sa sa 2057
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları “Əsgərə məktub” layihəsi çərçivəsində cəbhəboyu ərazilərdə əsgərlərlə görüşüb + Foto Okt 26, 2020 | 17:11 / Mühüm hadisələr

Bu gün başda Ali Baş Komandan İlham Əliyev olmaqla müzəffər ordumuz böyük zəfərə doğru addım-addım yaxınlaşır, qızıl hərflərlə Azərbaycanın qəhrəmanlıq salnaməsini yazırlar. Xalqımız 30 ilə yaxındır ki, həsrətlə gözlədiyi Böyük Qələbənin çox yaxında olduğuna əmindir. Şanlı Ordumuz hər gün cəbhədən gələn zəfər xəbərləri ilə bizi böyük qələbəyə yaxınlaşdırır. Azərbaycan əsgəri torpaqlarımızı işğalçılardan təmizlədikcə xalqımız bu hissi təkrar-təkrar yaşayır. Nəhayət ki,  30 illik işğalın əzablarına, sıxıntılarına, müharibənin bütün itkilərinə, ağrı-acılarına son qoyulur.

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kollektivi Azərbaycan Ordusuna dəstək məqsədi ilə daha bir addım atıb – “Əsgərə məktub” layihəsi çərçivəsində torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan  əsgər və zabitlərimizlə görüşərək onlara sovqat aparıblar. Hər bir təşəbbüs mahiyyəti etibarilə vətəndaşlıq deməkdir.  Bu gün əsgərlərimiz hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Bununla yanaşı ayrı-ayrı qurumların Vətənin keşiyində dayanan əsgərlərin qayğısına qalması, onlara sovqat göndərməsi mənəvi dəstəkdir. Goranboy rayonunda N saylı qərargahın əsgər və zabitləri ilə görüşən institutun bir qrup əməkdaşı onlara kollektiv adından isti geyimlər, ərzaq məhsulları, təmizlik və dərman vasitələri çatdıraraq kollektivin əməkdaşları tərəfindən onlara ünvanlanan məktubları təqdim ediblər.  “Salam, əsgər! Necə olduğunu soruşmuram. Əminəm ki, əlasan! Səninlə fəxr edirik!”, “Biz sizinlə qürur duyuruq! Biz sizə güvənir, inanırıq!”, “Əsgər qardaşım, mən də sənin bir bacın. Sən Vətəni, ailəni, bizi qoruyursan. Biz sizinlə fəxr edirik!” kimi müraciətlərlə başlayan məktublarda kollektiv üzvləri öz ürək sözlərini əsgərlərə ünvanlayaraq ordumuza olan inamını, sevgisini, qürurunu ifadə ediblər.

İnstitutun əməkdaşları döyüş bölgəsində olarkən əsgərlərimizin döyüş ruhunun yüksək olmasının şahidi olublar. Mülki vətəndaşlarımızın təhlükəsizliyi təmin edilib. Rəşadətli Ordumuz Ali Baş Komandanımızın ətrafında sıx birləşib və böyük qələbənin tezliklə əldə ediləcəyinə tam inanırlar.

Qarabağ Azərbaycandır!