sa sa 708
Praqa görüşünün nəticələri Azərbaycanın milli maraqlarına uyğundur Okt 12, 2022 | 12:00 / Mühüm hadisələr

Zəfərlə başa çatan Vətən müharibəsində işğal altında olan torpaqların azad edilməsi Azərbaycanın diplomatiya sahəsində gücünü bütün dünyaya göstərdi. Cənubi Qafqazda tezliklə sülhün bərqərar olmasını istəyən Azərbaycan Ermənistana sülh müqaviləsinin imzalanmasını təmin edəcək 5 prinsip təqdim etdi. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində ölkəmiz tərəfindən atılan addımlara, Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olmağımıza dair ən yüksək səviyyədə edilən bəyanatlara baxmayaraq, ötən müddət ərzində Ermənistan tərəfindən buna cavab verilmədi. Azərbaycanla Ermənistan arasında gərginliyin aradan qaldırılması, postmünaqişə dövrü reallıqlarının qəbul edilməsi, bütövlükdə Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı olan Avropa İttifaqı vasitəçilik missiyasını üzərinə götürdü.

Bu günədək Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında bir neçə dəfə görüş keçirilib. Dörd görüş isə Avropa İttifaqının təşəbbüsü ilə baş tutub. Bu görüşlərdə Azərbaycan-Ermənistan arasında həll olunmayaraq gündəlikdə qalmış məsələlərin çözülməsi üçün yol xəritələri cızılıb və müəyyən məqamlar razılaşdırılıb. İntensiv müzakirələrlə müşayiət olunan bu görüşlərin nəticələri barədə rəsmi bəyanatlar verilib, irəliyə doğru atılan addımın konkret əməli nəticələrə vəsilə olacağına əminlik ifadə edilib.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin verdiyi bəyanatlarda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara başlanılmasının, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət baza prinsiplərinin qəbulu və onun əsasında predmetli danışıqlara başlanılmasının vacibliyi ifadə olunsa da, Ermənistan indiyə qədər olduğu kimi, Brüssel görüşlərinin sülhə və tərəqqiyə xidmət gündəliklərini yenə də heçə sayıb, Azərbaycana qarşı təxribatlar törədib, Ermənistan-Azərbaycan sərhədində qarşıdurmalar yaradıb. Bu isə ermənilərin sülh istəyində olmadığını göstərir.

Oktyabrın 6-da Çexiya Respublikasının paytaxtı Praqa şəhərində "Avropa siyasi birliyi" Zirvə Toplantısında Azərbaycan-Ermənistan münasibətləri yenidən müzakirə obyekti oldu. Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistan baş naziri Nikol Paşinyan arasında baş tutan dördtərəfli görüşün nəticələri isə Azərbaycanın növbəti diplomatik qələbəsi kimi qiymətləndirilir. Zirvə Toplantısında bu gün dünyamızı düşündürən digər məsələlər də müzakirə edilib. Dünya və Azərbaycan ictimaiyyətinin diqqətində olan görüşün nəticələrinə marağı nəzərə alaraq "Respublika" qəzeti dəyirmi masa təşkil edib. Materialı oxuculara təqdim edirik.

– Oktyabrın 6-da Çexiyada keçirilən "Avropa siyasi birliyi" Zirvə Toplantısına Azərbaycanın dəvət alması ölkəmizin artan nüfuzunun göstəricisidir. Praqa görüşü həm də Azərbaycanın növbəti diplomatik qələbəsi kimi necə dəyərləndirilir?

Novruzəli ASLANOV:

– Artıq xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə "Avropa siyasi birliyi" Zirvə Toplantısında iştirak etmək üçün Praqada səfərdə olub. İlk növbədə qeyd edək ki, "Avropa siyasi birliyi" yeni təşəbbüs olaraq qitənin ölkələri arasında siyasi əlaqələndirmə platforması kimi yaradılıb. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Təbii ki, Azərbaycanın Zirvə Toplantısına dəvət olunması ölkəmizin dünyada və Avropada getdikcə artan nüfuzundan xəbər verir və Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində əsas aktorlardan biri kimi çıxış etdiyini göstərir. Həmçinin bu dəvət Azərbaycan - Avropa İttifaqı əlaqələrinin çox gözəl perspektivləri olduğunu bir daha təsdiq edir.

