sa sa 1169
Akademik İradə Hüseynova: Pandemiyaya qarşı mübarizədə vətəndaş mövqeyi göstərməliyik Avg 12, 2021 | 17:11 / Mühüm hadisələr

Azərbaycanda COVID-19 xəstəliyinə ilk yoluxma hallarının qeydə alınmasından artıq il yarıma yaxın vaxt keçir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən 2020-ci il martın 11-də pandemiya elan edilmiş bu xəstəlik dünyanı, o cümlədən ölkəmizi də qəflətən, hazırlıqsız yaxaladı. Lakin dünyanın əksər dövlətlərindən fərqli olaraq, Prezident İlham Əliyevin ciddi nəzəri və praktiki analizə, dünya üzrə toplanmış tarixi təcrübəyə və uzaqgörən təfəkkürə əsaslanan qərarları, xalqımızın sağlamlığının qorunması, təhlükəsizliyinin təmin olunması istiqamətində atdığı düşünülmüş addımlar öz nəticəsini verib. Ölkədə pandemiyanın ilk çağlarından hakimiyyət strukturları və resursları sürətlə səfərbər edilərək ÜST ilə sıx əməkdaşlıq şəraitində koronavirusa qarşı sosial-xilasedici yükü olan preventiv mübarizə tədbirlərinin həyata keçirilməsinə başlanılıb, koronavirusun törətdiyi tibbi, iqtisadi, sosial və s. təsirlərə qarşı effektiv mübarizə üsulu və formalarının tapılması və işə salınması istiqamətində məqsədyönlü qabaqlayıcı tədbirlər kompleksi hazırlanaraq tətbiq olunub.

Bu fikirləri AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova söyləyib. Akademik bildirib ki, Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” və daha geniş əhatəli Tədbirlər Planı təsdiq edilib. Nazirlər Kabineti yanında Operativ Qərargah fəaliyyətə başlayıb, Azərbaycan Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb, iqtisadiyyatın ən çox ziyan görmüş sektorlarına, karantin qaydalarının tətbiqi səbəbindən işsiz qalmış əhaliyə, sahibkarlara, əhalinin sosial cəhətdən həssas qruplarına dəfələrlə hərtərəfli yardımlar və güzəştlər edilib. Bunların nəticəsində koronavirusun ölkədə kütləvi yayılmasının qarşısı alınıb, təhlükə törədə biləcək miqrasiya prosesləri, karantin proseduru yarada bilən hallar tam nəzarətə götürülüb, əhali arasında maarifləndirmə işi yüksək səviyyədə təşkil edilib, Operativ Qərargah koronavirusun yayılma proseslərinə vaxtında və düzgün reaksiya göstərib.

AMEA-da da koronavirusla bağlı profilaktik və maarifləndirici tədbirlərin görülməsi istiqamətində lazımi addımlar atılıb, bir sıra qərarlar qəbul edilərək yerinə yetirilib. Burada koronavirusla bağlı beynəlxalq konfrans, çoxsaylı seminarlar, dəyirmi masalar və digər tədbirlər keçirilib, alim və mütəxəssislər tərəfindən KİV-də çıxışlar edilib, məqalələr dərc olunub. Qeyd etmək lazımdır ki, pandemiya ilə mübarizə istiqamətində Azərbaycanın nümunəvi təcrübəsi bir çox ölkə tərəfindən fəaliyyət proqramı kimi geniş şəkildə istifadə olunub. Bütün çətinliklərə baxmayaraq, bu gün ölkənin iqtisadiyyatı kifayət qədər normal inkişaf edir, yeni-yeni meqalayihələr icra olunur. Əlamətdar haldır ki, pandemiya doğma Qarabağımızın düşmən işğalından azad edilməsinə mane ola bilməyib və bu gün Azərbaycan düşmən tərəfindən viran qoyulmuş Vətən torpaqlarının və təbiətinin bərpasına bütün gücü ilə başlayıb.

