sa sa 1115
Müasir Azərbaycan elminin inkişafı Ulu Öndərin adı ilə bağlıdır May 07, 2022 | 18:00 / Nəşrlər

XX əsrdə böyük bir yol keçmiş Azərbaycan elmi və təhsili milli məfkurənin, milli dövlətçiliyin təşəkkülü və möhkəmlənməsi ilə paralel inkişaf edib, özünün ən yüksək səviyyəsinə isə 1960-cı illərin sonlarından başlayaraq ulu öndər Heydər Əliyevin hərtərəfli dəstəyilə çatıb.

Bu fikri AZƏRTAC-a açıqlamasında AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova söyləyib. Akademik bildirib ki, Ümummilli Liderin məqsədyönlü milli dövlətçilik, müstəqillik, elm, təhsil, mədəniyyət və iqtisadi siyasəti hər zaman elmi əsaslara söykənmiş, iman və idrak üzərində qurulmuşdu. Bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyev elm, təhsil və mədəniyyətin, alim və müəllimlərin böyük himayədarı olmuş Ulu Öndərin Azərbaycanda elmin inkişafının dəstəklənməsi ilə bağlı uzaqgörənliklə verdiyi tövsiyələrini də bütün digər vəsiyyətləri kimi ardıcıl şəkildə həyata keçirir.

Bu gün Azərbaycan Respublikası müstəqilliyə keçid dövrünün çətinliklərini, iki müharibənin və yadelli işğalının nəticələrini arxada buraxaraq, dünyanın bəzi hegemon qüvvələri tərəfindən yeridilən ikili standartların doğurduğu təhdidlərə baxmayaraq, öz ayaqları üzərində kifayət qədər möhkəm dayanaraq intensiv inkişaf yoluna qədəm qoyub və öz təhlükəsizliyini təmin edə biləcək qüdrətə çata bilib. Bu nailiyyətlərdə milli məfkurəyə bağlı elmi əsaslı idarəetmənin və ölkənin elmi potensialının rolu əhəmiyyətli dərəcədə yüksəkdir. Bugünkü inkişaf və tərəqqinin bazisi olan elm siyasətinin əsasını isə Ulu Öndər 53 il öncə ölkəyə rəhbərlik etməyə başlayarkən qoyub, respublikanın xalq təsərrüfatında elmin rolunun artırılmasını, həm fundamental, həm də tətbiqi elm sahələrinin inkişaf etdirilməsini öz fəaliyyətinin başlıca istiqamətlərindən biri elan edib. Azərbaycan SSR KP MK-nın 1969-cu ilin avqust plenumunda öz proqramını elan edən Böyük Azərbaycanlının elmə və elm adamlarına münasibətlə bağlı söylədikləri bu gün də aktuallığını qoruyub saxlayır. Həmin tədbirdə Ulu Öndər, həmçinin elm adamları qarşısında proqram xarakterli vəzifələr qoymuşdu. Dahi şəxsiyyət Heydər Əliyev bütün həyat və fəaliyyəti dövründə alimlərə qayğı ilə yanaşması və onlara sıx bağlılığı ilə seçilib. Ümummilli Lider hər zaman insanlar arasında böyük nüfuzundan və ümumxalq sevgisindən istifadə edərək cəmiyyətin elm və təhsilə, elmi potensiala münasibətinə məqsədyönlü şəkildə müsbət təsir göstərir, “şəxsən mən elm xadimlərinə həmişə böyük hörmətlə yanaşmışam… ona görə ki, elm adamları müstəsna adamlardır”, “Milli Elmlər Akademiyası Azərbaycan xalqının milli sərvətidir. Onu qoruyub saxlamalıyıq” kimi çıxışları ilə ictimai fikri ustalıqla ədalətli mövqeyə doğru istiqamətləndirirdi. Bu cür ifadələri müxtəlif toplantılarda təkrar-təkrar səsləndirməklə sanki qaragüruhçu qüvvələrin Azərbaycan elminə qarşı vaxtaşırı təkrarlanan səlib yürüşlərini əvvəlcədən görür və onların qarşısını uzaqgörənliklə alırdı. Böyük rəhbərlik və təşkilatçılıq bacarıqları, fitri istedadı, yüksək intellekti, dərin bilikləri və novatorluğu ilə nümunə olan Ulu Öndər dövlətin idarə olunmasına, xarici və daxili siyasətə, iqtisadiyyat və sosial sahələrə, milli təhlükəsizliyin təmin olunmasına aid bütün məsələlərin həllinə hər zaman elmi cəhətdən əsaslandırmaqla yanaşmağa üstünlük verirdi və ətrafındakı insanlara bunun yeganə düzgün mövqe olduğunu aşılayırdı. Onunla birlikdə, rəhbərliyi altında çalışmış məmur və mütəxəssislər bu mənada böyük bir məktəb keçmiş olurdular.

