sa sa 1421
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib + Foto Sen 30, 2020 | 14:07 / Konfranslar, iclaslar

Sentyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rəyasət Heyətinin üzvləri - AMEA-nın birinci vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev, AMEA-nın vitse-prezidentləri, akademiklər Tofiq NağıyevDilqəm Tağıyevİradə HüseynovaRasim Əliquliyev, akademiyanın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Rəyasət Heyətinin üzvü vəzifəsini icra edənlər - akademiklər Cəmil Əliyev və Gövhər Baxşəliyeva iştirak ediblər.

Tədbiri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açaraq sentyabrın 27-də səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin təxribata əl ataraq cəbhəboyu ərazidə yerləşən Azərbaycan kəndlərini, həmçinin ordumuzun mövqelərini intensiv atəşə tutduğunu söyləyib. Qeyd edib ki, bu təxribata cavab olaraq Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin əmrilə işğalçı Ermənistana qarşı bütün cəbhə boyu genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb, endirilən sarsıdıcı zərbələr nəticəsində düşmən çox sayda canlı qüvvə və texnika itirərək geri çəkilmək məcburiyyətində qalıb, 7 kəndimiz, həmçinin strateji əhəmiyyətə malik yüksəkliklər erməni qəsbkarlarından təmizlənib.

Akademik Ramiz Mehdiyev sentyabrın 27-də Təhlükəsizlik Şurasının iclasında Prezident İlham Əliyevin ordumuzun qazandığı uğurları haqlı olaraq ciddi hərbi qələbə kimi səciyyələndirərək, xalqımızı təbrik etdiyini söyləyib. Vurğulayıb ki, bu parlaq qələbə heç şübhəsiz ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü qətiyyətli siyasətin və nail olduğu yüksək ordu quruculuğunun nəticəsidir. Həmçinin bildirib ki, Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxışı zamanı, eləcə də dünyanın bir çox aparıcı dövlətlərinin rəhbərləri ilə görüşündə Ermənistanın işğalçı siyasətindən, regional sülhə və təhlükəsizliyə böyük təhdid təşkil etməsindən, o cümlədən Azərbaycanın haqlı mübarizəsindən danışıb.

Akademik Ramiz Mehdiyev bu gün Azərbaycan Silahlı Qüvvələrinin bölgənin ən qüdrətli ordusu olduğunu və hərbçilərimizin qısa zamanda ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə, işğalçılara tutarlı cavab verməyə qadir olduğunu bildirib, xalqımızın Prezidentimizin, dövlətimizin və ordumuzun apardığı haqlı mübarizəni ürəkdən dəstəklədiyini söyləyib.

AMEA prezidenti, həmçinin “Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar” Nazirlər Kabineti tərəfindən dövlət müəssisələrində növbətçiliyin təşkili ilə bağlı müvafiq qərarın qəbul edildiyini və bu istiqamətdə akademiyada da tədbirlərin görüləcəyini diqqətə çatdırıb.

Daha sonra akademik Ramiz Mehdiyev iclasın gündəliyi barədə iştirakçılara məlumat verib.

AMEA-nın akademik-katibi, akademiyanın müxbir üzvü Əminağa Sadıqov müzakirəyə çıxarılan ilk məsələnin AMEA-nın “Elm və Texnologiya Parkı” MMC-də audit yoxlamasının nəticələri haqqında olduğunu deyib.

Mövzu ilə əlaqədar çıxış edən AMEA Rəyasət Heyətinin Daxili nəzarət və audit şöbəsinin müdiri Vidadi Baxşəliyev bildirib ki, “AMEA Yüksək Texnologiyalar Parkının mövcud vəziyyəti və problemlər haqqında” AMEA Rəyasət Heyətinin 15 may 2020-ci il tarixli Qərarında nəzərdə tutulan bəndlər üzrə tapşırıqların icra vəziyyəti ilə bağlı AMEA Rəyasət Heyətinin bir qrup vəzifəli şəxsləri tərəfindən AMEA YT Parkda yoxlama həyata keçirilib, lakin bəzi səbəblərdən Qərarın müvafiq bəndlərinin icrasının təmin edilmədiyi aşkarlanıb. Diqqətə çatdırılıb ki, bunun başlıca səbəbi 19 sentyabr 2017-ci il tarixdən AMEA YT Parkın rezidenti olan “Elm və Texnologiya Parkı” MMC-nin və digər rezidentlərin (“Azeltech” MMC, “DN Technologies” MMC) üzərinə düşən öhdəliklərini lazımınca icra etməməsidir. Vidadi Baxşəliyev sözügedən Qərarın 3-cü bəndinə əsasən, o cümlədən 17 may 2017-ci il tarixli üçtərəfli Girov müqaviləsi əsasında “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-yə, həmçinin AMEA YTP-də fəaliyyətin həyata keçirilməsinə dair bağlanmış rezidentlik müqaviləsinə əsasən “Elm və Texnologiya Parkı” MMC-yə müəyyən tapşırıqların verildiyini, lakin MMC tərəfindən bu tapşırığın qismən icra olunduğunu söyləyib.

