sa sa 1212
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılmasının 5 illiyi qeyd olunub + Foto İyl 01, 2021 | 16:52 / Tədbirlər

İyulun 1-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılmasının 5 illiyinə həsr olunmuş tədbir keçirilib. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova tədbiri giriş sözü ilə açıb. Akademik Cəlal Əliyevin zəngin elmi irsindən bəhs edən İradə Hüseynova, institutun hazırkı nailiyyətlərinin məhz onun uzaqgörənliyi sayəsində əldə edildiyini qeyd edib. Cəlal Əliyev görkəmli ictimai-siyasi xadim və böyük alim olub. Bütün həyatını Azərbaycan elminin inkişafına həsr edən akademik Cəlal Əliyev istedadlı gənclərin elmə cəlb edilməsinə, onların Sovet İttifaqının qabaqcıl elmi-tədqiqat institutlarında təcrübə qazanmasına xüsusi əhəmiyyət verib. İradə Hüseynova qeyd edib ki, beş il ərzində institutda fəaliyyət göstərən elmi işçilərin sayı artıb, elmi şura və dissertasiya şurası yaradılıb. İnstitutda təhsil şöbəsi fəaliyyət göstərir, magistr və doktorantura təhsili uğurla həyata keçirilir, eyni zamanda beş beynəlxalq laboratoriya, Beynəlxalq və İctimaiyyətlə Əlaqələr şöbəsi fəaliyyət göstərir. “AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi Əsərləri” məcmuəsinin 4-cü nömrəsi artıq nəşr olunub. Jurnal üçün həm çap (print ISSN 2709-0744), həm də online elektron (E-ISSN 2709-0752) beynəlxalq standart seriya nömrələri (ISSN) alınıb. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxil edilib.

Tədbir Cəlal Əliyev məktəbinin yetirmələri - AMEA-nın müxbir üzvləri İbrahim Əzizov, Novruz Quliyev, İnstitutun elmi işlər üzrə direktor müavini Ələmdar Məmmədov, elmlər doktorları Səftər Süleymanov, Səyyarə İbadullayeva, Təhsil şöbəsinin müdiri, b.ü.f.d. Samirə Rüstəmova, aparıcı elmi işçi Gülnarə Balakişiyevanın çıxışları ilə davam edib. Onların elmi karyeralarının formalaşmasında akademik Cəlal Əliyevin müstəsna rolunu qeyd edən əməkdaşlar akademikin həyatının ən çətin dövrlərində belə yalnız elm barədə düşündüyünü və institutun bugünkü uğurlarının məhz onun adı ilə bağlı olduğunu vurğulayıblar. Bu gün bünövrəsi akademik Cəlal Əliyev tərəfindən qoyulan institut əsl elm məbədinə çevrilib və hər bir əməkdaş bu institutun adını uca tutmağa borcludur.

Tədbirdə iştirak edən Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Təmsilçiliyinin nümayəndəsi texnika və filologiya elmləri doktoru, professor Elçin İsgəndərzadə İnstitutun kollektivini 5 illik yubileyləri münasibətilə təbrik edib, Azərbaycan elminin inkişafındakı böyük xidmətlərinə görə akademik İradə Hüseynovaya Türk Dünyası Araşdırmalar Beynəlxalq Elmlər Akademiyasının Həqiqi (Akademik) üzvü seçilməsi münasibətilə diplom və Qızıl Ulduz Medalını təqdim edib.

Daha sonra Bitki Biotexnologiyası laboratoriyasının aparıcı elmi işçisi Mahirə Məmmədovaya 60 illik yubiley və səmərəli elmi fəaliyyətinə görə institutun Fəxri fərmanı təqdim olunub.

Tədbirin sonunda görkəmli alimin həyat və elmi fəaliyyətindən bəhs edən Əbədi Çıraq filmi nümayiş etdirilib.