sa sa 1005
Akademik Arif Həşimov: “AMEA Qarabağın bərpası prosesində üzərinə düşən öhdəlikləri tam məsuliyyətlə yerinə yetirməyə hazırdır” Noy 08, 2021 | 15:00 / Mühüm hadisələr

Bu fikirləri AMEA-nın birinci vitse-prezidenti vəzifəsini icra edən, AMEA-nın akademik-katibi, akademik Arif Həşimov AMEA-da keçirilən Zəfər Gününə və şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş II beynəlxalq Qarabağ – Tətbiqi Elmlər Konqresində açılış nitqində səsləndirib.

Akademik A.Həşimov 2020-ci il noyabr ayının 8-də Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, ölkə Prezidenti İlham Əliyevin əzmkarlığı, qətiyyəti, Azərbaycan ordusunun misilsiz şücaəti hesabına qazanılan tarixi Qələbə sayəsində 30 ilə yaxın erməni tapdağı altında qalan Qarabağın öz həqiqi sahibinə qaytarıldığını bildirib. O, bu tarixi gündə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş, xalqımızın qürur yeri, fəxarət qaynağı olan şəhidlərimizin əziz xatirəsini dərin hörmətlə anıb, yaralılara, qazilərimizə şəfa və uzun ömür diləyib.

“Qarabağ torpaqlarının işğaldan azad edilməsi və 10 noyabr 2020-ci ildə üçtərəfli Bəyənnamənin imzalanması ilə bütövlükdə Cənubi Qafqaz, Orta və Yaxın Şərq regionunda davamlı sülh və əməkdaşlığın, inkişaf və tərəqqinin təmin edilməsinə, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin, o cümlədən tarixi İpək yolunun intensiv fəaliyyətinə yeni imkanlar açan prinsipial situasiya yaranmışdır”, - deyə vurğulayan A.Həşimov Azərbaycanın bu vəziyyətin mərkəz nöqtəsinə, aparıcı qüvvələrindən birinə çevrildiyini diqqətə çatıdırıb.

Akademik əlavə edib ki, Vətən müharibəsindəki tarixi Zəfərin ardınca dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Qarabağda genişmiqyaslı bərpa işlərinə, böyük quruculuq fəaliyyətlərinə başlanılmışdır. Alimin sözlərinə görə, Azərbaycan Prezidentinin nəzarəti altında həyata keçirilən bu işlər artıq öz bəhrəsini verməkdə, ardıcıl planlaşdırılan və gerçəkləşdirilən infrastruktur, ağıllı kənd və şəhər layihələri regionun simasını sürətlə dəyişdirməkdə, Qarabağ bölgəsi gülüstana çevirməkdədir: “Regionun iqtisadi inkişafında, bütün türk dünyasının yerüstü kommunikasiyalar vasitəsi ilə əlaqələndirilməsində mühüm rol oynayacaq Zəngəzur dəhlizinin açılması və fəaliyyəti üçün müvafiq addımlar atılmaqdadır”.

O, torpaqların erməni işğalından azad edilməsi sayəsində 30 ildən sonra regiona elmin də böyük qayıdışının başlandığını bildirib. Qeyd edib ki, AMEA ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi işinə öz töhfəsini verdiyi kimi, Qarabağın bərpasında da üzərinə düşən öhdəlikləri tam məsuliyyətlə yerinə yetirməyə hazırdır və bunun üçün böyük potensiala malikdir.

A.Həşimovun sözlərinə görə, ölkəmizdə elmin əlaqələndiricisi olan AMEA-da bu istiqamətdə görülən işlərə dəstək vermək məqsədilə “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi-tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında Fəaliyyət proqramı və Tədbirlər planı haqqında” qərar qəbul edilmişdir.

Akademik A.Həşimov çıxışında Azərbaycanda, o cümlədən AMEA-da elmi fəaliyyətin səmərəliliyinin artırılmasına imkan verən islahatlar aparıldığını, müxtəlif elm sahələrinin, xüsusilə tətbiqi elmlərin, innovativ tədqiqatların inkişafı istiqamətində mühüm işlər görüldüyünü qeyd edib, akademiyada idarəçilik sisteminin və elmin təşkili işinin təkmilləşdirilməsi, müasir dövrün çağırışlarına uyğun qurulması prosesinin fasiləsiz şəkildə davam etdirildiyini vurğulayıb.

science.gov.az