sa sa 1195
Akademik İradə Hüseynova: “AMEA Qarabağa elmin böyük qayıdışında, bərpa proseslərində fəal iştirak edir” Noy 08, 2021 | 15:35 / Mühüm hadisələr

AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova Zəfər Gününə və şəhidlərimizin əziz xatirəsinə həsr edilən II beynəlxalq Qarabağ – Tətbiqi Elmlər Konqresinin açılış mərasimində çıxış edib.

Akademik İ.Hüseynova Azərbaycan dövlətinin və xalqının əbədi qəhrəmanlıq salnaməsinə qızıl  hərflərlə yazılmış 44 günlük müharibə və onun məntiqi yekunu olan Zəfər Gününün müstəqil dövlətçiliyimizin, ərazi bütövlüyümüzün, milli mənliyimizin xilası olduğunu bildirib, qazanılmış qələbənin tarixi əhəmiyyətindən bəhs edib.

AMEA-nın vitse-prezidenti qeyd edib ki, ulu öndər Heydər Əliyevin siyasi, iqtisadi və hərbi siyasətini uğurla davam və inkişaf etdirən Azərbaycan dövlətinin başçısı, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, millətin vahid amal uğrunda dəmir yumruq kimi birləşməsi dənizdən-dənizə Ermənistan ideyasını yerlə yeksan etdi, Ermənistan adlı vassal qurumun müstəqil dövlət şəkildə mövcudluğunu belə sual altına saldı.

Akademikin sözlərinə görə, qələbənin ən vacib təməl daşlarından biri Azərbaycan xalqının dövlətimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə Ali Baş Komandanla yanaşı dayanması, lider-xalq birliyinin sarsılmazlığı olmuşdur. Müstəqillik illərində vətənpərvərlik ruhunda tərbiyə alaraq böyümüş Azərbaycan gəncləri, qanları ilə bayrağımıza al rəng vermiş şəhid və qazilərimiz, arxa cəbhədə çalışan fədakar insanlarımız ölkə Prezidenti İlham Əliyevin bir çağırışı ilə ayağa qalxmış, əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.

Vitse-prezident əlavə edib ki, böyük qələbənin qazanılmasının daha bir mühüm amili Türkiyə - Azərbaycan qardaşlığı, Türkiyə dövləti və xalqının Azərbaycanın haqq işinə mənəvi dəstəyi olmuşdur. Müharibənin ilk günündən Türkiyə Respublikası Prezidentinin bütün dünyaya mesajları, açıq, birmənalı və sərt açıqlamaları Azərbaycana əlavə güc vermiş, birliyimizin, qardaşlığımızın əbədiliyinin daha bir təzahürü olmuşdur: “15 iyun 2021-ci il tarixində türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində Azərbaycan Republikasının Prezidenti İlham Əliyev və Türkiyə Republikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasındakı müttəfiqlik münasibətlərini yeni səviyyəyə qaldırmışdır”.

Akademik vurğulayıb ki, 30 ilə yaxın bir müddətdə işğal altında qalmış Qarabağda ermənilər tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə, ümumbəşəri dəyərlərə zidd olaraq biomüxtəliflik, yeraltı və yerüstü sərvətlər talan edilmiş, meşə, otlaq, torpaq və su ehtiyatlarından düşməncəsinə istifadə olunmuşdur. Qiymətli ağacların üstünlük təşkil etdiyi meşələr, o cümlədən Avropada yeganə olan unikal çinar meşəsi, yüz və min illərə şahidlik etmiş çox qədim çinar ağacları ermənilər tərəfindən kəsilərək məhv edilmişdir. Azərbaycanın “Qırmızı kitab”ına düşmüş onlarla bitki və heyvan növləri tamamilə itmək təhlükəsinə məruz qalmışdır.

