sa sa 826
27 Mart Azərbaycanda Elm Günüdür Mart 27, 2022 | 07:00 / Mühüm hadisələr

Martın 27-si Azərbaycanda Elm Günüdür. Bu əlamətdar gün Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən təsis edilib. Ölkəmizdə Elm Günü, eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının yaradıldığı günə təsadüf edir. Bu gün elmlə məşğul olan hər kəsin, bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramıdır.
Respublika həyatının müxtəlif sahələrinin inkişaf etdirilməsində, ictimai fikrin formalaşdırılması və möhkəmləndirilməsində, dövlət müstəqilliyi uğrunda mübarizə yollarında AMEA-nın böyük xidmətləri var. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqdan sonra respublikada elmin mükəmməl təşkilati strukturu formalaşıb, elmi araşdırmaların həyata keçirilməsi sistemli xarakter alıb. Akademiyanın sürətli inkişaf mərhələsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər deyib: “Azərbaycan Milli Elmlər Akademiyası xalqımızın milli sərvətidir. Bu sərvəti qoruyub saxlamalıyıq”. 2001-ci il 15 may tarixli Fərmanın imzalanması ilə Azərbaycan Elmlər Akademiyasına Azərbaycan Milli elmlər Akademiyası adı verilib. Ümummilli lider Heydər Əliyevin siyasi xəttini inamla və uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev xalqın gələcəyinin məhz elm və təhsillə bağlı olduğunu dəfələrlə vurğulamış və müasir dövlət quruculuğunun elmin inkişafı olmadan mümkün olmadığını qeyd etmişdir. Prezident İlham Əliyev deyib: “Akademiyada Azərbaycanın intellektual elitası cəmlənib. Akademiyanın inkişafı Azərbaycanda elmin inkişafına birbaşa təsir göstərir.” Elmin inkişafına göstərilən yüksək diqqət eyni zamanda Azərbaycanın güclənməsinə, inkişafına, dünya miqyasında tanınmasına və layiqli yerinin təmin olunmasına xidmət edir.

Hörmətli alimlərimiz, 27 mart -“Elm günü” münasibətilə hər birinizi təbrik edir, elmi fəaliyyətinizdə daha böyük uğurlar arzulayırıq.