sa sa 1024
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun 2021-ci ildəki fəaliyyəti uğurlu olub Yan 28, 2022 | 17:07 / Nəşrlər

2016-cı ildə yaradılmış və bu il 5 yaşını qeyd edən AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu 2021-ci ildə uğurlu elmi və elmi-təşkilati fəaliyyətlərini davam etdirmişdir. Böyük alim və ictimai-siyasi xadim akademik Cəlal Əliyevin yaratdığı bu institut mühüm tədqiqat nəticələri və elmi kadr hazırlığında əldə edilmiş nailiyyətlərlə cari ildə irəliyə doğru daha bir addım atmışdır. İnstitutun elmi-tədqiqat işlərinin əhatəli planları müasir dövrün çağırışlarına, biologiya elminin prioritet istiqamətlərinə uyğun tərtib olunmaqla Azərbaycan Respublikasının dövlət proqramları və strategiyalarının, digər dövlət tapşırıqlarının, AMEA-nın Ümumi yığıncağının, AMEA Rəyasət Heyətinin qərarlarının icrasına yönəldilmişdir. “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün İnkişaf proqramı”, AMEA-nın Ümumi yığıncağının 27 may 2021-cı il, AMEA Rəyasət Heyətinin 12 yanvar, 13 yanvar və 10 iyun 2021-ci il tarixli qərarlarının yerinə yetirilməsində institut xüsusən fəal iştirak etmişdir.

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi-tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında Tədbirlər Planı” çərçivəsində institutun üzərinə düşən vəzifələrin icrası daim diqqət mərkəzində saxlanılmışdır. İnstitutda yeni yaradılmış Populyasiya genomiksi laboratoriyasında Qarabağ və ətraf ərazilər üzrə gələcəkdə molekulyar səviyyədə tədqiq olunması nəzərdə tutulan müxtəlif dövrlərə aid antropoloji materiallar toplanmışdır.

Koronavirus pandemiyası ilə mübarizə və onun fəsadlarının aradan qaldırılması sahəsində fəaliyyətlər 2021-ci ildə də ön planda saxlanılmışdır. İnstitut əməkdaşları mütəmadi olaraq kütləvi informasiya vasitələrində maarifləndirici çıxışlar etmiş, əhalini maraqlandıran problemlərə aydınlıq gətirmişlər. İnstitutun iki beynəlxalq laboratoriyasında (Molekulyar biotexnologiya beynəlxalq laboratoriyası – rəhbəri: ABŞ-ın İndiana Universitetinin proqram rəhbəri professor Vidadi Yusibov, Molekulyar biomühəndislik beynəlxalq laboratoriyası – rəhbəri: Türkiyənin Biotexnologiya İnstitutunun Peyvənd Elmi Komitəsinin üzvü, Türkiyənin Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov) koronavirusla bağlı müəyyən tədqiqatlar aparılmışdır. Tərlan Məmmədov və onun rəhbərlik etdiyi tədqiqatçılar qrupu tərəfindən yeni texnologiya əsasında alınmış və ÜST-ün sınaq məqsədilə qəbul etdiyi protein əsaslı vaksin hazırlanmış və Ümumdünya Səhiyyə Təşkilatının sınaq mərhələsində olan peyvənd namizədlər siyahısına daxil edilmişdir. Bu peyvənd klinik sınaqlardan keçərsə, istehsalı mümkün olacaqdır. Tərlan Məmmədov və onun komandası həmçinin COVID-19-a qarşı dərman da əldə etmişlər ki, həmin dərmanın yüksək təsiretmə qabiliyyətli olacağına böyük ümidlər vardır. İnstitutun əməkdaşları tərəfindən “Azərbaycanda COVID-19-a yoluxmuş xəstələrdə angiotenzinçevirən fermentin (ACE) geninin polimorfizminin və onun arterial hipertenziya ilə assosiasiyasının tədqiqi” mövzusunda layihə AR Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi Gənc alim və tədqiqatçıların 5-ci qrant müsabiqəsində qalib olmuşdur.

2021-ci ildə institutun 6 şöbə və 14 laboratoriyasında (o cümlədən 5 beynəlxalq laboratoriya) elmi tədqiqatlar 3 istiqamət və 3 problem ətrafında 6 mövzu üzrə 120 əməkdaş, o cümlədən 72 elmi işçi, AMEA-nın 1 həqiqi, 4 müxbir üzvü, 11 nəfər elmlər doktoru və professor, 21 fəlsəfə doktoru tərəfindən davam etdirilmiş, 4 mühüm nəticə əldə olunmuşdur. Həmin nəticələrin əks olunduğu məqalələr nüfuzlu “Web of Science” və “Scopus” beynəlxalq bazalarında indeksləşən yüksək impakt faktorlu jurnallarda dərc olunmuşdur.