Vurğulanıb ki, cəmi bir neçə həftə əvvəl COVID-19-a yoluxma hallarının ikirəqəmli ədədlə ifadə olunmağa başlaması və faktiki xəstə sayının bir neçə yüzə qədər düşməsi 44 günlük müharibədə olduğu kimi, koronavirusa da ən qısa zamanda qalib gələcəyimizə böyük inam yaratmışdı. Lakin bildiyiniz kimi, bir sıra səbəblərdən, ən çoxu da sosial məsuliyyətsizliyin və arxayınlığın artması nəticəsində yoluxma halları yenidən çoxalmış və hazırda faktiki xəstə sayı 15 min 500-ü keçib, gündəlik yoluxma 2 min 500-ə yaxınlaşıb. 2021-ci il avqustun 11-dək ölkədə ümumən 357 min 58 yoluxma faktı qeydə alınıb, indiyə qədər ümumi ölüm halları 5 min 95 olub. Yayılmanın artmasının digər bir səbəbi isə son vaxtlar virusun mutasiyaya uğraması ilə Hindistan, Cənubi Afrika, Böyük Britaniya, Avstraliya və s. kimi qorxulu ştamların yaranmasıdır. Həmin ştamların bəzilərinin Azərbaycana daxil olması faktları var ki, bu isə yoluxmanın tempini bir qədər də artırır.

Dünya üzrə pandemik vəziyyəti daha yaxşı təsəvvür etmək üçün daha güclü ölkələr üzrə statistikaya nəzər salsaq görərik ki, koronavirusa yoluxanların və bu pandemiya qurbanlarının 80 faizdən çoxu 27 ölkənin payına düşür. Nə qədər qəribə də olsa, həmin sırada iqtisadi və elmi-texnoloji cəhətdən kifayət qədər inkişaf etmiş, güclü və yaxşı təşkil olunmuş səhiyyəyə, xüsusən farmakologiyaya malik ölkələr çoxdur. Bütün bunlar pandemiyanın dünyanı hələ uzun müddət narahat edəcəyini, ona qarşı mübarizədə hər şeyə rəğmən ayıq-sayıq olmağın vacibliyini bir daha sübut edir.

Heç kimə sirr deyil ki, koronavirusa qarşı əsas mübarizə tədbiri effektiv vaksinlərin yaradılmasıdır. Bu gün dünyada istifadəsinə icazə verilmiş və geniş tətbiq olunan çoxsaylı vaksinlər mövcuddur. Dünyanın aparıcı ölkələri (ABŞ, İsrail, Rusiya, Çin, əksər Avropa ölkələri və s.) vaksinasiya prosesində liderdirlər. Yeni vaksinlərin yaradılması işi də bütün gücü ilə davam edir. Virusların əksəriyyəti biotexnoloji üsullarla, digərləri isə klassik üsulla hazırlanır. Bu gün əsasən inaktiv (Sinovac), mRNA tipli (Pfizer-BioNTech, Moderna), DNT tipli (AstraZeneca, Sputnik) peyvəndlərdən istifadə edilir. Fərəhləndirici haldır ki, yeni texnologiya əsasında alınmış və ÜST-nin sınaq məqsədilə qəbul etdiyi protein əsaslı daha bir vaksin azərbaycanlı alim, Türkiyənin Akdeniz Universitetinin professoru, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun beynəlxalq laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov və onun rəhbərlik etdiyi tədqiqatçılar qrupu tərəfindən hazırlanıb. Bu peyvənd klinik sınaqlardan keçərsə, istehsalı mümkün olacaq. Tərlan Məmmədov və onun qrupu, həmçinin COVID-19-a qarşı dərman əldə edib ki, onun yüksək təsiretmə qabiliyyətli olacağına böyük ümid bəslənilir.

Əminliklə demək olar ki, bu gün dünyada olduğu kimi, Azərbaycanda da mövcud durumdan çıxmaq üçün ən səmərəli vasitə əhalinin əksəriyyətinin vaksinasiya prosesinə cəlb edilməsidir. Lazımi miqdarda müxtəlif vaksinlərin alınaraq ölkəyə gətirilməsi istiqamətində dövlət tərəfindən bütün addımlar atılıb. Lakin əhalinin müəyyən hissəsinin peyvəndlənməyə inamsız və ya laqeyd yanaşması ciddi problemlər doğurur. Ona görə də iqtisadiyyatın müəyyən sektorlarında fəaliyyət göstərən insanların vaksinasiyaya məcbur edilməsinə ehtiyac yaranıb. Qeyd edilən məsələlərlə bağlı insanların düzgün yönləndirilməsi, müvafiq maarifləndirmə işinin aparılmasında ziyalıların, mütəxəssislərin üzərinə bir sıra mühüm vəzifələr düşür. Bu məqsədlə qəzet və jurnalların, televiziya və radio kanallarının, sosial şəbəkələrin, digər ictimai dialoq vasitələrinin imkanlarından geniş istifadə etmək vacibdir.

