sa sa 5984
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioinformatika laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Nurməmməd Mustafayevin 55 yaşı tamam olur. Okt 15, 2020 | 12:42 / Yubileylər

15 oktyabr 2020-ci il tarixində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioinformatika laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Nurməmməd Mustafayevin 55 yaşı tamam olur.

Nurməmməd Şamil oğlu Mustafayev 1991-ci ildə Bakı Dövlət Universitetinin kimya fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1991-ci ildən AMEA Botanika İnstitutunda Məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları şöbəsində elmi fəaliyyətə başlamış, kiçik elmi işci, elmi işçi, böyük elmi işçi vəzifələrində, 2016-cı ildən bu günə kimi isə AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışır. Bioloq-alim bitki və heyvan genetikası sahəsində bacarıqlı mütəxəssisdir. Onun tərəfindən insanın və arabidopsisin bəzi minisatellitləri tədqiq olunmuş, bu ardıcıllıqların çoxsaylı potensial transkripsiya və replikasiya tənzimləyici elementləri ilə zənginliyi göstərilmiş, ilk dəfə olaraq Azərbaycan populyasiyasının STR markerlərlə tədqiqi həyata keçirilmişdir. Nurməmməd Mustafayev 2003-2008-ci illərdə RNT polimeraza II ilə transkripsiya olunan bitki genləri promotorlarının PlantProm məlumat bazasının (http://www.softberry.com) yaradıcılarından biridir. N.Mustafayev 30-dan artıq elmi əsərin müəllifidir. Onun aldığı elmi nəticələr “Химия природных соединений”, “Растительные ресурсы”, “Chemistry of Natural Compounds”, “Medicine and Law”, “Net Journal of Agricultural Science”, “Photosynthetica”, “Gene” jurnalları kimi beynəlxalq nəşrlərdə çap olunmuş, bir sıra yerli və beynəlxalq konfranslarda təqdim edilmişdir. O, eyni zamanda AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun nəzdində fəaliyyət göstərən Seminar şurasının üzvü, AMEA tərəfindən nəşr olunan “Həyat Elmləri və Biotibb Jurnalı”nın və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi əsərləri jurnalının məsul katibidir.

N.Mustafayev eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olur, İnstitutun magistraturasında təhsil alan tələbələrə ixtisas fənlərini tədris edir.

İnstitutunun kollektivi adından Nurməmməd müəllimi 55 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.