İnstitutda mütəmadi olaraq müasir dünyanın çağırışları, eləcə də dünya elmində müşahidə edilən yeni tendensiyaların təhlili aparılmış, dünya üçün prioritet sayılan kompüter biologiyası, süni intellekt, maşınöyrənmə üsullarının tətbiqinə yönəlmiş kompleks tədqiqatlar daha da gücləndirilmişdir.

Populyasiya genomiksi laboratoriyasında Azərbaycan populyasiyasının və geniş yayılmış bəzi xəstəliklərin molekulyar-genetik tədqiqi, biobankların və məlumat bazalarının yaradılması istiqamətində tədqiqatlara başlanılmışdır. 225 aborigen azərbaycanlıdan ayrılan DNT nümunələri Y-xromosomda yerləşən STR markerlərlə tədqiq olunaraq haplotip və haploqrup tərkibləri müəyyən edilmiş, hər bir STR lokus üçün populyasiya-genetik parametrləri və Y-STR lokusların məcmusu üzrə kombinə olunmuş parametrlər hesablanmışdır. Aşkarlanan haplotip tərkiblər digər mümkün dünya populyasiyaları ilə müqayisə olunmuş, validasiya edilərək Y-xromosom STR Haplotip Referens Məlumat Bazasına yerləşdirilmişdir. Populyasiya tədqiqatları ilə göstərilmişdir ki, TCF7L2 geninin rs7903146 polimorfizminin T allelini və TT genotipini daşıyan şəxslərdə 2-ci tip şəkərli diabetin (2TD) inkişaf riski daha yüksəkdir. Göstərilmişdir ki, rs7903146(C/T) SNP mutasiyası Azərbaycan populyasiyasında 2TD-nin baş verməsini proqnozlaşdırmaqda marker kimi terapevtik məqsədlər üçün istifadə edilə bilər.

İnstitutda fosfoproteom yanaşmadan istifadə etməklə düyü bitkisində xlorofil flüoresensiyasının enerjidən asılı sönməsində (qE) tilakoid zülallarının fosforlaşmasının rolu aydınlaşdırılmış, PsbS, FSII və İTKII zülalları və onların fosforlaşmış formaları arasında işıqdan asılı qarşılıqlı təsirlər aşkar edilmişdir. Bitkilərin məhsuldarlığının göstəricisi kimi təklif edilən qE relaksasiyasının yabanı düyü bitkisində 10 dəqiqəlik işıq təsirindən sonra zəifləməsi İTKII trimerlərində Lhcb1 və Lhcb2 zülallarının fosforlaşması ilə əlaqələndirilmişdir. Düyü bitkisinin PsbS-KO mutantında FSII nüvəsinin və Lhcb1/Lhcb2 zülallarının gücləndirilmiş fosforlaşmasının oksigenin aktiv formalarının daha çox əmələ gəlməsi ilə bağlı ola biləcəyi qənaətinə gəlinmişdir.

Preparativ üsullarla ispanaq bitkisinin tilakoid membranlarından FSII reaksiya mərkəzləri ilə zəngin membran fraqmentləri izolə olunmuş və preparatların funksionallıq xassələri xarakterizə edilmişdir. Həm nativ, həm də Mn-klasteri kənarlaşdırılmış FSII-də pH 2.6-8.0 diapazonunda DE amplitudunun dəyişmələrinə əsasən D1-Tyr161 və D1-His190 proton daşınma yolunun modifikasiya olunduğu göstərilmişdir.

Müxtəlif buğda sortlarının çarpazlaşdırılması yolu ilə alınmış hibridlərin fotosintez və məhsuldarlıq göstəricilərinə görə normal və şoranlıq şəraitində qiymətləndirilməsi ilə duza tolerant hibridlər müəyyənləşdirilmişdir.

Duz stresi şəraitində qarğıdalı bitkisinin mezofil (MH) və örtüktopa (ÖTH) xloroplastlarının tilakoid membranlarının polipeptid tərkibinin tədqiqi nəticəsində müəyyən olunmuşdur ki, duzun yüksək qatılığının təsirindən MH xloroplastlarının tilakoid membranında FS I-in nüvəsinə aid 68 kDa apozülal və ATF-sintaza kompleksinin CF1 domeninin tərkibinə daxil olan α- və β- subvahidləri dağılmış, ÖTH xloroplastlarında ciddi dəyişikliklər müşahidə edilməmişdir.