İşğal dövründə bu ərazilərdə hər hansı tədqiqat işi aparmağın mümkün olmadığını qeyd edən İ.Hüseynova müharibənin gedişində və qələbədən dərhal sonra Azərbaycan alimlərinin Böyük Qayıdış və Böyük Dirçəlişə öz töhfələrini verməyə hazır olduqlarını bəyan etdiklərini bildirib, hazırda Qarabağa elmin böyük qayıdışında, bərpa proseslərində elmi kollektivlərimizin fəal iştirak etdiklərini deyib.

“Bu gün Qarabağın yeraltı və yerüstü, canlı və cansız, təbii və mədəni sərvətləri, mövcud bioloji və ekoloji durumu, gələcək inkişaf perspektivləri ciddi multidissiplinar tədqiqatların mövzusuna çevrilmişdir”, - deyə vurğulayan alim bu istiqamətdə görülən işlər haqqında məlumat verib. Bildirib ki, AMEA-da “Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılacaq elmi-tədqiqat işləri, elmtutumlu bərpa və quruculuq layihələri üzrə AMEA-nın Fəaliyyət Proqramı” və “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi-tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında Tədbirlər Planı” yerinə yetirilməkdədir.

Vitse-prezident akademiyanın müvafiq institutları və alimlərinin Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji, Energetika, Şəhərsalma  məsələləri üzrə İşçi Qruplarının işində, müvafiq fəaliyyət proqramının icrasında, region üzrə bioloji və redioekoloji monitorinqlərin aparılmasında, Ermənistanın Qarabağda törətdiyi ekoloji terrorun miqyasının qiymətləndirilməsində fəal şəkildə iştirak etdiklərini nəzərə çatdırıb.

Akademikin sözlərinə görə, AMEA-da 20-21 may 2021-ci il tarixlərində “Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: keçmişi, bugünü və gələcəyi” mövzusunda keçirilmiş konqres bu sahədə çalışan alim və mütəxəsissləri vahid virtual məkanda toplamaqla müvafiq fəaliyyətlərlə bağlı yol xəritəsinin müəyyənləşdirilməsi baxımından önəmli hadisə olmuşdur. Məruzəçi AMEA-nın “Həyat elmləri və biotibb” jurnalının bu günlərdə ingilis dilində çapdan çıxacaq xüsusi nömrəsinin Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatlarının tədqiqinə həsr edildiyini qeyd edib.

Alim oktyabrın 22-də Tərtər rayonunun Şıxarx qəsəbəsində Zəfər Gününə həsr olunmuş “AMEA Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasının infrastrukturunun bərpası, bölgə üçün yaradılmış buğda və arpa sortlarının toxumçuluğunun təşkili məsələləri” adlı tarla seminarı və seminardan sonra Bazanın işğaldan azad edilmiş və minalardan təmizlənmiş ərazilərində əkin işlərinin aparılmasının da regionda aqrar tədqiqatların bərpası istiqamətində atılmış ciddi addım olduğunu deyib. Əlavə edib ki, alimlərimiz tərəfindən regionun su ehtiyatlarının radioekoloji və mikrobioloji tədqiqi üzrə də xeyli iş görülmüşdür: “Əminəm ki, planlaşdırılan bütün işlər tam şəkildə həyata keçiriləcək, Azərbaycan və onun ayrılmaz hissəsi olan Qarabağ durmadan inkişaf edəcək, yeni dövr tariximizin hər günü Zəfər Günü olacaq”.

Sonda akademik İ.Hüseynova tətbiqi elmlər sahəsində multidissiplinar tədqiqatların inkişafına töhfələr vermək, onlardan alınmış mühüm nəticələri bölüşmək və fikir mübadiləsi aparmaq, eyni zamanda tədqiqatların keyfiyyətinin artırılması məqsədi ilə beynəlxalq elmi platforma yaratmağı hədəfləyən 2-ci beynəlxalq Qarabağ – Tətbiqi Elmlər Konqresində mühüm elmi nailiyyətlərin nümayişinə şahidlik ediləcəyinə inamını ifadə edib, bu möhtəşəm tədbir münasibətilə hamınızı təbrik edib və konfransın işinə uğurlar arzulayıb.

science.gov.az