sa sa 1550
Mərkəzi Nəbatat Bağının 2020-ci il üzrə fəaliyyəti müzakirə olunub + Foto Dek 17, 2020 | 15:27 / Konfranslar, iclaslar

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) rəhbərliyinin iştirakı ilə akademiyanın Mərkəzi Nəbatat Bağının 2020-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunan hesabat iclası keçirilib.

Onlayn baş tutan iclasda AMEA-nın vitse-prezidenti, BTEB-in Elmi şurasının sədri, akademik İradə Hüseynova, akademiklər - Qərib Məmmədov, Validə Əlizadə, AMEA-nın müxbir üzvləri - Novruz Quliyev, Pənah Muradov, professor Ulduz Həşimova, aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazov və Mərkəzi Nəbatat Bağının Elmi şurasının üzvləri iştirak ediblər.

Tədbiri akademik İradə Hüseynova açaraq iclasda Mərkəzi Nəbatat Bağının 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatın dinləniləcəyini söyləyib.

Sonra Mərkəzi Nəbatat Bağının direktoru, biologiya elmləri doktoru Vahid Fərzəliyev geniş təqdimatla çıxış edərək bildirib ki, müəssisə hesabat ilində “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”, “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyası”, “Azərbaycan Respublikasının milli  iqtisadiyyat perspektivi  üzrə  strateji  yol  xəritəsi” çərçivəsində fəaliyyətini uğurla həyata keçirib. Onun sözlərinə görə, cari ildə “Təbii və mədəni floradan olan bitki növlərinin introduksiyası və kolleksiya fondunun yaradılması” problemi üzrə 5 mövzunu əhatə edən 11 iş və 21 mərhələdə tədqiqat işləri həyata keçirilib. Mərkəzi Nəbatat Bağının alimləri tərəfindən 1 kitab, 2 monoqrafiya, yerli mətbuatda 8 məqalə və 4 tezis, xarici mətbuatda 5 məqalə,  impakt faktorlu jurnallarda 7 məqalə dərc olunub, elmi işçilərin əsərlərinə 26 istinad edilib.

V.Fərzəliyev qeyd edib ki, bağın əməkdaşları 4 layihə, 2 beynəlxalq treyninqə qatılıb, Botanika Bağlarının Mühafizəsi Üzrə Beynəlxalq Təşkilat, “REC Caucasus”, Botanika Bağlarının İqlim Dəyişmələri İttifaqı, Böyük Britaniyanın Kyu Kral Botanika Bağları və başqa qurumlar ilə əməkdaşlıq əlaqələri qurulub.

Sonra hesabat ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb. Akademiklər - Qərib Məmmədov, Validə Əlizadə, AMEA-nın müxbir üzvləri - Novruz Quliyev, Maqsud Qurbanov, biologiya elmlər doktorları - Ulduz Həşimova və Şakir Qasımov hesabatı müsbət qiymətləndiriblər.

Sonda çıxış edən akademik İradə Hüseynova bağın fəaliyyətini qənaətbəxş qiymətləndirərək, növbəti illərdə ölkədaxili və beynəlxalq əməkdaşlığın daha da inkişaf etdirilməsini tövsiyə edib.

science.gov.az