İlkin karbon metabolizmi reaksiyalarının induksiyasında iştirak edən aspartataminotransferaza və alaninaminotransferaza fermentlərinin fəallıqlarının vaxtdan asılı olaraq dəyişmə dinamikasının tədqiqi nəticəsində belə qənaətə gəlinmişdir ki, aminotransferaza fermentlərinin su stresinə davamlı buğda genotiplərinin sunbül elementlərində yüksək fəallığı dənin yüksək məhsuldarlığını təmin edir. Noxud (Cicer arietinum L.) bitkisinin yarpaqlarında ontogenezin ilkin dövrlərində oksaloasetatdekarboksilaza fermentinin fəallığının təyini üçün optimal reaksiya mühiti işlənilib hazırlanmışdır.

Yeni sintez olunmuş komplekslərin bitkilərin tilakoid membranlarında fotosintetik fəallığa və karboanhidraza fermentinin fəallığına təsiri öyrənilmişdir. Müəyyən olunmuşdur ki, Cu(II) komplekslərinin quruluşu onun inhibitor təsirində mühüm rol oynayır.

Buğda bitkisində TaНКТ1;5 transporter geninin ekspressiya səviyyəsi öyrənilmiş, buğda genotiplərinin ion statusu və duza davamlılığı ilə TaHKT1;5 geninin kök toxuması spesifik ekspressiya səviyyəsi arasında əlaqə aşkar edilmişdir.

İstilik stresinin təsirinə məruz qalmış yumşaq buğda yarpaqlarında askorbatperoksidaza (APO) və qlütationperoksidaza (QPO) genlərinin və Dreb transkripsiya faktoru geninin ekspressiya analizi aparılmışdır. Qısamüddətli istilik stresinin təsirindən APO və QPO genlərinin ekspressiyasının zəif, Dreb transkripsiya faktorunun geninin ekspressiyasının isə güclü artımı müşahidə olunmuşdur. Dreb geninin transkriptləri davamlı Murov-2 və Zirvə-85 genotiplərində daha çox toplanmışdır.

Azərbaycanda bitkilərdə yayılan virus, fitoplazma və göbələk xəstəliklərinin epidemiologiyası, molekulyar-genetik xarakteristikası, patogenlərə qarşı davamlılıq mexamizmlərinin tədqiqi istiqamətində mühüm işlər görülmüşdür.

Ölkəmizdə geniş yayılmış tərəvəz növləri arasında Cucurbitaceae fəsiləsi bitkilərinin ümumi istehsal miqdarı tomatdan sonra ikinci yerdədir. Zəngin iqlim müxtəlifliyi sayəsində Cucurbitaceae fəsiləsinə aid bir çox bitki növləri ölkəmizdə yetişdirilir. Azərbaycanda bu fəsilənin məhsul istehsalı 2019-cu ildə 47% təşkil edirdisə, 2020-ci ildə bu göstərici 34%-ə enmişdir. Məhsul istehsalının aşağı düşməsinə səbəb zərərvericilər və müxtəlif xəstəliklər olmuşdur. Cucurbitaceae fəsiləsinin məhsul istehsalında itkinin baş verməsinə səbəb olan əsas amillərdən biri virus xəstəlikləridir. Cucurbitaceae fəsiləsini yoluxduran əksər viruslar Potiviruslar ailəsinə aiddir və bitki viruslarının ən geniş yayılmış qrupunu təşkil edir. Bu virus ailəsinə 200-dən artıq tam öyrənilmiş və hələ tam öyrənilməmiş bitki virusları daxildir.

Cari ildə Azərbaycanın müxtəlif bölgələrindən toplanmış Cucurbitaceae fəsiləsinə aid 46 bitki nümunəsində potivirusları deteksiya etmək məqsədilə immunoferment analizi aparılmış, nəticədə 22 nümunədə ZYMV (48,2%), 5-də WLMV (10,8%), 4-də WMV (8,7%), 4-də CVBV (8,7%), 1 nümunədə qarışıq virus infeksiyası ZYMV+CABMV (2,2%) və 1 nümunədə ZYMV+WMV (2,2%) aşkar edilmişdir.

