heyəti tərəfindən Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun tabeliyində Tibbi bioloji biotexnologiyalar mərkəzinin yaradılması haqqında qərar qəbul edildiyini xatırladıb. Son vaxtlar bu mərkəzin işə başlaması üçün müəyyən işlərin görüldüyünü qeyd edərək bildirib ki, mərkəzin yaxın zamanda fəaliyyətə başlaması nəzərdə tutulur.

Alim koronavirusun təhlükə mənbəyi olması ilə yanaşı, həmçinin bir çox sahələrə, əsasən də yüksək texnologiyaların inkişafına təsir göstərdiyini qeyd edib: “Məlumdur ki, COVID-19-un bütün dünyada vüsət alması ilə bir sıra səhələrdə sürətli inkişaf müşahidə olunmağa başladı. Buraya tibbi-bioloji istiqamətlərdən başqa, informasiya texnologiyaları sahəsi də aiddir. Məsələn, pandemiya dövründə teletibb, tibbi xidmətlərin rəqəmsal platformalar üzərində təqdim olunması ön plana çıxdı”.

YT Parkın direktoru qeyd edib ki, aparılan araşdırmalara görə, Amerika Birləşmiş Ştatlarında koronavirus dövründə, son 6 ayda ambulator xəstələrin müraciəti 60 faiz azalıb, tibbi elektron xidmətlərin verilməsi isə 15 faiz artıb. Onun sözlərinə görə, karantin rejimi ilə əlaqədar təhsil müəssisələrinin bağlanması dərslərin onlayn formada keçirilməsini də qaçılmaz edib. Distant təhsilin gələcək üçün əsas seçim olması bir reallığa çevrilib.

Distant təhsilin ölkəmizdə də yüksək səviyyədə təşkil olunduğunu vurğulayan alim bildirib ki, bu təhsil sisteminin gələcəkdə əsas seçim olması istisna edilmir.

Koronavirusun yayılma sürətinin proqnozlaşdırılmasından danışan akademik Ə.Abbasov bu məsələnin geniş tədqiqat mövzusu olduğunu, koronavirusun sosial distantlıq şərtlərindən asılı olaraq proqnozlaşdırılması modelinin hazırlandığını deyib.  

O, artıq dünyada koronavirusla mübarizə üçün süni intellekt texnologiyalarının və dərin təlimin tətbiqi ilə bir neçə elmi proqramın hazırlandığını söyləyib. Azərbaycanın da bu sahədə təcrübəyə sahib olduğunu deyən alim YT Park-ın rezidenti statusunu əldə etmiş “Emsys” şirkətinin yaratdığı videokonfranslar, kollektiv onlayn müzakirələr və müxtəlif növ kütləvi onlayn tədbirlərin keçirilməsi üzrə virtual platforma kimi istifadə imkanlarına malik olan, müasir tələblərə cavab verən ilk milli videokonfrans sisteminin sınaqdan uğurla keçdiyini diqqətə çatdırıb: “Xarici analoqları ilə eyni, həmçinin ölkəmizin spesifik tələblərinə uyğun əlavə funksiyaları istifadəçilərinə təqdim edən, informasiya təhlükəsizliyi baxımından əlverişli olan bu sistem Azərbaycanda onlayn konfranslar üçün önəmli platforma hesab edilə bilər. Sistem COVID-19 və digər bu kimi problemlərlə üzləşən təşkilatların daha çevik və effektiv kommunikasiyası üçün geniş imkanlar açır, müasir tələblərə cavab verməklə yanaşı, dünyadakı digər analoqlarından fərqli olaraq milli təhlükəsizlik baxımından da əlverişlidir”.

Akademik Ə.Abbasov Azərbaycanda TƏBİB-in yaratdığı  “E-Təbib”  proqramını da yüksək qiymətləndirərək, əlavə edib ki, bu kimi proqramlar koronavirusun yayılması və onunla mübarizə üsullarının proqnozlaşdırılmasına müsbət təsir edir.

Direktor nitqinin sonunda konfransın təşkilatçılarına minnətdarlığını bildirib, tədbirin koronavirusla mübarizə istiqamətində uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib.

science.gov.az