sa sa 810
AMEA-da görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümü qeyd edilib + Foto Apr 28, 2022 | 18:23 / Konfranslar, iclaslar

Aprelin 28-də AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümü ilə bağlı tədbir keçirilib.

Əvvəlcə foyedə AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən təşkil olunmuş akademik Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib.

Tədbirdə, həmçinin görkəmli alimin ömür yolundan bəhs edən film nümayiş olunub.  

Tədbiri giriş nitqi ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbbibəyli açaraq akademik Zərifə Əliyevanın Azərbaycanda oftolmologiya sahəsində elmi məktəb yaratmış görkəmli alimlərimizdən biri olduğunu bildirib. O, görkəmli elm xadiminin oftalmologiyanın aktual problemləri ilə dərindən məşğul olduğunu, elmi yaradıcılığında qlaukomanın və görmə orqanının iltihabının müalicəsinin xüsusi yer tutduğunu diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli oftalmoloq alimin dəfələrlə müxtəlif bölgələrimizə gedərək burada qlaukomadan əziyyət çəkən insanların müalicəsini həyata keçirdiyini vurğulayıb. Bildirib ki, Zərifə xanımın elmi tədqiqatları oftolmologiya elminin zənginləşməsinə xidmət edən yeni müddəaların ortaya çıxmasına səbəb olmuş və alim qlaukoma xəstəliklərinin tədqiqi ilə məşğul olan yeni laboratoriyaların yaradılmasında yaxından iştirak etmişdir.

“Akademik Zərifə Əliyevanın vacib xüsusiyyətlərindən biri onun ictimai xadim kimi ölkəmizdə qadın hərəkatının öndə gedən maarifçi simalarından biri olması ilə bağlıdır”, - deyən vitse-prezident XX əsrin ortalarından inkişaf etməyə başlayan qadın hərəkatında görkəmli alimin böyük xidmətləri olduğunu vurğulayıb. Əlavə edib ki, Zərifə Əliyeva Azərbaycan qadınlarını bir çox beynəlxalq tədbirlərdə uğurla təmsil etmişdir. 

İsa Həbibbəyli vurğulayıb ki, Zərifə xanım həyatı daim mübarizələrdə keçən ulu öndər Heydər Əliyevlə çiyin-çiyinə addımlamış, çətin günlərdə ona arxa-dayaq olmuş, bu ağır yükü kövrək çiyinlərində böyük mətanət və fədakarlıqla daşımışdır. Eyni zamanda, övladlarını Vətənin layiqli vətəndaşları kimi, öz nəslinin yüksək mənəvi dəyərlərinin varisi kimi yetişdirmişdir.

Sonra AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova çıxış edərək yüksək elmi nailiyyətləri, milli mənəvi-əxlaqi dəyərlərə, müasirlik və inkişafa bağlılığı, eləcə də xeyirxah və nəcib əməlləri ilə xalqımızın yaddaşında həmişəyaşarlıq qazanmış görkəmli elm və səhiyyə xadimi Zərifə Əliyevanın adının Azərbaycanın XX əsr tarixinin ən görkəmli və yaradıcı simaları sırasına qızıl hərflərlə yazıldığını bildirib. Akademik İradə Hüseynova görkəmli alimin oftalmologiya elminin korifeyi, ziyalısı olmaqla görmə problemli insanlara və ümumən ətrafındakı hər kəsə sözün həm həqiqi, həm də məcazi mənasında nur paylayan, gözlərə işıq, qəlblərə həyat eşqi bəxş edən, ətrafına gözəlliklər saçan bir insan olduğunu vurğulayıb.

O qeyd edib ki, Zərifə Əliyeva müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı olmuş, şəfqətli ana kimi müasir Azərbaycanın lideri, millətin müzəffərlik və qalibiyyət tarixinə yeni-yeni səhifələr yazan Prezident İlham Əliyevin şəxsiyyət kimi formalaşmasında həlledici rol oynamışdır. Onun sözlərinə görə, Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış böyük Zəfərdə, Azərbaycan Prezidentinin bilik və bacarığının, qətiyyət və müdrikliyinin təməlində ulu öndər Heydər Əliyev ilə yanaşı, Zərifə xanımın da böyük təsiri olmuşdur.