Candidatus Phytoplasma solani” (“Ca. P. solani”) təhlükəli fitoplazma növü olub, əsasən Avropa və Aralıq dənizi hövzəsi ərazisində kənd təsərrüfatı bitkilərində, xüsusilə də üzüm bitkisində təhlükəli Bois Noir, gilas, gavalı kimi çəyirdəkli bitkilərdə və tərəvəz bitkilərində stolbur xəstəliklərini törədir. Bu fitopatogenlər olduqca təhlükəlidir və iqtisadi cəhətdən əhəmiyyətli olan meyvə və tərəvəz bitkilərinin məhsuldarlığını ciddi surətdə zəiflədərək, sonda bu bitkilərin məhvinə gətirib çıxarır. Fitoplazmalarla yoluxmuş bitkilərdən əldə edilən məhsulların əmtəə dəyəri çox aşağı olur, bir sıra hallarda isə yoluxmuş bitkilər ümumiyyətlə məhsul vermir. Fitoplazmalar tərəfindən törədilən xəstəliklərə nəzarət bu patogenlərin ilkin diaqnostikasını, taksonomik səciyyələndirilməsini, bitki sahibinin spektrinin və həşərat vektorlarının identifikasiyasını tələb edir. 2021-ci ildə Şamaxı, Quba, Xaçmaz, Şabran rayonlarından toplanmış bitki nümunələrindən ayrılmış DNT-dən 1250 n.c. ölçülü PZR məhsullar əldə edilmişdir ki, bu da onların fitoplazma ilə yoluxduğunu göstərir. Fitoplazmaların növ səviyyəsində identifikasiyası üçün aparılmış RFLP analizinin nəticələrinə əsasən, həmin bölgələrdən toplanmış tomat, bibər, gilas, gavalı və üzüm nümunələrinin ‘Candidatus Phytoplasma solani’ (16SrXII qrupu) fitoplazma növü ilə yoluxduğu aşkar edilmişdir. RFLP nəticəsində vmp1 geninin polifilogeniyasına əsasən, Azərbaycanda Ca. P. solani izolyatları arasında 5 fərqli genotip müəyyən edilmişdir.

Kənd təsərrüfatı bitkilərinin in vitro şəraitində becərilməsi üsulları üzrə tədqiqatlar aparılmış, bitki hüceyrələrinin biotexnologiyası sahəsində işləri asanlaşdıran və maya dəyərini azaltmağa imkan verən çoxkomponentli qida mühitləri işlənib hazırlanmışdır. Müxtəlif buğda genotipləri ilə aparılan tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, qradientli aqroponikada çoxkomponentli qida mühitlərinin işlənib hazırlanması daha perspektivli və iqtisadi cəhətdən səmərəlidir. Buğda hüceyrələrinin becərilməsi zamanı aqar mühitinin ikikomponentli qradientindən istifadə kallus proliferasiyasının başlanmasından 9 ay sonra induksiya edilmiş morfogenezi stimullaşdırmağa imkan verir.

Nicotiana benthamiana bitkisindən təmizlənmiş bakterial pullulanaza fermentinin xarakteristikası və stabilləşdirilmə analizləri aparılmışdır. N.benthamiana bitkisində sintez olunan rekombinant pullulanaza fermentinin pH və temperaturdan asılı olan optimal aktivliyi (pH 6.0 və 45oC) müəyyən edilmişdir. Göstərilmişdir ki, rekombinant pullulanaza fermenti 6 gün ərzində otaq temperaturunda (25°C) stabil olaraq qalır və çox az miqdarda deqradasiya edir.

İnsan, 4 məməli heyvan (Rezus meymunu, şimpanze, ev siçanı və adi siçovul) və 6 ali bitkidə (soya, qara yonca, qara qovaq, tomat, şərab üzümü və qarğıdalı) nüvə genomlarının mövcud annotasiyalarının T2Han kompüter proqramı vasitəsilə Quyruq-Baş yerləşən gen cütlərinin axtarışı həyata keçirilmişdir. Müəyyən edilmişdir ki, analiz olunan genomların hər birində Q-B gen cütlərinin ümumi sayı təxminən 9700-19900, yaxın qonşu, yaxud qismən kəsişən Q-B gen cütlərinin sayı təxminən 100-640 intervalında dəyişir. 2 orqanizmdə (qara yonca və qara qovaq) belə cütlərin sayının digər növlərlə müqayisədə bir neçə dəfə az olduğu müşahidə edilmişdir.

Multimodal atom yerdəyişmə parametrləri paylanmasının validasiyası modelində yanlış yerləşdirilmiş domenin ətrafında elektron sıxlığının zəif olması müşahidə olunmuşdur.

Alternativ və bərpa olunan enerji mənbələrinın axtarışı üzrə tədqiqatlar davam etdirilmişdir. Təsadüfi deyildir ki, institutun Bionanotexnologiya beynəlxalq laboratoriyasının rəhbəri, Rusiya Elmlər Akademiyasının Bitki Fiziologiyası İnstitutunun laboratoriya rəhbəri, Biologiyanın Fundamental Problemləri İnstitutunun baş elmi işçisi, Moskva Dövlət Universitetinin professoru biologiya elmləri doktoru Süleyman Allahverdiyev Qlobal Enerji Assosiasiyasının bəşəriyyətin maraqları naminə enerji mənbələri üzrə daha yüksək səmərəliliyi və ekoloji təhlükəsizliyi təmin və təşviq edən görkəmli elmi tədqiqat nəticələri və elmi-texniki işləmələrin müəlliflərinə verilən nüfuzlu “Qlobal enerji” mükafatına layiq görülmüşdür.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik ET İnstitutunun əməkdaşları ilə birlikdə yaradılan yeni yumşaq buğda sortlarının toxumları Dövlət Sort Sınağına, 1 ixtira patentləşdirilmək üçün Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinə təqdim olunmuşdur.

Prioritet istiqamətlər üzrə AMEA tərəfindən maliyyələşdirilən elmi-tədqiqat proqramı və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən maliyyələşdirilən 2 qrant layihəsi üzrə tədqiqatlar davam etdirilmişdir. Eyni zamanda institutun əməkdaşları AMEA və İtaliya Milli Tədqiqatlar Şurası, AMEA ilə İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında mövcud olan elmi və texnoloji əməkdaşliq proqramı çərçivəsində 2, COST proqramı üzrə isə 1 beynəlxalq layihənin iştirakçısıdırlar.

Elm və təhsil sisteminin effektiv və çoxşaxəli inteqrasiyası, yüksəkixtisaslı tədqiqatçı kadrların hazırlığı institutun fəaliyyət istiqamətləri arasında mühüm yerlərdən birini tutur. 2021-ci ildə universitetlərin müvafiq kafedraları ilə əlaqələr davam və inkişaf etdirilmişdir. İnstitutun alim və mütəxəssisləri Bakı Dövlət Universitetində ixtisas kurslarından mühazirələr oxumuş, orta məktəblər üçün biologiya fənni üzrə hazrlanmış dərsliklərin yoxlanılmasında və redaktəsində fəal iştirak etmişlər.

Hazırda institutda fəlsəfə doktoru hazırlığı üzrə 17, elmlər doktoru hazırlığı üzrə 6 doktorant təhsil alır. Fəlsəfə doktoru hazırlığı üzrə 16, elmlər doktoru hazırlığı üzrə 6 dissertant öz tədqiqatlarını davam etdirir. 2021-ci ildə institutun nəzdində fəaliyyət göstərən ED 1.25 Dissertasiya şurasında 2 nəfər dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmiş, 1 nəfərin dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir. Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının böyük elmi işçisi Rəfiqə Məsməliyeva tərəfindən Azərbaycanda ilk dəfə olaraq “Riyazi biologiya, bioinformatika” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Atom yerdəyişmə parametrlərinin statistik analizi və validasiyası” mövzusunda dissertasiya müdafiəsi reallaşdırılmışdır. Hazırda Rəfiqə Məsməliyeva Almaniyanın Hamburq Universitetində çalışmaqla tədqiqatlarını davam etdirir. Bioadaptasiya laboratoriyasının elmi işçisi Lalə Aydınlının 2411.02 – “Bitki fiziologiyası” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi “Buğda genotiplərində quraqlıq stresi və rehidratasiya zamanı antioksidant müdafiə sisteminin və fotosintetik aktivliyin tədqiqi” mövzusunda dissertasiya işi də uğurla müdafiə edilmişdir. Proteomiks beynəlxalq laboratoriyasının elmi işçisi Aynurə Paşayevanın “Dənli bitkilərdə işıqla induksiya olunan proteom və metabolom dəyişiklikləri” mövzusunda dissertasiya işinin isə ilkin müzakirəsi və seminarı keçirilmişdir.

Dünyanın aparıcı elmi mərkəzlərində doktorant və magistrlərin hazırlanması işinə diqqət daha da artırılmışdır. İnstitutun gənc mütəxəssisləri İslam İnkişaf Bankının fəlsəfə doktorluğu üzrə təqaüd proqramı, “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”, AMEA və Fransanın Monpelye Universiteti arasında imzalanmış əməkdaşlıq sazişi əsasında elan edilən müştərək doktorantura proqramları çərçivəsində dünyanın aparıcı universitetlərində – Böyük Britaniyanın Oksford, Fransanın Monpelye, Belçika Krallığının Gent, Fransa Respublikasının Grenoble Politexnik, Türkiyə Respublikasının Bilecik Şeyh Edebali universitetlərində doktorantura təhsili alırlar.

Onlardan bir neçəsini xüsusi qeyd etmək olar:

Bioadaptasiya laboratoriyasının kiçik elmi işçisi Gülnar Abdullayeva İslam İnkişaf Bankının 2018-2019-cu tədris ili üçün PhD üzrə təqaüd proqramının qalibi kimi Böyük Britaniyanın Oksford Universitetinin doktoranturasında təhsilini davam etdirməklə yanaşı, həmin universitetin Onkologiya Departamentində bağırsaq xərçəngi zamanı differensiasiyanın molekulyar mexanizmlərinin tədqiqi sahəsində araşdırmalar aparır.

Molekulyar biotexnologiya laboratoriyasının kiçik elmi işçisi Fidan Hüseynova AMEA və Fransanın Monpelye Universitetinin birgə təşkil etdiyi doktorantura proqramı çərçivəsində Fransanın Monpelye Universitetinin doktoranturasında təhsilini davam etdirir və eyni zamanda “Toxumanın bərpası üçün diş pulpası kök hüceyrələrinin angiogenik aktivləşdirilməsi” mövzusunda tədqiqat işi aparır.

Bitki biotexnologiyası laboratoriyasının kiçik elmi işçisi Elnarə Sadıqova “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın qalibi kimi Belçika Krallığının Gent Universitetinin doktoranturasında təhsil alır və eyni zamanda həmin universitetin “Tətbiqi in vitro Bitki Biotexnologiyası” laboratotiyasında “Bitkilərdə kök və meristem hüceyrələrin in vitro regenerasiyası üçün yeni üsullar” mövzusunda elmi araşdırmalar aparır.

Populyasiya genomiksi laboratoriyasının böyük laborantı Fədinə Kuryayeva 4 il müddətində Türkiyə Respublikasının Bilecik Şeyh Edebali Universitetinin “Molekulyar Biologiya və Genetika” ixtisası üzrə doktorantura təhsili almaq hüququ qazanmışdır, hazırda təhsilini uğurla davam etdirir.

Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının elmi işçisi Güman Qarayev İtaliyanın Modena və Reggio Emilia Universitetində magistratura təhsilini başa vuraraq, Fransa Respublikasının Grenoble Politexnik İnstitutunun (Grenoble İNP-Phelma) 2021/2022-ci tədris ilində Nanoelmlər-Nanotibb Master 2 proqramı üzrə elan etdiyi müsabiqədə uğurla iştirak etmişdir. O, hazırda bu institutun “Nanotibb və Struktur Biologiyası” ixtisası üzrə doktoranturasında təhsil alır.

Cari ildə institutun daha 5 gənc əməkdaşı xaricdə təhsil almaq hüququ qazanmışdır:

Populyasiya genomiksi laboratoriyasının kiçik elmi işçisi Gülmirə Əlibəyova İslam İnkişaf Bankının 2021/2022-ci akademik il üçün elan etdiyi Doktorantura və Postdok tədqiqat proqramı müsabiqəsinin qalibi olaraq təqaüd əldə etmişdir.

Proteomiks beynəlxalq laboratoriyasının kiçik elmi işçisi Lalə Qurbanova “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə” Dövlət Proqramı çərçivəsində Cənubi Koreya Respublikasının Kyung Hee Universitetində “Bitki biotexnologiyası” ixtisası üzrə doktorantura pilləsində təhsil almaq hüququ qazanmışdır.

Bioadaptasiya laboratoriyasının kiçik elmi işçisi Səbinə Omarova eyni proqram çərçivəsində keçirilən müsabiqədə təqaüd haqqı qazanmışdır. O, tezliklə Fransanın Monpelye Universitetində doktorantura təhsilinə başlayacaqdır.

Molekulyar biomühəndislik beynəlxalq laboratoriyasının kiçik elmi işçisi Aytac Mürşüdzadə  və Fotobioenergetika laboratoriyasının kiçik elmi işçisi Çilənay Ələkbərova AMEA və Fransanın Monpelye Universiteti arasında imzalanmış əməkdaşlıq sazişi əsasında 2021/2022-ci illər üçün elan edilmiş müştərək doktorantura proqramının qalibi olmuşlar.

AMEA-nın elmi-tədqiqat institutları nəzdində ali təhsilin magistratura səviyyəsi üzrə kadr hazırlığında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun fəaliyyəti təqdirəlayiqdir. 2021-ci ildə institut “Molekulyar biologiya” ixtisası üzrə 3, “Biokimya” üzrə 3 və “Biotexnologiya” üzrə 3 nəfər beşinci buraxılış məzunlarını yola salmışdır. Artıq bu ilin məzunlarından 2 nəfəri beynəlxalq universitetlərin doktoranturasında təhsil almaq hüququnu qazanmışlar. Cari ildə institutun magistraturasının birinci kursunda 10, ikinci kursunda isə 6 nəfər magistrant təhsillərini uğurla davam etdirmişlər. Tədris prosesində xarici ölkələrin tanınmış ali təhsil ocaqlarının təcrübəsinə əsaslanan ən son elmi yeniliklər magistrantlara çatdırılır. Kembric Universitetinin professoru, Kembric şəhərində yerləşən Tibbi Tədqiqatlar Şurasının (MRC) Molekulyar Biologiya İnstitutunun Hesablama struktur biologiyası qrupunun rəhbəri, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının müdiri professor Qərib Mürşüdov I kurs magistrantlarına “Biologiyanın müasir problemləri” və “Struktur biologiyasının üsulları” ixtisas kurslarından, Rusiya EA Bitki Fiziologiyası İnstitutunun laboratoriya müdiri, institutun Bionanotexnologiya beynəlxalq laboratoriyasının müdiri, b.e.d. Süleyman Allahverdiyev “Bionanotexnologiya” ixtisas kursundan magistrantlara mühazirələr oxumuşlar. 2021-ci ildə AMEA Biologiya və Tibb Elmləri Bölməsinin institutlarında “Biologiya” ixtisası üzrə təhsil alan birinci kurs magistrantlarının “Biologiyanın müasir problemləri” və “Biologiyanın tarixi və metodologiyası” ixtisas kursları üzrə birgə dərslər Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda keçirilmişdir. İnstitutda magistrantların AMEA-da öz fəaliyyətlərini davam etdirmələri və dünya elminə intyeqrasiyaları üçün bütün imkanlar yaradılmışdır.

Elmin informasiya təminatının yüksəldilməsi məqsədilə institutun imbb.az və AMEA-nın science.gov.az saytlarındakı məlumatlar mütəmadi olaraq yenilənmiş, institut əməkdaşlarının TV və KİV-lərdəki çıxışları sosial şəbəkələrdə (Facebook, İnstagram), YouTube kanalında mütəmadi işıqlandırılmışdır. 2021-ci il ərzində institutun imbb.az saytında 370 xəbər yerləşdirilmişdir. İnstitut haqqında müxtəlif informasiya saytlarında ümumilikdə 250 məlumat dərc edilmişdir.

Nəşriyyat fəaliyyətləri uğurla davam etdirilmişdir. 2021-ci ildə “AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi Əsərləri”nin (Transaction of the İnstitute of Molecular Biology and Biotechnologies, Azerbaijan National Academy of Sciences) institutun yaranmasının 5 illiyinə həsr edilmiş yubiley nömrəsi çapa təqdim olunmuşdur. 2021-ci ildə institut əməkdaşları tərəfindən 68 məqalə (35-i xaricdə, 21 məqalə Web of Science və Scopus bazalarında indeksləşən impakt faktorlu jurnallarda), 48 tezis (9), 1 dərs vəsaiti nəşr edilmiş, 2 monoqrafiya çapa təqdim olunmuşdur. İnstitut əməkdaşlarının elmi əsərlərinə 1200-ə qədər istinad olunmuşdur. Əsas elmi nəticələr respublikada və xaricdə keçirilmiş bir sıra konfrans, konqres və simpoziumlarda məruzə edilmişdir.

2021-ci ildə dünyanın bir sıra aparıcı elm ocaqlarında – Böyük Britaniyanın Kembric və Oksford universitetləri, ABŞ-ın Franhofer Molekulyar Biotexnologiya Mərkəzi və Delaver Universiteti, Cənubi Koreyanın Pusan Milli Universiteti, Fransa Milli Kənd Təsərrüfatı Tədqiqatları İnstitutunun Bordo və Aviqnon Mərkəzləri, Almaniyanın Bonn Universiteti, İtaliyanın Milli Tədqiqatlar Şurası Dayanıqlı Bitki Mühafizəsi İnstitutu, Türkiyənin Ankara, Mustafa Kemal Atatürk və Akdeniz universitetləri, Avstraliyanın Brisbon Universiteti, Rusiya EA-nın Biologiyanın Fundamental Problemləri və Bitki Fiziologiyası institutları, Moskva Dövlət Universiteti, Ukrayna MEA-nın Molekulyar Biologiya və Genetika, Hüceyrə Biologiyası və Genetik Mühəndislik institutları, Belarusiyanın Biofizika və Hüceyrə Mühəndisliyi İnstitutu və digər təşkilatlarda çalışan alim və mütəxəssislərlə sıx elmi əməkdaşılq əlaqələri davam etdirilmişdir.

Eyni zamanda müasir biologiya və aqrar elm sahələrində fundamental tədqiqatların genişləndirilməsi, qabaqcıl elmi nailiyyətlərin mübadiləsi və kadr hazırlığı məsələlərini əhatə edən 3 beynəlxalq və 2 yerli müqavilə imzalanmışdır.

Hesabat ilində AMEA-nin Biologiya və Tibb Elmləri Bölməsinin və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçiliği ilə 2 yerli və 3 beynəlxalq elmi tədbir keçirilmişdir.

İnstitutun əməkdaşları çoxsaylı beynəlxalq tədbirlərdə – Avropa Şurasının Bioetika Komitəsinin XVIII onlayn iclasında, Polşa Elmlər Akademiyasının VIII beynəlxalq elmi konfransında, 3-cü Beynəlxalq TURAZ Akademiyası Məhkəmə Elmləri, Məhkəmə Tibb və Patologiya konqresində, COMCEC və COMSTECH təşkilatlarının birgə təşkilatçılığı ilə Orta Doğu Texniki Universitetində (Ankara, Türkiyə) “Ərzaq və qida təhlükəsizliyi üçün yeni seleksiya texnologiyaları” mövzusuna həsr olunmuş beynəlxalq təlim kursu və seminarda, Yunanıstanın Aralıq dənizi Aqronomiya Tədqiqatları İnstitutunda keçirilən RoxyCOST proqramının birinci illik konfransında, “Avropa Fotobioloqlar” Cəmiyyətinin 19-cu Beynəlxalq Konqresində, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Tələbə və gənc tədqiqatçıların II beynəlxalq elmi konfransı”nda, Türkiyənin Dokuz Eylül Universiteti və AMEA arasında keçirilən birinci ikitərəfli beynəlxalq onlayn elmi seminarda və müxtəlif beynəlxalq vebinarlarda iştirak etmişlər.

27 noyabr 2021-ci il tarixində Rusiya Elmlər Akademiyasının (REA) prezidenti, akademik Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyətinin AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ilə tanış olması ilin ən əhəmiyyətli hadisələrindən hesab edilə bilər. Qonaqlar institutun elmi bazası ilə tanış olmuş, BTEB institutları nümayəndələrinin də qatıldığı toplantıda iştirak etmişlər. Tədbirdə “Rusiya Elmlər Akademiyası ilə əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri” mövzusunda təqdimatla çıxış edilmiş, müzakirələr aparılmışdır. Akademik Aleksandr Sergeyev institutun baş direktoruna REA-nın xatirə medalını təqdim etmişdir.

2021-ci il institut əməkdaşlarının yubileyləri ilə də yadda qalmışdır. B.e.d., prof. Səftər Süleymanov 70, b.e.d., dos. Həsən Babayev isə 60 illik yubileyləri münasibətilə AMEA Biologiya və Tibb Elmləri Bölməsinin, b.ü.f.d., dos. Sədaqət Əsədova 65, b.e.d., dos. Şahniyar Bayramov və b.ü.f.d., dos. Mahirə Məmmədova isə 60 illik yubileyləri münasibətilə institutun Fəxri fərmanları ilə təltif olunmuşlar.

İnstitutun baş direktoru Türk Dünyası Araşdırmalar Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş və Qızıl Ulduz medalına layiq görülmüşdür. O, eyni zamanda Rusiya Elmlər Akademiyasının xatirə medalı, dahi şair və mütəfəkkir Nizami Gəncəvi irsinin tədqiqi və təbliği sahəsində xüsusi xidmətlərinə görə AMEA-nın Fəxri fərmanı təltif olunmuşdur. Bionanotexnologiya beynəlxalq laboratoriyasının müdiri, b.e.d. Süleyman Allahverdiyevin nüfuzlu beynəlxalq mükafatla təltif edilməsi barədə məlumat vermişdik. İnstitutun böyük elmi işçisi, b.ü.f.d. Səmra Mirzəyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncamına uyğun olaraq, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş sahələrində xüsusi fərqlənən şəxslər üçün təsis edilmiş mükafata layiq görülmüşdür. İnstitutun Qadınlar şurasının sədri, b.ü.f.d., dos. Fazilə Qasımova və Təhsil şöbəsinin müdiri, b.ü.f.d., dos. Samirə Rüstəmova 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin Fəxri fərmanı ilə təltif olunmuşlar.

2021-ci ildə maddi-texniki bazanın gücləndirilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirilmiş, institutun laboratoriyaları yeni avadanlıq və kompüterlərlə təchiz olunmuşdur. Əminliklə demək olar ki, görülən elmi-təşkilati tədbirlərin və kadr hazırlığının müasir dövrün tələbləri səviyyəsində gücləndirilməsi sayəsində yaxın illərdə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Azərbaycanın dünya elmindəki reytinqinə ciddi təsir edəcək yeni-yeni mühüm fundamental və innovativ elmi nailiyyətlər qazanılacaqdır.

İradə HÜSEYNOVA, AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik

science.gov.az