Beləliklə, Ermənistan Azərbaycanın suverenliyini tanımaqla ölkəmizin Qarabağ üzərində hakimiyyətini tanımış olur. İkinci bir tərəfdən, Ermənistan Azərbaycanla sərhədə Avropa İttifaqının mülki missiyasının göndərilməsinə razılıq verib. Missiya işini oktyabrda başlayıb 2 ay müddətinə başa çatdıracaq. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya etibarlı mühitin yaradılmasına və sərhədlərin delimitasiyasına xidmət edəcək. 5 saatdan artıq davam edən görüşlərdə ölkəmizin mövqeləri prinsipial olaraq təmin olundu və Azərbaycana təzyiq göstərilməsi cəhdlərinin qarşısı dövlət başçımızın peşəkar diplomatiyası sayəsində qəti şəkildə alındı. Cənab Prezident İlham Əliyev Praqada Azərbaycan telekanallarına verdiyi müsahibəsində xüsusi olaraq vurğuladı ki, yaxın vaxtlarda qərar qəbul edilərsə, iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətni üzərində işləməyə başlayacaqlar və artıq bu ilin sonunadək razılaşmaya nail oluna bilər. Əlbəttə ki, sülh müqaviləsində Qarabağın erməni əhalisinin müqəddəratı barədə heç bir müddəa yer ala bilməz. Çünki bu, Azərbaycanın daxili məsələsidir və Azərbaycan bu mövzuda heç bir ikinci tərəflə müzakirələr aparmaq niyyətində deyil. Kommunikasiyaların açılması, konkret olaraq Naxçıvana quru yolun verilməsi məsələsi də hazırlanacaq sülh müqaviləsinin bir hissəsi ola bilməz. Belə ki, bu, Ermənistanın 2020-ci il noyabrın 10-da üzərinə götürdüyü, amma yerinə yetirmədiyi öhdəlikdir və mahiyyətcə kommunikasiyalar indiyədək artıq açılmalı idi.

İradə HÜSEYNOVA:

– Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzun bir dövr ərzində apardığı ardıcıl və uzaqgörən hərbi-siyasi kurs, beynəlxalq platformada gerçəkləşdirilən bəzən davamlı, bəzən isə impulsiv diplomatik manevrlər ölkəmizə yeni-yeni uğurlar qazandırmaqla, Azərbaycanı addım-addım son qələbəyə yaxınlaşdırır. Məhz sistemli şəkildə formalaşdırılan siyasətin həyata keçirilməsi sayəsində Ermənistan hər bir yeni provakasiya ilə özünü daha da çətin duruma salır, Azərbaycan tərəfindən beynəlxalq hüququn təməl prinsiplərinə uyğun şəkildə irəli sürülən şərtləri qəbul etməyə məcbur edilir.

Hələ bu yaxınlara kimi Ermənistan yaxın və uzaq xarici təmsil edən havadarlarının, o cümlədən üzdə daim dialoq tərəfdarı olan Fransanın dəstəyi ilə regional siyasi coğrafiyada at oynadır, qonşu dövlətlərə, xüsusən də Türkiyə və Azərbaycana qarşı hətta qanunvericilik səviyyəsində təsbit olunan ərazi iddiaları ilə çıxış edir, şər və böhtan kampaniyalarını dövlət siyasətinin əsasına çevirirdi.

Gözü daim özgəsinin torpaqlarında olan və ipə-sapa yatmayan işğalçı Ermənistanla bütün münaqişə xətləri boyunca hər bir növbəti hərbi uğur Azərbaycanı diplomatik cəbhədə qazanılan yeni-yeni qələbələrə, regional sülh və əməkdaşlığın, inkişaf və tərəqqinin tam təmin olunmasına bir az daha yaxınlaşdırır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Praqa şəhərində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyanla dördtərəfli görüşləri və bu görüşlərdə Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində əldə olunmuş nəticələr bu faktın əyani sübutudur.

Praqa görüşünü müşahidə edən, onun bütün nüanslarını maraqla izləyən və nəticələrini səbirsizliklə gözləyənlərin əksəriyyəti Ermənistanın özünə strateji müttəfiq hesab etdiyi Fransanı (əslində, həqiqətən də faktlar Fransanın hər bir böhran halında Ermənistanın yanında olduğunu göstərir) da cəlb etməklə sərhəddə baş vermiş insidentlərə görə Azərbaycana təzyiq göstərməyə cəhd edəcəyini düşünürdü. Azərbaycan xalqının birliyinə, dövlətimizin haqq yolunda sabit mövqeyinə, Müzəffər Ordumuzun gücünə, qardaş dəstəyinə güvənən cənab Prezidentin siyasi qətiyyətli və prinsipial mövqeyi təzyiqlərə yer qoymadı. Dünyada mövcud geosiyasi vəziyyəti, Avropa İttifaqının və Rusiyanın da maraqlarını nəzərə almaqla mərhələ-mərhələ, addım-addım həyata keçirilən ardıcıl, balanslaşdırılmış və qətiyyətli siyasi kurs Azərbaycana qarşı cəbhələrdən danışıqlar masasına daşınan təhdidlərin qarşısının layiqincə alınmasına və növbəti böyük uğura imza atılmasına gətirib çıxardı.