Ümummilli Lider birinci dəfə hakimiyyətə gəldiyi andan başlayaraq Azərbaycanı keçmiş SSRİ-nin ən sanballı elm və təhsil mərkəzlərindən birinə çevirməyi özünün missiyası hesab edir və bu məqsədilə elmi-tədqiqat institutlarının, elmi işçilərin sayının artırılmasına çalışır, diqqət və qayğısını onlardan əsla əsirgəmirdi. Əgər 1969-cu ildə Azərbaycanda 89 elmi-tədqiqat institutu, 12 min 850 elmi işçi, o cümlədən 55 akademik və müxbir üzv, 329 elmlər doktoru və 3000 elmlər namizədi var idisə, 1980-ci illərin əvvəllərində 123 elmi idarə və 17 ali məktəbdə 22 min elmi əməkdaş, o cümlədən Azərbaycan SSR Elmlər Akademiyasının 56 həqiqi və 71 müxbir üzvü, 900-dən çox elmlər doktoru və 8 mindən çox elmlər namizədi çalışırdı. Məhz 1970-ci illərin əvvəllərindən başlayaraq Ulu Öndərin məqsədyönlü siyasəti və planlı fəaliyyəti sayəsində ölkədə elmin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmlənib, Azərbaycan elmi SSRİ-də və dünyada kifayət qədər tanıdılıb, tədqiqat işlərinin səviyyəsi yüksəlib, istiqamətləri genişləndirilib, elm və təhsil müəssisələrində çalışan hər kəs hərtərəfli qayğı ilə əhatə edilib. Qürurverici faktdır ki, mərkəzdə bəzi şovinist qüvvələrin əyalət kimi baxdıqları Azərbaycanda 1970-1980-ci illərdə həm təbiət, həm texniki, həm humanitar, həm də ictimai elmlər sahəsində böyük elmi potensial yaradılıb, 258 elmlər doktoru, 2 min 677 elmlər namizədi hazırlanıb. Bu dövrdə milli dil və ədəbiyyatın, ölkə tarixi və mədəniyyətinin tədqiqinə göstərilən xüsusi diqqət digər müttəfiq respublikalarla müqayisədə xeyli yüksək idi və hamımız bu amilin gələcəkdə xalqımızın özünüdərkində, milli dövlət quruculuğunda və düşmən qüvvələrə qarşı informasiya müharibəsində nə qədər mühüm əhəmiyyət daşıdığının, nə qədər vacib rol oynadığının şahidi olmuşuq. Böyük Azərbaycanlı elmin inkişafına dövlət quruculuğunun vacib tərkib hissəsi kimi baxırdı. Ümummilli Liderin və onun layiqli davamçısı Prezident İlham Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdikləri dövrlərdə milli dövlət quruculuğu sahəsində qazanılmış nailiyyətlərin əsas səbəblərindən biri də məhz bu siyasət hesab oluna bilər.

Diqqətə çatdırılıb ki, görkəmli dövlət xadimi Heydər Əliyev elmin inkişafını ləngidən, onu geri çəkən neqativ hallara, maneələrə qarşı barışmaz mövqeyi ilə hər zaman seçilib, bu cür halların vaxtında aradan qaldırılması üçün vacib tədbirlərin həyata keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olub. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə Elmlər Akademiyasına, onun elmi heyətinə hər zaman xüsusi həssaslıq və qayğı ilə yanaşması məlum həqiqətdir. Azərbaycanda hakimiyyətə ilk gəlişindən sonra görülən ardıcıl tədbirlər alimlərimizin fəaliyyətinin, əldə etdikləri nailiyyətlərin, xalq təsərrüfatının inkişafındakı rolunun keçmiş SSRİ dövləti və dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilməsinə şərait yaratmışdı. Azərbaycan SSR Elmlər Akademiyasının aldığı ilk yüksək mükafat – “Xalqlar dostluğu” ordeni də elmi müəssisəyə 1975-ci ildə dahi şəxsiyyət Heydər Əliyev tərəfindən təqdim edilmişdi. O dövrdə Elmlər Akademiyasının əməkdaşları beynəlxalq yarmarkalarda qızıl medallara, dövlət və hökumət mükafatlarına, o cümlədən 5 Lenin, 14 SSRİ Dövlət, onlarca Respublika Dövlət mükafatına layiq görülüb, bir neçə alim Sosialist Əməyi Qəhrəmanı adını almışdı.