“Təəssüf ki, bu gün sosial şəbəkələrdə və ictimaiyyət arasında koronavirus, yoluxmada baş verən tərəddüdlər, peyvəndlər və peyvəndlənmə haqqında yanlış məlumatlar həddindən artıq çox və sürətlə yayılır. Hər deyilən sözə, ilk baxışdan nə qədər məntiqli görünsə də, inanmaq doğru deyil. G5 texnologiyasından, viruslar və bu kimi digər xəstəliktörədicilərdən, koronavirusların quruluşundan, yoluxma mexanizmlərindən, vaksinlərin iş prinsipindən heç bir anlayışı olmayan diletantlar, saxta həkim və alimlər olduqca məsuliyyətsiz çıxışlar etməklə xalqı təhlükəli labirintə saldıqlarının fərqinə belə varmır və ya qəsdən insanları çaşqınlığa salırlar. Ən dəhşətlisi də bundadır ki, bu cür şəxslər danışdıqca və cılız ideyalarına həmfikir tapdıqca özləri də öz yalanlarına inanmağa başlayırlar. Ona görə də koronaviruslar, vaksinlər və peyvəndlənmə haqqında məlumatları UNICEF və ÜST kimi etibarlı mənbələrdən almaq daha düzgündür. Təbii ki, vaksinlərin də əks göstərişləri ola bilər. Ona görə də vaksinin tərkibindəki hər hansı komponentə qarşı kəskin allergiyası olan və hazırda COVID-19 xəstəliyinin əlamətlərini, simptomlarını keçirən insanlara koronavirusa qarşı vaksin vurularkən ehtiyatlı olmaq lazımdır. Bu hallarda müvafiq xəstəliklərin müalicəsi ön plana çıxmalıdır, sağaldıqdan sonra yenidən vaksin haqqında düşünmək olar. Elmi dairələrdə hamilə qadınlara, uşaqlara və immunitet sistemi zəif olanlara da vaksin vurulması ilə bağlı ehtiyatlı fikirlər səsləndirilməkdədir. Vaksin vurdurduqdan sonrakı bir neçə gün ərzində az bir qrup insanda yüngül və daha az hallarda orta səviyyəli yan təsirlərin əmələ gəlməsi də normaldır və keçib getməlidir. Bu gün ÜST-nin “süzgəcindən” keçmiş və dünya üzrə istifadə olunan vaksinlər COVID-19 xəstəliyindən yüksək faizlə qorunmaq imkanı verir. Lakin təbiidir ki, hər bir insan orqanizminin özünəməxsusluğu antitellərin yaranmasında da özünü büruzə verir. Əgər vaksin vurulduqdan sonra da orqanizmdə kifayət qədər antitel yaranmayıbsa və fərd özünü qorumursa, yoluxma və ya təkrar yoluxma təhlükəsi gözləniləndir. O da ola bilər ki, peyvəndlənmiş insan yoluxur, ancaq xəstəliyi yüngül, simptomsuz keçirir və deməli, özü də bilmədən virusun daşıyıcısına və yayıcısına çevrilə bilir. Ona görə də vaksin vurdurub-vurdurmamasından asılı olmayaraq, hər bir kəs insanların çox olduğu yerlərdən uzaq durmaq, sosial məsafə saxlamaq, əlləri tez-tez və sabunla yumaq, maska taxmaq, çalışdığı və yaşadığı otaqları müntəzəm havalandırmaq kimi tədbirlərdən əsla imtina etməməlidir. Azərbaycanda mövcud durumda yenidən qapanmalara, karantin qaydalarının sərtləşdirilməsinə gedilməməsi əhalinin sosial məsuliyyətindən və bəzi məmurların öz vəzifələrinə vicdanla yanaşmasından xeyli dərəcədə asılıdır. Biz vaksinləşmədən uzaq qaçmaqla, müxtəlif xarakterli məclislərdə tez-tez və sıx şəkildə bir yerə toplaşmaqla, adi gigiyena qaydalarına və maska taxılmasına etinasız yanaşmaqla pandemiyaya qısa müddətdə zəfər çalma ehtimalımızı aşağı salır, Qarabağın dirçəldilməsi və milli təhlükəsizliyin təmin olunmasına yönəldilməli olan resursların pandemiya və onun nəticələri ilə mübarizəyə sərf edilməsinə səbəb oluruq. Çox istərdim ki, bu fakt insanlarımız tərəfindən ciddi dərk edilsin, vətənsevərliyimizi, vətəndaş mövqeyimizi bir də pandemiyaya qarşı mübarizədə göstərək”, - deyə akademik İradə Hüseynova fikrini yekunlaşdırıb.

“AzərTac”

science.gov.az