sa sa 1756
Qələbə səninlədir, Azərbaycan əsgəri! Sen 28, 2020 | 10:00 / Mühüm hadisələr

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərində həm mülki əhali, həm də hərbçilər arasında həlak olanlar var.

Azərbaycan Ordusu düşmənin bu təxribatının qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür. Azərbaycan Ordusunun əzmi və şücaəti ilə cəbhənin Füzuli-Cəbrayıl istiqamətində aparılan hərbi əməliyyat nəticəsində uzun illər ərzində düşmən işğalı altında olan Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib. Ağdərə rayonu istiqamətində və Murov dağı silsiləsindəki hündürlüklərdə yerləşən düşmən postları darmadağın edilərək bir sıra hakim yüksəkliklər nəzarətə götürülüb. Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənib, düşmən xeyli itki verib. Cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub. Bütün cəbhəboyu bölgələrdə şiddətli döyüşlər davam edir.

Cənab Prezident İlham Əliyevin dediyi kimi, biz öz torpaqlarımızda döyüşürük, bu bizim haqq işimizdir. Qarabağ Azərbaycandır!

İnanırıq ki, Azərbaycan Ordusunun şücaəti, qətiyyətli əks-hücumları Azərbaycan xalqının 30 illik həsrətinə son qoyacaq və qədim, tarixi Vətən torpaqlarımızda şanlı bayrağımız dalğalanacaq!