sa sa 2497
Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür Avg 26, 2020 | 17:46 / Mühüm hadisələr

Bugün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın doğum günüdür.

Xalqımızın mənəvi dəyərlərinə bağlılığı, yüksək insani keyfiyyətləri, vətəndaş mövqeyi, intellekti və vətənpərvərliyi ilə tək Azərbaycan üçün deyil, türk və müsəlman dünyası üçün örnək şəxsiyyət olan Mehriban Əliyeva şərəfli və məhsuldar həyat yolu keçmişdir. O, akademik Arif Mir Cəlal oğlu Paşayevin və böyük şərqşünas alim, Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru və ilk professor-qadın Aida Nəsir qızı İmanquliyevanın ailəsində dünyaya göz açmışdır.

Mehriban xanım Əliyeva 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirərək 1988-1992-ci illərdə akademik Krasnovun rəhbərliyi altında Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda çalışmış, burada mütəxəssis kimi formalaşmışdır. O, 2005-ci ildə “Eftanaziya və təbabətdə humanizm problemi” mövzusunda dissertasiya işi müdafiə edərək fəlsəfə elmləri namizədi elmi dərəcəsi almışdır.

Mehriban Əliyevanın ictimai fəaliyyəti geniş və çoxşaxəlidir. 1995-ci ildə onun təşəbbüsü ilə hal-hazırda da rəhbərlik etdiyi və Azərbaycan xalqının mədəni dəyərlərinin dünya mədəniyyətinə inteqrasiya olunmasında müstəsna xidmətləri olan Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis edilmişdir. 1996-cı ildə Mehriban xanım Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan və vətənimizə musiqi, memarlıq, təsviri və tətbiqi incəsənət sahələrində layiq olduğu şöhrəti gətirən “Azərbaycan – İrs” jurnalını təsis etmişdir. Xalq musiqisinin, muğamlarımızın, poeziyamızın inkişafında da yüksək yaradıcılıq və təşkilatçılıq qabiliyyəti ilə fərqlənən Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir. Onun təşəbbüsü və rəhbərlik etdiyi fondların hərtərəfli dəstəyi ilə keçirilmiş çoxsaylı festifal və müsabiqələr, konsert və sərgilər mədəniyyətimizin təbliğində mühüm rol oynamışdır və bu gün də oynamaqda davam edir. Mehriban xanımın Şərq və Qərb mədəniyyətlərinin yaxınlaşmasına yönəlmiş geniş fəaliyyətini də qeyd etmək lazımdır.

Mehriban Əliyeva 2004-cü ildə Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, onun milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanması məqsədi ilə yaradılmış və ötən dövrdə bir sıra milli və qlobal tarixyüklü layihələrə imza atmış Heydər Əliyev Fondunun prezidentidir. Ötən dövr ərzində onun bu fond vasitəsilə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirlərin, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrin dəstəkləməsi, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılması sahələrində gördüyü işlər təkcə Azərbaycanda deyil, həmçinin bütün dünyada rəğbətlə qarşılanmış, ən yüksək qiymətlərə layiq görülmüşdür. Heydər Əliyevin ideyalarına, işıqlı amal və məsləklərinə daim sadiq qalan Heydər Əliyev Fondu Mehriban xanımın rəhbərliyi ilə müxtəlif sahələri əhatə edən layihələri reallaşdırmağa, dünyanın nüfuzlu təşkilatları ilə əməkdaşlıq etməyə, möhtəşəm beynəlxalq konfrans və festivallar keçirməyə müvəffəq olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqilliyi, ölkəmizin daha qüdrətli, daha möhkəm olması yolunda sağlamlığını itirən qazilərimiz, şəhid ailələri, qaçqın və məcburi köçkünlər, ehtiyacı olan insanlar, uşaq və internat evləri, səhiyyə və təhsil ocaqları daim Mehriban xanımın diqqət və qayğısı altındadır.

