sa sa 806
Mart hadisələri əslində bolşeviklərin daşnaklarla birlikdə həyata keçirdikləri milli qırğın idi Mart 30, 2022 | 09:00 / Nəşrlər

Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 104 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.
1918-ci ilin mart-aprel aylarında başda Stepan Şaumyan olmaqla, erməni daşnaklarının Azərbaycan türklərinə qarşı törətdikləri kütləvi qırğınlar Bakıda, Şamaxıda, Muğanda, Lənkəranda və digər yerlərdə 50 mindən artıq günahsız soydaşımızın qətlə yetirilməsinə səbəb olub. Tarixi Azərbaycan şəhəri olan İrəvanda 1920 azərbaycanlının evi yandırılıb, 132 min soydaşımız qətlə yetirilibdir. 1918-ci ilin mart-aprel soyqırımı İsmayıllıdan da yan keçməmişdir. Belə ki, rayona məxsus 12 kənddə 1044 nəfər amansızcasına öldürülmüşdür. Ən böyük qırğın 360 nəfərin öldürüldüyü Tircan, 225 nəfərin qətlə yetirildiyi Mücü, 100 nəfərin məhv edildiyi Bizlan və s. kəndlərdə törədilmişdir. Beləliklə, mart hadisələri əslində bolşeviklərin daşnaklarla birlikdə həyata keçirdikləri milli qırğın idi. 
Bu gün Quba şəhərinin şimalında yerləşən kütləvi məzarlıqda 1918-ci ildə ermənilər və bolşeviklər tərəfindən vəhşicəsinə öldürülmüş azərbaycanlılar basdırılıb. Həmin dövrdə Qubada da qətliam oldu, azərbaycanlılarla yanaşı ləzgilər və yəhudilər də qətlə yetirildi, bütövlükdə, Qubada 20 min insan öldürüldü, 122 kənd dağıdıldı. 2007-ci ildə aşkarlanan məzarlıqdakı iki dolu arx insan skeletləri ermənilərin Qubada soyqırımı həyata keçirdiyinin əyani sübutdur. Bu məzarlıq ermənilərin 1918-ci ildə Qubada törətdikləri qətliamların üzə çıxan bir hissəsidir. 
Azərbaycanlılara qarşı yeridilən soyqırımı siyasətinin tarixi, əsrləri əhatə etsə də, bu barədə əsl həqiqət Ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırılmışdır. Soyqırımı yalnız Onun 1998-ci il 26 mart tarixli Fərmanından sonra öz hüquqi-siyasi qiymətini almışdır. O vaxtdan başlayaraq, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur, soyqırımı qurbanlarını anma tədbirləri keçirilir və dünya ictimaiyyətinin diqqəti bu məsələyə cəlb olunur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir”.
Azərbaycan xalqı və dövləti soyqırımı qurbanlarının xatirəsini daim əziz tutur, bütün dünyanı erməni faşizminin iç üzünü görmək üçün bu tarixi hadisələrdən ibrət götürməyə çağırır.

Natiq Məmmədov
YAP “Sünbül” Ərazi Partiya Təşkilatının sədr müavini

yenizaman.az