sa sa 834
MBBİ əməkdaşlarının COVİD-19 xəstəliyində ACE geninin polimorfizminə həsr edilmiş məqaləsi çap olunub Avg 05, 2022 | 13:17 / Nəşrlər

MBBİ-nin əməkdaşları Gülmirə Əlibəyova, b.ü.f.d. Nurməmməd Mustafayev və akademik İradə Hüseynovanın müəllifliyi ilə “Роль синергической связи ACE I/D и ACE2 G8790A полиморфизмов в этиологии CoVID-19” adlı məqalə “Endless Light in Science” beynəlxalq elmi-praktiki (SJIF ~5.5; ISI ~0.172) jurnalında dərc olunmuşdur. Məqalə CoVID-19-un invaziyasında mühüm rol oynayan angiotenzin çevirən fermentlərin genlərində (ACE və ACE2) baş verən indel və SNP tip mutasiyalarla (uyğun olaraq ACE I/D və ACE2 G/A) xarakterizə olunan polimorfizmlərinin tədqiqinə həsr olunmuşdur. Bundan başqa CoVID-19-un etiologiyasında bu mutasiyaların sinergik rolunun, həmçinin xəstəliyin gedişat dərəcəsi/xəstəliyə həssalıq ilə bu genlərin mutant allel variantları/genotipləri arasında mümkün korrealyasiya əlaqəsinin aşkarlanmasına da cəhd edilmişdir. Müəyyən edilmişdir ki, xəstələnən insanlar arasında homoziqot DD və AA genotiplərinin daşıyıcıları xəstələnməmiş insanlara nisbətən uyğun olaraq 1,44 və 3,2 dəfə çoxdur. Son dərəcə ağır və ağır gedişatlı xəstələrin əksəriyyəti bu genlərdən ya birinin, ya da hər ikisinin  mutant allellərinin homozigot genotiplərinin (DD+GG, II+AA, ID+AA, DD+AA) daşıyıcıları olmuşlar. Statistik parametrlərin təhlili göstərir ki, şanslar nisbəti (odds ratio, OR) və nisbi risk (relative risk, RR) həm D alleli, həm də A alleli üçün vahiddən böyükdür, lakin statistik əhəmiyyətli korrelyasiya yalnız D alleli üçün müşahidə olunmuşdur (Р=0,0480). OR və RR dəyərləri mutant homozigot DD və AA genotipləri üçün də kifayət qədər yüksək olsa da, yalnız AA genotipi üçün əhəmiyyətli korrelyasiya aşkar edilmişdir (P=0,0052). Koronavirus infeksiyasına qarşı həssaslıq/insidentlik və genetik modellər arasındakı əlaqəni qiymətləndirərkən aydın ifadə olunan və əhəmiyyətli əlaqələr aşkar edilməmişdir.

Tədqiqat işi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun qrantı (EIF-GAT-5-2020-3(37)-12/09/3-M-09) çərçivəsində həyata keçirilmişdir.