Burada erməni siyasətçisi Vahe Ovannesyanın sözləri yerinə düşür: "...nəinki üç milyon, hətta erməni xalqının gələcək nəsillərinin taleyi belə İlham Əliyevin əlindədir. Artıq yalanlar bitdi, biz bu reallığı qəbul etməliyik. Ya yaşayırıq, ya da köçəri kimi mövcud oluruq".

Aqiyə NAXÇIVANLI:

– Azərbaycan Prezidenti İlham Əliyevin Praqaya səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyanla dördtərəfli görüşləri, əldə olunmuş nəticələr qalib tərəfin dünyada böyük nüfuzunun göstəricisi, Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirdiyi ardıcıl və qətiyyətli siyasətin növbəti böyük uğuru kimi dəyərləndirilir.

Son aylar ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında həm təmasların sayı və qarşılıqlı etimad artıb, eyni zamanda, mahiyyət də yeni müstəviyə çıxıb. Yeni saziş üzərində iş aparılır. Sazişin böyük əksəriyyəti artıq razılaşdırılmışdır və qalan məsələlər o qədər də böyük prinsipial xarakter daşımır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə Praqaya səfər edən Prezident İlham Əliyev "Avropa siyasi birliyi"nin Zirvə Toplantısında iştirak edərək "Avropa qitəsində sülh və təhlükəsizlik" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı bir daha Ermənistanın 30 il ərzində işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizmi və hazırkı Azərbaycan reallıqlarını dünyaya bəyan etdi. Qeyd edək ki, "Avropa siyasi birliyi" qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Zirvə toplantısında ümumilikdə 44 ölkənin dövlət və hökumət başçıları iştirak ediblər. İlk dəfə keçirilən "Avropa siyasi birliyi"nin Zirvə Toplantısı Avropa ölkələrinin liderlərini bərabərhüquqlu şəkildə və birlik ruhunda bir araya gətirir.

Praqa görüşünün nəticələri Azərbaycanın növbəti diplomatik qələbəsidir.

Yusif ƏLƏKBƏROV:

– Oktyabrın 6-da Çex Respublikasının paytaxtı Praqada "Avropa siyasi birliyi" Zirvə Toplantısında Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Qeyd etmək lazımdır ki, məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirmək olan "Avropa siyasi birliyi" qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. İlk dəfə keçirilən bu Zirvə Toplantısında Avropa ölkələrinin liderlərini bərabərhüquqlu və birlik ruhunda bir araya gətirirdi. Ümumilikdə 44 ölkənin dövlət və hökumət başçıları fikir mübadilələri zamanı sülh və təhlükəsizlik, iqtisadi vəziyyət, enerji və iqlim, miqrasiya və hərəkətlilik məsələlərini müzakirə ediblər. Bütövlükdə Praqa səfərinin yekunları da bir daha təsdiq etdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin şəxsiyyətinə hörmət, mühüm məsələlərin həllində onun mövqeyinin və rəyinin nəzərə alınması danılmaz reallıqdır.

Praqa bəyanatının hər iki tərəf üçün əhəmiyyətli məqamı problemin ərazi bütövlüyü çərçivəsində həll olunmasına üstünlük verilməsidir. Ermənistanın baş naziri Nikol Paşinyan Praqada sülh sazişinin imzalanması üçün zəruri olan prinsipial məqamlarla bağlı Azərbaycan tərəfinin şərtlərini qəbul etdiyini, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bu bəyanatla bildirdi. Ərazi bütövlüyü və suverenliyin tanınması zamanı BMT Nizamnaməsi əsas sənəd kimi götürülüb. Bu isə o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bir daha təsdiqlənib. Ölkəmizin suverenliyini tanımaqla Ermənistan faktiki olaraq Qarabağ üzərində Azərbaycanın hakimiyyətini qəbul edib. Bəyanatla Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər.