Ümummilli Lider hakimiyyətdə olduğu bütün dövrlərdə təhsilə, maarifçiliyə, milli təhsil sisteminin inkişafına ən azı elm qədər önəm verib, müəllimlərə də alimlərlə eyni dərəcədə qayğı ilə yanaşıb, onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı çoxsaylı fərman və sərəncamlar imzalayıb. Ulu Öndər “Müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”, – deməklə təkcə öz mövqeyini ortaya qoymurdu, həmçinin cəmiyyətin diqqətini məktəb və müəllim nüfuzunun yüksək tutulmasının vacibliyinə yönəldirdi. Bu yanaşma sayəsində 1970-ci illərdə 817 nəfər “Əməkdar müəllim” fəxri adına, 3 nəfər müəllim isə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdü. 1970-80-ci illərdə Ümummilli Liderin apardığı uzunmüddətli və məqsədyönlü siyasi kursun sayəsində geniş diapazonda elmi kadr hazırlığının aparılması, ölkə üçün yeni elm sahələrinin yaranması, elmi istiqamətlərin modernləşdirilməsi mümkün olub, bütün bunlar isə respublikada elmin inkişafına çox ciddi təkan vermişdi. Dahi şəxsiyyət Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə 5 yeni ali təhsil müəssisəsi, onlarla kafedra, problem laboratoriyaları, yüzlərlə yeni ixtisaslar açılıb, ali təhsil alanların sayı 70 mindən 100 minə qədər artmışdı. 1982-ci ildə mövcud olan 21 ali təhsil müəssisəsində 136 fakültə və 530 kafedra fəaliyyət göstərirdi. Ümummilli lider Heydər Əliyev Azərbaycanda təhsilin səviyyəsini yüksəltmək və əhatə dairəsini genişləndirməklə kifayətlənmək niyyətində deyildi. Onun təşəbbüsü və himayəsi nəticəsində 1970-80-ci illərdə 80-dən yuxarı sahəni əhatə edən 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gənc (orta hesabla ildə 800, 1980-ci illərin əvvəllərindən başlayaraq ildə 1000-1400 nəfər) Bakıda imtahanlar verməklə SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində təhsil almağa göndərilib, onlara güclü mütəxəssis kimi yetişmək üçün hər cür şərait yaradılıb. Bu, unikal xarakter daşımaqla, Azərbaycanın gələcəyi üçün güclü kadr potensialının yaradılması demək idi. Ümummilli lider Heydər Əliyevin Azərbaycan elmi qarşısında mühüm xidmətlərindən biri də elmin ən müasir və perspektiv sahələrində yüksəkixtisaslı alim kadrların hazırlığı ilə bağlı məsələyə ciddi diqqət yetirməsi olub. Burada bir faktı xatırlatmağı da lazım bilirəm ki, 1970-80-ci illərdə və daha sonralar – müstəqillik dövründə biokimya, molekulyar biologiya, biofizika, bio və nanotexnologiya, bioinformatika, kompüter biologiyası və s. kimi mühüm elmi istiqamətlərin təşəkkülü və inkişafında, müxtəlif elm sahələri üzrə savadlı mütəxəssislərin yaxın və uzaq xaricdə təhsil alaraq və lazımi təcrübə toplayaraq biologiya və aqrar elmlər üzrə tədqiqatlara cəlb olunmasında görkəmli alim və ictimai-siyasi xadim akademik Cəlal Əliyevin də böyük xidmətləri olub. Həmin siyasətin nəticələri bu gün Azərbaycan elminə dünya səviyyəsində nüfuz qazandırmaqdadır.

