sa sa 1256
“Buğda genotiplərində quraqlıq stresi və onun bərpası zamanı antioksidant müdafiə sisteminin və fotosintetik effektivliyin tədqiqi” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib + Foto May 09, 2021 | 11:36 / Mühüm hadisələr

Mayın 8-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Bioadaptasiya laboratoriyasının elmi işçisi Lalə Aydınlının 2411.02-“Bitki Fiziologiyası” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Buğda genotiplərində quraqlıq stresi və onun bərpası zamanı antioksidant müdafiə sisteminin və fotosintetik effektivliyin tədqiqi” mövzusunda dissertasiya işinin onlayn formatda ilkin müzakirəsi keçirilib. Dissertasiya işi MBBİ-nun direktoru, AMEA-nın vitse prezidenti, akademik İradə Hüseynovanın rəhbərliyi altında yerinə yetirilib. AMEA-nın müxbir üzvü, professor İbrahim Əzizovun rəhbərliyi ilə keçirilən müzakirədə institutun elmi əməkdaşları ilə yanaşı, AMEA-nın Botanika, Radiasiya Problemləri institutlarının, Bakı Dövlət Universitetinin,  Əkinçilik Elmi-Tədqiqat İnstitutunun alimləri də iştirak edib. Dissertasiya işində əldə edilən elmi nəticələr yüksək impakt faktorlu jurnallarda nəşr olunub, dəfələrlə yerli və beynəlxaq konfranslarda məruzə edilib.

Təqdim edilən dissertasiya işində ilk dəfə olaraq, Azərbaycanda yerli yumşaq buğda sortlarında quraqlıq və təkrar suvarmadan sonra bərpa prosesləri tədqiq edilib, buğda yarpaqlarında antioksidant müdafiə sisteminin fermentativ və qeyri-fermentativ komponentləri müqayisəli analiz olunub və buğda üçün quraqlıq və yenidən su ilə təmin olunduqdan sonrakı bərpa proseslərinin fizioloji-biokimyəvi mexanizmləri kompleks şəkildə öyrənilib. Əldə olunan nəticələr bitkilərin ətraf mühitin əlverişsiz amillərinə adaptasiya mexanizmlərinin daha dərindən dərk edilməsi baxımından fundamental əhəmiyyət kəsb edir. Antioksidant fermentlərin fəallığının və izoenzim tərkiblərinin təyininin quraqlığa davamlı genotiplərin skrininqində test sistemi kimi istifadə olunması tövsiyyə olunub.

Dissertasiya işi ətrafında geniş müzakirələr aparılıb. İlkin rəyçilər, AMEA Genetik Ehtiyatlar İnstitutunun Bitki fiziologiyası şöbəsinin müdiri biologiya elmləri doktoru, professor Ramiz Əliyev və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin Şöbə müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Cavanşir Təlai dissertasiya işinin yüksək səviyyədə yerinə yetirildiyini və beynəlxalq tələblərə cavab verdiyini qeyd ediblər. AMEA-nın müxbir üzvləri Novruz Quliyev, İlham Şahmuradov, Xəlil Qasımov, biologiya elmləri doktorları Səftər Süleymanov, Eldar Novruzov, Elimxan Cəfərov, Tofiq Allahverdiyev, Səyyarə İbadullayeva, biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov dissertanta təklif və rəylərini bildiriblər.

Sonda Lalə Aydınlının dissertasiya işinin seminar şurasında müzakirəyə çıxarılması haqda qərar qəbul olunub.