Aydın QASIMOV:

– Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə oktyabr ayının 6-da "Avropa siyasi birliyi" Zirvə Toplantısında iştirak etmək üçün Praqada səfərdə olmuşdur. Səfər zamanı dövlətimizin rəhbəri Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşmüşdür. İlk növbədə qeyd edim ki, ölkəmizin bu toplantıya dəvət olunması Azərbaycanın Avropada artan nüfuzunun bariz nümunəsidir. Cənab İlham Əliyevin səfər çərçivəsində ilk görüşünün Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə olması da Avropa ölkələri ilə əlaqələrimizin yüksək səviyyədə olduğunun göstəricisidir. Oktyabrın 6-da Praqada Azərbaycan televiziya kanallarına müsahibə verərkən Prezident İlham Əliyev bunu bir daha vurğulamışdır. Belə ki, dövlətimizin başçısı Ermənistanın baş naziri ilə Brüsseldə keçirilən hər görüşdə sülhə doğru addım atıldığını və bu prosesdə Aİ Şurasının Prezidenti Şarl Mişelin rolunu xüsusilə qeyd etmişdir. Praqa görüşünün də sülh müqaviləsinin imzalanması üçün önəmi olacağını bildirən cənab Prezident Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələrdə, əsasən də enerji sahəsində fəal əməkdaşlıq münasibətlərindən, Avropada Azərbaycanın enerji resurslarına böyük tələbatın olduğundan bəhs etmiş və bunun nümunəsi kimi bu ilin iyul ayında Avropa Komissiyasının Prezidenti ilə Bakıda imzalanmış Anlaşma Memorandumunu göstərmişdir.

– Müasir dövrdə Azərbaycanın enerji resurslarına olan tələbat kəskin şəkildə artıb. Bu baxımdan, ölkəmiz Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm rol oynayır. Mövcud geosiyasi vəziyyətdə Azərbaycan qazı Avropaya nə vəd edir?

Ziyad SƏMƏDZADƏ:

– Bu gün dünya siyasətinin ən aktual məsələlərindən biri enerji təhlükəsizliyidir. Təsadüfi deyil ki, çağdaş dünyamızda baş verən müharibələr, ekoloji və humanitar fəlakətlər, enerji daşıyıcılarının nəqli sahəsində problemlərin və mübahisələrin yaşanması ayrı-ayrı dövlətlərdən enerji təhlükəsizliyi üçün daha ciddi düşünməyi, xüsusən alternativ nəql sistemlərinin yaradılması istiqamətində əməli hərəkətə keçməyi tələb edir. Onu da qeyd edim ki, Ukraynada baş verənlərdən, son olaraq "Şimal axını" ilə qazın nəqlinin dayandırılmasından sonra Avropa dövlətlərinin bir qismi dərin enerji böhranı ilə üzləşiblər. "Qoca qitə"nin bir çox ölkələri qarşıdan gələn qışla əlaqədar həyəcan təbili çalırlar.

Enerji təhlükəsizliyi ilə bağlı qlobal proseslərin hazırkı gedişatı isə ulu öndər Heydər Əliyev tərəfindən başlanan, bu gün isə möhtərəm Prezidentimiz İlham Əliyevin yeni keyfiyyət mərhələsinə yüksəltdiyi Azərbaycanın enerji siyasətinin nə qədər düşünülmüş və nə qədər uzaqgörən olduğunu göstərir. İndiyə qədər bütün həyata keçirilən enerji layihələri belə deməyə əsas verir ki, Azərbaycan özünün enerji siyasəti ilə bağlı nəyi planlaşdırıbsa, hər birinə qətiyyətlə nail olub. Son reallaşan layihə Cənub Qaz Dəhlizidir. Hazırda Azərbaycan öz karbohidrogen ehtiyatlarını Cənub Qaz Dəhlizi ilə Avropa bazarlarına çıxarsa da, xüsusən Avropa İttifaqının bu gün təbii qaza tələbatı artır, ona görə də ölkəmizdən daha çox qaz almaq istəyir.

Hazırda Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya Azərbaycan qazının alıcılarıdır. Lakin yeni çağırışlar qarşısında Azərbaycan qazına tələbat artır. Elə buna görə də Azərbaycanın enerji marşrutlarının daha da genişləndirilməsi ilə bağlı təşəbbüsləri həmişə alternativ nəql imkanlarının axtarışında olan Avropa İttifaqının son dövrlər daha çox diqqət yetirdiyi məsələlərdən biridir. Bundan irəli gələrək Azərbaycanla Avropa İttifaqı arasında enerji dialoqu yüksələn xətlə davam edir və bunun ən mühüm nümunələrindən biri bu il iyul ayının 18-də Bakıda "Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"nun imzalanması oldu.