Bildirilib ki, Azərbaycan tarixinin ən ağır dönəmlərində doğma xalqının çağırışı ilə hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyev mövcud vəziyyətdən çıxış yollarını araşdıraraq növbəti addımlarını müəyyənləşdirərkən öncə alimlərlə görüşüb, onların fikir və mövqelərini öyrənib. Ulu Öndər sonrakı dövrdə gördüyü tədbirlər, dövlət başçısı kimi atdığı ardıcıl addımlarla ziyalıya, alimə və elmə hörməti geri qaytarmağa nail ola bilmişdi.

Ümummilli Lider 1997-ci il yanvarın 31-də Azərbaycan Elmlər Akademiyasının rəhbərliyini və aparıcı alimlərin bir qrupunu qəbul edərək elm sahəsində islahatların aparılmasının vacibliyini təsdiqləmiş, Azərbaycanda elmin inkişaf strategiyasının əsas müddəalarını və bu müddəaları həyata keçirmək üçün lazımi vəzifələri qəti olaraq müəyyənləşdirmişdi. Qeyd edilən tədbirdə Ulu Öndərin ortaya qoyduğu mövqe və cəmiyyətə verdiyi mesajlar elmimizin nüfuzunu yenidən artırıb, akademik qurumların ölkənin inkişafında rolu və mövqeyi möhkəmlənmişdir. Elmə və akademiyaya verdiyi dəyəri görkəmli dövlət xadimi yüksək şəkildə ifadə etmişdi. Elmin təşkilinə milli dövlətçilik mövqeyindən yanaşan Ulu Öndərin 2001-ci il 15 may tarixli Fərmanı ilə Elmlər Akademiyasının adına “Milli” sözü əlavə edildi. Bundan sonra Akademiyada islahatlar daha da sürətləndirildi, 2001-ci ilin iyun ayında yeni seçkilər keçirildi, həqiqi və müxbir üzvlərin sayı 200-ə qədər artırıldı. 2002-ci ildə Prezident Heydər Əliyevin AMEA-nın Naxçıvan Bölməsinin yaradılması haqqında tarixi Sərəncamı Naxçıvan Muxtar Respublikasında elmi potensialın gücləndirilməsi, xüsusilə region üçün vacib olan genişmiqyaslı tədqiqatların aparılmasına böyük imkanlar yaratdı. Alimlərin, elm adamlarının sosial müdafiəsi, onların elmi fəaliyyəti üçün zəruri iş və layiqli həyat şəraitinin təmin olunması 1970-ci illərdə olduğu kimi, müstəqillik dövründə də Ulu Öndərin elm siyasətinin əsas prinsip və göstəricilərindən olub. Məhz onun təşəbbüsü ilə 2002-ci ildə iyulun 1-də Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinə aylıq rütbə maaşlarının verilməsinə başlanılıb. 1990-cı illərdən başlayaraq AMEA əməkdaşlarının, ümumən elm və təhsil işçilərinin sosial müdafiəsi üzrə əhəmiyyətli layihələr həyata keçirilib, onların vəzifə maaşları dəfələrlə artırılıb, elmi adlara görə ödəmələr təyin edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev elmin idarə olunmasının və hüquqi bazasının təkmilləşdirilməsi istiqamətində Ulu Öndərin apardığı siyasəti davam və inkişaf etdirib. 2016-cı il iyunun 14-də Azərbaycanda elmin inkişafı istiqamətində yeni perspektivlər açan “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu Milli Məclis tərəfindən qəbul edilib və Prezident tərəfindən imzalanıb. Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmin və elmi-innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyən edir. Son illərdə müasir dövrün çağırışlarını və ölkədə gedən prosesləri nəzərə almaqla Azərbaycan Milli Elmlər Akademiyasında dərin elmi, elmi-texniki, struktur və kadr islahatları aparılmaqdadır. Qısa zaman kəsiyində dövlətin dəstəyi ilə elmi tədqiqat müəssisələrinin maddi-texniki bazası xeyli gücləndirilib, AMEA-nın Nizamnaməsində bir neçə dəfə müvafiq dəyişikliklər edilib. Prezident İlham Əliyevin 2010-cu və 2015-ci illərdə AMEA-nın Ümumi yığıncaqlarında və digər çoxsaylı tədbirlərdə dövrün çağırışlarına, ölkənin ehtiyaclarına, alimlərin cəmiyyət həyatının müxtəlif sahələrində iştirakına dair dərin məzmunlu, proqram xarakterli çıxışları, elmin inkişaf perspektivləri ilə bağlı dəyərli tövsiyə və tapşırıqları Ulu Öndərin müdrikliklə müəyyən etdiyi və həyata keçirdiyi elm siyasəti kursunun daha yüksək səviyyədə davamı baxımından səciyyəvi olub.