Mehriban Əliyevanın fəaliyyətində idmanın inkişafına da daim xüsusi önəm verilmişir. O, 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi fəaliyyətə başlamış, bu və ya digər idman növlərinin populyarlaşdırılması, ölkə idmançılarının beynəlxalq arenalarda uğurlar qazanmasına dəyərli töhfələr vermişdir. 2004-cü il 28 dekabrda Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilmişdir. O, Birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirmək məqsədi ilə 2013-cü il yanvarın 17-də yaradılmış Təşkilat Komitəsinin sədri təyin olunmuşdur. Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Mehriban xanıma Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin qərarı ilə bu komitələrin ən yüksək mükafatı olan Ali Orden təqdim edilmişdir

Mehriban xanım Əliyeva fədakarlığı, səmimiyyəti və ağlı, həyat tərzi və idarəetmə qabiliyyətləri ilə nəinki Azərbaycanda, həmçinin bütün dünyada tanınmış dövlət xadimi və siyasətçidir. 2005-ci və 2010-cu illərdə Milli Məclisin deputatı seçilmiş Mehriban Əliyevanın  fəaliyyətində yaddaqalan məqamlardan biri də onun ədalət, humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq genişmiqyaslı amnistiya aktlarının qəbul edilməsi təşəbbüsü ilə çıxış etməsidir. Mehriban xanım Yeni Azərbaycan Partiyasının 2013-cü il iyunun 7-də keçirilən V qurultayında partiyanın sədr müavini seçilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Mehriban xanım Əliyeva Azərbaycanın I vitse-prezidenti təyin olunmuşdur. O, bu gün təkcə birinci xanım deyil, həm də genişmiqyaslı islahatların aparılmasında, Azərbaycanın müstəqilliyinin qorunmasında, xalqın xoşbəxt gələcəyinin təmin olunması üzrə fəaliyyətlərdə prezident İlham Əliyevin ən yaxın silahdaşıdır. Bu və ya digər problemlərlə bağlı Mehriban xanımın xalqa müraciətləri həmişə eşidilmiş və cəmiyyət həyatına öz əhəmiyyətli təsirini göstərmişdir.

Aylardır dünyanı gərgin vəziyyətdə saxlayan COVİD-19 pandemiyasına qarşı Azərbaycanda ölkə Prezidenti tərəfindən aparılan və virusun yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının və sosial rifahının qorunması istiqamətində uğurlu fəaliyyətlərdə Birinci vitse-prezident, ixtisasca həkim olan Mehriban xanım Əliyevanın da xidmətləri çox olmuşdur.

Mehriban xanım Əliyevanın Azərbaycan xalqı və dünya birliyi qarşısında xidmətləri hər zaman yüksək qiymətləndirilmişdir. Onun bu günə qədər beynəlxalq səviyyədə aldığı orden və medalları, fəxri adları saymaqla bitməz. Mehriban xanım “Əsrlərin xeyriyyəçiləri” Beynəlxalq Fondunun Yaqut Xaç ordeninə, “Qızıl ürək” beynəlxalq mükafatına, Azərbaycanın “Heydər Əliyev Mükafatı”na, Fransa dövlətinin “Şərəf Legionu” ordeninə və YUNESKO-nun “Qızıl Motsart” medalına, İtaliyanın “Xidmətlərinə görə” Böyük Xaç Kavaleri ordeninə, Rusiyanın “Dostluq ordeni”nə, Azərbaycanın “Heydər Əliyev” ordeninə və onlarla digər təltif və mükafatlara, fəxri adlara layiq görülmüşdür.

Qəlbimizdə və həyatımızda silinməz yeri olan, öz fəaliyyəti ilə önəmli bir tarix yazan Mehriban xanım Əliyevanı AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin üzvləri, Bölmə institutlarının kollektivləri adından ürəkdən təbrik edir, ona can sağlığı, ailəsi ilə birlikdə uzun və xoşbəxt ömür, müstəqil Azərbaycanın daha da inkişafı naminə məqsədyönlü və şərəfli fəaliyyətlərində daha böyük uğurlar arzulayıram!

 

AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova