sa sa 874
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib + Foto Mart 15, 2022 | 16:12 / Konfranslar, iclaslar

Martın 15-də AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik İradə Hüseynova Elmi şuranın üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib. AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında AMEA Rəyasət Heyətinin 2/1 saylı qərarının mətni ilə şura üzvlərini tanış edən akademik qərarda AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun alim və mütəxəssisləri qarşısında duran vəzifələr - işğaldan azad edilmiş ərazilərdə elmi tədqiqatların bərpasının sürətləndirilməsi, Xəzər dənizinin biomüxtəlifliyinin kompleks tədqiqi, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə rəqəmsal, genom və postgenom seleksiyası metodlarının tətbiqi ilə yeni bitki sortlarının yaradılması istiqamətində tədqiqatların genişləndirilməsi, Azərbaycan populyasiyasının, irsi və anadangəlmə xəstəliklərin molekulyar-genetik tədqiqi, Qarabağda yabanı və mədəni bitkilərin göbələk, virus və fitoplazma xəstəliklərinin, arxeoloji qazıntılardan əldə olunan antropoloji və digər bioloji qalıqların molekulyar-bioloji tədqiqi, yeni antimikrob fəallığa malik birləşmələrin axtarışı istiqamətində tədqiqatlara başlanılması, rəqəmsal texnologiyaların, maşınöyrənmə üsullarının, süni intellektin bioloji problemlərin həllində tətbiqi və s. haqqında məlumat verib. 27 mart – Elm günü ilə əlaqədar institut əməkdaşları tərəfindən həyata keçiriləcək tədbirlər planı müzakirə olunub. İclasda AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının tərkibində qismən dəyişiklik edilməsi, Populyasiya genomiksi laboratoriyasının kiçik elmi işçisi  Gülmirə Əlibəyovanın Turkiyə Respublikasının Ankara şəhərində yerləşən Gazi Universitetinə, Molekulyar biomühəndislik beynəlxalq laboratoriyasının kiçik elmi işçisi Aytac Mürşüdzadənin Fransanın Monpelye Universitetinə ezam edilmələri haqqında məsələlər müzakirə olunub. Sonra Bioadaptasiya laboratoriyasının əməkdaşları – b.ü.f.d., dos. Samirə Rüstəmovanın və kiçik elmi işçi Turanə İsgəndərovanın Almaniyanın Bonn Universitetinin Bitkiçilik Elmi və Resurslarının Mühafizəsi İnstitutuna, Populyasiya genomiksi laboratoriyasının müdiri, b.ü.f.d., dos. Nurməmməd Mustafayevin Türkiyə Respublikasının İstanbul Cərrahpaşa Universitetinə ezamiyyələri haqqında hesabatları dinlənilib.