“Bu gün Dördüncü Sənaye İnqilabı ilə ayaqlaşmaq, iqtisadiyyatın dayanıqlı inkişafını təmin etmək, biliklərə və süni intellektə əsaslanan informasiya cəmiyyətinin formalaşdırılması və insan kapitalına investisiyaların qoyuluşu yaxın perspektiv üçün Azərbaycanın dövlətçilik və onunla bağlı elm və təhsil siyasətinin başlıca strateji istiqamətlərindəndir. Prezident İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, bütün bunlar yüksəkixtisaslı insan resursları, yeni elmi yanaşmalar və çevik innovasiya fəallığı tələb edir və müasir dünyanın reallıqları Azərbaycan elmi qarşısında tamamilə yeni vəzifələr qoyur. Yalnız mövcud elmi potensialı qorumaq və gücləndirməklə bu vəzifələrin səmərəli icrasına, o cümlədən işğaldan azad edilmiş torpaqlarımızda elmi tədqiqatların bərpası ilə “Böyük Qayıdış”a dəyərli töhfələr verilməsinə nail olmaq mümkündür. Son illərdə Azərbaycan Milli Elmlər Akademiyasında bu istiqamətdə müvafiq qərarlar qəbul edilib, proqramlar hazırlanıb, onların icrasının təmin olunması üzrə ciddi addımlar atılıb. Elmə dövlət qayğısının daha bir bariz nümunəsi 2018-ci il aprelin 9-da Prezident İlham Əliyevin Sərəncamı ilə 27 Mart - Elm Gününün təsis edilməsidir. Dövlətimizin başçısı bununla Azərbaycanın yuksəlişində elmin vacib rolunu bir daha təsdiq edib, elmimizin inkişafı ilə bağlı qarşıda duran vəzifələri, yeni dövr üçün elmin statusunu müəyyənləşdirib.

Hazırda həm dünyada, həm də ölkədə ən aktual problemlərdən olan ərzaq təhlükəsizliyinin təmin edilməsi elmin diqqət mərkəzində olmalıdır. Bu problemə Prezident İlham Əliyevin cari ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədəki çıxışında geniş yer verilib. Çıxışda dünyada ərzaq qıtlığı və inflyasiya problemlərinin yaşandığı bir dövrdə Azərbaycanın özünü ərzaqlıq buğda ilə ən azı 70-75 faiz təmin etməsi vəzifə olaraq qarşıya qoyulub. Bu vəzifənin icrası üçün isə ən müasir metodların tətbiqi ilə yüksək məhsuldar, keyfiyyətli, stres amillərinin təsirinə davamlı buğda sortları yaradılmalı, suvarma suyu, suvarma sistemləri, gübrələr və bu kimi digər məsələlərin həlli, torpaqlardan istifadənin səmərəliliyinin artırılması üzrə tədqiqatlar intensivləşdirilməlidir. Bu gün Azərbaycanın elmi ictimaiyyəti Prezident İlham Əliyevin elm və təhsilə, alim və müəllimə göstərdikləri böyük diqqət və qayğıya cavab vermək, Ulu Öndərin vəsiyyətlərini yerinə yetirməkdə dövlətimizə layiqincə dəstək olmaq, ölkənin iqtisadi və hərbi qüdrətinin yüksəldilməsi işinə töhfələr vermək, ərzaq, ekoloji və bioloji təhlükəsizliyi təmin etmək, elmimizin dünyaya inteqrasiyasını gücləndirmək istiqamətində fəaliyyətlərə tam səfərbər edilib. İnanıram ki, Azərbaycanın elmi potensialı qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən ən qısa zamanda uğurla gələcək”, - deyə akademik İradə Hüseynova fikrini yekunlaşdırıb.