Böyük alim və görkəmli ictimai-siyasi xadim Cəlal Əlirza oğlu Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Kənd Təsərrüfatı Elmləri
Akademiyasının, Ukrayna və Belarus Aqrar Elmlər akademiyalarının xarici üzvü, ömrünün sonunadək AMEA Botanika İnstitutu Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinə və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Bitki fiziologiyası və biotexnologiyası şöbəsinə rəhbərlik etmişdir. Elmi fəaliyyətinə 1951-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Əkinçilik İnstitutunun bitki fiziologiyası şöbəsində başlayan Cəlal Əliyev burada laborant vəzifəsindən Bitki Fiziologiyası və biotexnologiyası şöbəsinin müdiri vəzifəsinə qədər yüksəlmiş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır.
O, eyni zamanda 1971-ci ildə Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda elmi-tədqiqat qrupu yaratmışdır. 1974-cü ildə bu qrup Fiziki-kimyəvi Biologiya sektorunun nəzdində Bioenergetikanın molekulyar əsasları laboratoriyasına çevrilmiş, 1983-cü ildə bu laboratoriyanın əsasında Fotosintezin biokimyası, Gen mühəndisliyi, Fotosintetik aparatın molekulyar təşkili, Toxuma kulturası, Xloroplastların fotokimyası və Fotobiotexnologiya yaradıcı qruplarını tərkibində saxlayan Məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları laboratoriyası yaradılmışdır. 2010-cu ildə AMEA Botanika İnstitutunun Məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları şöbəsində aparılan elmi-tədqiqat işlərini intensivləşdirmək, genişləndirmək və elmin müasir tələblərinə daha da uyğunlaşdırmaq məqsədilə onun əvvəlki adı dəyişdirilərək, Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsi adlandırılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının 30 iyun 2014-cü il tarixində keçirilmiş ümumi yığıncağında AMEA Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin bazasında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılması haqqında qərar qəbul edilmiş və 01 iyul 2016-cı il tarixindən institut müstəqil fəaliyyətə başlamışdır.
Akademik Cəlal Əliyevin Botanika və Əkinçilik İnstitutlarında yaratdığı şöbələr fotosintez prosesinin öyrənilməsində dünya elminə böyük töhfələr vermişdir. Aparılan tədqiqatlar nəticəsində fotosintezin elə əlamət və göstəriciləri müəyyənləşdirilmişdir ki, onların gedişi və qiyməti ilə məhsuldarlıq prosesi daha sıx korrelyasiya təşkil edir.
Akademik Cəlal Əliyevin 65 illik elmi fəaliyyəti kənd təsərrüfatı bitkilərinin, əsasən, buğdanın fotosintetik məhsuldarlığının nəzəri əsaslarının öyrənilməsinə həsr olunmuşdur. O fotosintez və fototənəffüs proseslərini kompleks şəkildə tədqiq etmişdir. Bu tədqiqatların dairəsi bitkilərin məhsuldarlığının fizioloji, biofiziki, biokimyəvi və molekulyar-genetik əsaslarını, eyni zamanda bitkilərin həyatının struktur-funksional təşkilinin molekulyar səviyyədən başlayaraq, bütöv bitki və əkinə qədər bütün mərhələ və formalarında məhsuldarlıq proseslərinin öyrənilməsini əhatə etmişdir.