sa sa 822
İnstitutun kiçik elmi işçisi Nərgiz Bayramovanın fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçirilib + Foto İyl 21, 2022 | 09:00 / Konfranslar, iclaslar

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. Gündəlikdə duran əsas məsələ Bioadaptasiya laboratoriyasının kiçik elmi işçisi Nərgiz Bayramovanın 2411.02 - “Bitki fiziologiyası” ixtisasında biologiya ürzə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Virus patogenezi zamani üzüm bitkisində fizioloji və anatomik dəyişikliklərin tədqiqi” mövzusunda yerinə yetirdiyi dissertasiya işinin ilkin müzakirəsi olub. İclasın gündəliyi ilə şura üzvlərini tanış edən şuranın sədri  - institutun baş direktoru, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova əvvəlcə Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, prof. Novruz Quliyevi 70 illik yubileyi və Bionanotexnologiya beynəlxalq laboratoriyasının müdiri, b.e.d., prof. Süleyman Allahverdiyevi Rusiya Federasiyasının Əməkdar elm xadimi adını alması və Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilməsi münasibətilə institutun kollektivi adından təbrik edib, onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb. Sonra sədr dissertasiya işinin əsas müddəalarını şərh etmək üçün sözü Nərgiz Bayramovaya verib. İddiaçı akademik İradə Hüseynovanın rəhbərliyi ilə yerinə yetirilən dissertasiya işinin aktuallığı, məqsəd və vəzifələri barədə məlumat verərək qeyd edib ki,  ilk dəfə olaraq Azərbaycanda üzüm bitkisini yoluxduran virus növü - GLRaV-3 aşkar edilib, “Üzüm Yarpaqlarının Burulması” xəstəliyinin (GLD) etiologiyası, həmçinin virus patogenez zamanı  bitki yarpaqlarında baş verən fizioloji, biokimyəvi və anatomik dəyişikliklər kompleks şəkildə araşdırılıb. O bildirib ki, əldə olunan nəticələr ölkəmizdə üzümün virus xəstəlikləri haqqında  elektron məlumat bazasının yaradılmasına imkan yarada bilər, bu da Respublikamızın ayrı-ayrı regionlarında salınmış üzüm sahələrinin fitosanitar vəziyyəti barədə məlumat verəcəkdir. Əldə olunan nəticələrdən yerli təsərrüfat sahibləri bəhrələnə bilərlər. Təqdimatdan sonra rəyçilərin çıxışları dinlənilib və dissertasiya ətrafında geniş müzakirələr aparılıb. Nərgiz Bayramova verilən sualları cavablandırıb, irad və təkliflərə öz münasibətini bildirib. İclasın sonunda Elmi şura üzvləri açıq səsvermə yolu ilə dissertasiya işinin müdafiənin növbəti mərhələsinə buraxılması barədə qərar qəbul ediblər.