Şöbə müdiri, həmçinin AMEA YT Parkın 6 noyabr 2017-ci il tarixdən rezidenti statusunu əldə etmiş “DN Technologies” MMC-nin layihəsini həyata keçirməsi üçün AMEA İşlər İdarəsinin sabiq müdiri tərəfindən verilən göstərişə əsasən, “AMEA Yüksək Texnologiyalar Parkı” MMC ilə “DN Technologies” MMC arasında  19 aprel  2018-ci il tarixli Tərəfdaşlıq Müqaviləsinin bağlandığını bildirib.

Yoxlamalar zamanı, həmçinin müəyyənləşdirilib ki, AMEA YT Parkın digər rezidenti “Azeltech” MMC və “DN Technologies” MMC indiyə qədər bütün layihələrini “Elm və Texnologiya Parkı” MMC adı ilə həyata keçirib, bağlanmış müqavilələrin hamısı “Elm və Texnologiya Parkı” MMC adı ilə rəsmiləşdirilib. Bu isə bir daha sübut edir ki, “Elm və Texnologiya Parkı” MMC öz “məqsədyönlü” fəaliyyətini bu kimi adları sadalanan rezident hüquqi şəxslər vasitəsilə reallaşdırmağa davam etdirib.

Vidadi Baxşəliyev bildirib ki, “Elm və Texnologiya Parkı” MMC-də AMEA prezidentinin 29 iyul 2020-ci il tarixli sərəncamı əsasında AMEA Rəyasət Heyəti Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən aparılmış audit yoxlaması zamanı hüquq pozuntuları aşkarlanıb. Belə ki, audit yoxlaması zamanı məlum olub ki, “Elm və Texnologiya Parkı” MMC-nin fəaliyyəti dövründə bağlanmış bir sıra müqavilələrdə və onların icrasında ciddi pozuntulara yol verilib.

Bununla yanaşı, “Elm və Texnologiya Parkı” MMC-nin kadr məsələlərinin idarə edilməsində nöqsanların olduğu müəyyən edilib.

Sonra AMEA Rəyasət Heyətinin Daxili nəzarət və audit şöbəsinin müdir müavini Mehparə Kəlbəliyeva “Elm və Texnologiya Parkı” MMC tərəfindən alınan avadanlıqlar barədə məlumat verib və mövcud çatışmazlıqlardan danışıb.

Hesabat ətrafında AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, AMEA İşlər idarəsinin müdiri, professor Elton Məmmədov, Hüquq və kadrlar idarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev, “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru Vasif Abbasov, “Elm və Texnologiya Parkı” MMC-nin direktoru Cavid Şahmuradov, “DN Technologies” MMC-nin direktoru Ceyhun Nabadov və  Radiasiya Problemləri İnstitutunun baş mühəndisi Samir Süleymanov çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

AMEA Rəyasət Heyəti yuxarıda qeyd olunan problemləri nəzərə alaraq “Elm və Texnologiya Parkı” MMC-nin fəaliyyətinə dair bir sıra qərarlar qəbul edib.

Daha sonra akademik Ramiz Mehdiyev çıxış edərək bu gün AMEA-nın elmi müəssisə və təşkilatlarında bir sıra ciddi uğurlu tədqiqatların aparıldığını və mühüm elmi nəticələrin əldə edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu elmi nəticələrin cəmiyyətimizdə və beynəlxalq müstəvidə təbliği istiqamətində ardıcıl işlər aparılmalıdır. Bundan əlavə, akademik bu gün alimlərimizin sağlam, məsuliyyətli və işgüzar prinsiplər əsasında çalışmasının və AMEA Rəyasət Heyətinin qərarlarının həyata keçirilməsinə öz töhfələrini verməsinin zəruriliyini vurğulayıb.

Sonda iclasda bir sıra cari məsələlər müzakirə olunub.

science.gov.az