sa sa 1049
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları “3-cü Uluslararası TURAZ AKADEMİ Ədliyyə Elmləri, Məhkəmə Tibbi və Patoloji Konqresi”-də iştirak ediblər + Foto Sen 15, 2021 | 09:17 / Konfranslar, iclaslar

08-12 sentyabr 2021-ci il tarixlərində Bakı şəhərində Türkiyə-Azərbaycan birliyinin daha bir bariz nümunəsi olan TURAZ AKADEM-nin “Şiddət və Mediya” mövzusuna həsr olunmuş “3-cü Uluslararası TURAZ AKADEMİ Ədliyyə Elmləri, Məhkəmə Tibbi və Patoloji Konqresi”  keçirilmişdir. Konqresdə əsasən ailədaxili şiddət, qadın və uşaqlara qarşı kobud təpkilər və istismar halları, bu cür hallar haqqında cəmiyyətin bilgiləndirilməsində xüsusi gücə malik vasitə olan mediya orqanlarının rolu, fəaliyyət özəllikləri, onların cəmiyyət və qanun qarşısında məsuliyyətləri müzakirə olunmuş, şiddət nəticəsində xəsarət alanlar, şikəst olmuşlar və həyatıni itirənlərin patoloji-anatomik, antropoloji, meyitin yarılması praktikası, toksikoloji, psixiatrik və s. aspektlərdə məhkəmə-tibbi ekspertizasının aparılması, yanlışlıqla həyata keçirilən ekspertizalar (malpraktika), yanlış tərtib və təqdim edilən ekspertiza rəyləri, onların məsuliyyətləri və digər problemlərin həlli yolları fəallıqla araşdırılmışdır. Sözügedən məslələrin uğurla həyata keçirilməsi üçün konqres məruzəçiləri tərəfindən dünya praktikasına da müraciət olunaraq uyğun məsləhətlər və təkliflər verilmişdir. Konqresin işində Azərbaycan və Türkiyədən başqa Orta Asiya Respublikaları, Rusiya, Ukrayna, Xorvatiya və s. ölkələrdən olan alim və mütəxəssislər də yaxından iştirak etmişlər. Konqresin keçirilməsində Türkiyə və Azərbaycanın Məhkəmə Tibbi Ekspertiza qurumlarından başqa bu ölkələrin mediya, televiziya və radio qurumları, TürkTelekom, Halk Bankası, Türk Hava Yolları, Azərbaycan Tibb, İnönü, İstanbul, İstanbul Mədəniyyət, Çukuroba, Malatya, Tokat Gazıosmanpaşa  və Amasya Universitetləri, Türk Akademik Kitab Evi və s. kimi elmi-tədris və praktik qurumlar təşkilatçı və sponsor qismində iştirak etmişlər.

 Konqresin işində AMEA Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun Genomun quruluşu və ekspressiyası laboratoriyasının müdiri b.ü.f.d., dosent Ələmdar Məmmədov, Populyasiya genomiksi laboratoriyasının müdiri b.ü.f.d., dosent Nurməmməd Mustafayev yaxından iştirak etmişlər. N.Mustafayev “Azərbaycan populyasiyasının Y-xromosomun haplotip və haploqrup tərkibinin Y-STR markerlərlə ilkin tədqiqi” mövzusunda çıxış etmişdir. Məruzə konqres iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.