Akademik İradə Hüseynova Azərbaycanda traxoma kimi göz xəstəliyinin geniş yayıldığı və qeyd olunan xəstəliyə qarşı mübarizənin təkcə oftalmologiya deyil, həm də bütövlükdə respublikanın səhiyyə sistemi üçün mühüm əhəmiyyət kəsb etdiyi 1950-ci illərdə Zərifə xanımın traxoma ilə mübarizə üzrə müalicə-profilaktika tədbirlərinin təşkilində və həyata keçirilməsində fəal iştirak etdiyini bildirib.

“Zərifə Əliyevanın keçdiyi uğurlu elm yolunun əhəmiyyətli bir hissəsi AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu ilə bağlı olmuşdur”, - deyə bildirən İradə Hüseynova alimin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1979-cı ildə həmin institutda SSRİ-də ilk dəfə olaraq Görmə orqanının fiziologiyası və peşə patologiyası laboratoriyasının yaradıldığını və bu laboratoriyanın 1990-cı ilə kimi uğurla fəaliyyət göstərdiyini deyib. Qeyd edib ki, AMEA-nın Rəyasət Heyətinin 6 aprel 2021-ci il tarixli qərarı ilə Fiziologiya İnstitutunda Zərifə xanımın laboratoriyasının fəaliyyətini bərpa etmək məqsədilə 2016-cı ildə təşkil olunmuş “Görmənin fiziologiyası” yaradıcı qrupunun bazası əsasında AMEA-nın Fiziologiya İnstitutunun strukturunda Görmə orqanının və neyrodegenerativ xəstəliklərin neyrofiziologiyası laboratoriyası yaradılmışdır.

Vitse-prezident Zərifə xanımın yüksəkixtisaslı kadrların hazırlanmasına böyük əmək sərf etdiyini, onun birbaşa rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloqlar nəslinin yetişdiyini vurğulayıb. Bildirib ki, 1977-ci ildə alimin təşəbbüsü ilə ilk dəfə olaraq Bakıda keçirilən Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumunun təşkilati işləri böyük təcrübə və idarəçilik qabiliyyəti tələb etsə də, Zərifə xanım bunun öhdəsindən uğurla gələ bilmişdi: “Bu plenum həm Azərbaycanda, həm də keçmiş ittifaqın tanınmış akademik müəssisələrində oftalmoloji xidmətin inkişafında, elmi və elmi-pedaqoji kadrların hazırlanmasında böyük rol oynamışdır”.

Daha sonra çıxış edən AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyeva ümummilli lider Heydər Əliyevin sədaqətli dostu və etibarlı silahdaşı olan Zərifə хanımın еlm üçün gözəl tədqiqatçı, övladlarına qayğıkеş ana, sadə vətəndaş olduğunu qeyd edib, onun keçdiyi şərəfli həyat yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, müdriklik məktəbi olduğunu bildirib. Vurğulayıb ki, Zərifə xanım əsl ziyalı idi, Azərbaycan xanımına xas olan bütün müsbət keyfiyyətləri özündə birləşdirirdi, onları təcəssüm etdirirdi. Alimin simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana, milyonlarla insanın qəlbində yaşayan görkəmli elm fədaisinin obrazı görünür.

Tədbirdə, həmçinin AMEA-nın Fiziologiya İnstitutunun baş direktoru, professor Ulduz Həşimova, AMEA-nın Mərkəzi Elmi Kitabxananın baş direktoru, professor Məmməd Əliyev, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Novruz Quliyev, Fiziologiya İnstitutunun şöbə müdiri, biologiya elmləri doktoru Elmira Pənahova, AMEA-nın Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin aparıcı elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Nübar Haşımova çıxış edərək akademik Zərifə Əliyevanın elmi nailiyyətlərindən, ərsəyə gətirdiyi fundamental əsərlərdən, onun peşəkar həkim, fəal ictimai xadim kimi fəaliyyətindən danışıblar.

Sonda akademik Zərifə Əliyevanın qohumları adından çıxış edən Zərifə Quliyeva tədbirin təşkilinə görə AMEA-ya və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun rəhbərliyinə təşəkkürünü bildirib. O, oftolmoloq alimlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

science.gov.az