Bu Anlaşma Memorandumu enerji təhlükəsizliyi sahəsində Aİ-Azərbaycan əməkdaşlığının ən yüksək səviyyəyə çatmasının təcəssümüdür. Aİ ilə imzalanan Memorandum gələcək üçün bir növ yol xəritəsidir. Bu baxımdan, əvvəlki bütün layihələrin reallaşdırıldığını nəzərə alsaq, deyə bilərik ki, enerji sahəsindəki əməkdaşlıqla bağlı yaxın gələcəkdə yeni uğurlara nail olunacaq.

Oktyabrın 1-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasiminin keçirilməsi məhz Azərbaycanla Avropa İttifaqı arasında enerji dialoqunun məntiqi davamıdır. Başqa cür desək, Avropa İttifaqı məhz Azərbaycanla tərəfdaşlığa önəm verərək ölkəmizin enerji təhlükəsizliyinə verdiyi töhfələrə söykənərək belə bir layihənin həyata keçirilməsinə diqqət ayırır. Qeyd edim ki, Avropa Komissiyası bu layihəyə indiyədək 80 milyon avro ayırıb. Avropa İnvestisiya Bankı isə 110 milyon avro kredit verib.

Məhz enerji təhlükəsizliyi sahəsində əməkdaşlıqdan irəli gələrək Avropa İttifaqına üzv dövlətlər Azərbaycanı özlərinin strateji tərəfdaşı kimi qəbul edirlər. Avropa dövlətlərinin rəhbərləri isə Prezident İlham Əliyevə yüksək ehtiramla yanaşırlar. Bu baxımdan Bolqarıstanda keçirilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimindən sonra Prezident İlham Əliyevin Praqada keçirilən "Avropa siyasi birliyi" Zirvə Toplantısına dəvət alması dövlətimizin başçısına yüksək beynəlxalq ehtiramın növbəti təcəssümü kimi yadda qaldı. Bu dəvət bir daha Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə əlaqələrinin strateji məzmun daşıdığını göstərdi. Ən əsas bu səfər göstərdi ki, Avropa İlham Əliyevin enerji təhlükəsizliyi ilə bağlı qlobal liderliyini qəbul edir.

Beləliklə, reallıq ondan ibarətdir ki, bu gün Avropanın tarixdə görünməmiş dərəcədə Azərbaycana ehtiyacı var. Azərbaycan Avropa üçün indi daha önəmli strateji tərəfdaşdır. Bütün bunları düzgün dəyərləndirən Prezident İlham Əliyev isə enerji təhlükəsizliyi prizmasından Azərbaycanın dövlət maraqlarını qətiyyətlə təmin edir.

Novruzəli ASLANOV:

– Bu gün Azərbaycan Avropa İttifaqı ilə bir sıra istiqamətlər üzrə fəal əməkdaşlıq aparır. Təbii ki, bu əməkdaşlığın ən önəmli istiqaməti enerji sahəsidir. Məlumdur ki, mövcud geosiyasi vəziyyət Avropa ölkələrinin alternativ enerji mənbələri axtarışlarını daha da intensivləşdirib. Bu səbəbdən qitədə Azərbaycanın enerji resurslarına və ilk növbədə təbii qaza tələbat kəskin şəkildə artıb. Bu ilin iyul ayında Avropa İttifaqı ilə Bakıda imzalanmış Anlaşma Memorandumuna əsasən növbəti illərdə Azərbaycan Avropaya qaz ixracatını ən azı iki dəfə artırmağı planlaşdırır. Əgər keçən il ixrac həcmi 9 milyard kubmetr idisə, deməli, 2027-ci ildə bu göstərici ən azı 18 milyard kubmetr olacaq. Eyni zamanda, Azərbaycanda bərpaolunan enerji növlərindən istifadə olunması təcrübəsi də getdikcə genişləndirilir ki, bu da öz növbəsində böyük həcmdə təbii qaz ehtiyatı yaradılmasına imkan verəcək.

– Bu gün Qərblə Şərq arasında körpü rolu oynayan Azərbaycanın mövqeyi daha da möhkəmlənir. Ölkəmizin coğrafi vəziyyəti və müasir infrastrukturu Azərbaycanın etibarlı tərəfdaşı olan Avropa İttifaqı üçün çox önəmlidir. Bu istiqamətdə atılan addımlara münasibətiniz?

Cəbi BƏHRAMOV:

– Qərblə Şərq, yəni Avropa ilə Asiya arasında körpü rolu oynayan Azərbaycan çox böyük nəqliyyat-tranzit və enerji resurslarının dünya bazarlarına ixrac imkanlarına malikdir. Şərqdən Qərbə və Şimaldan Cənuba gedən bu yollar məhz Azərbaycandan keçdiyi üçün ölkəmiz Şərq ilə Qərb, Şimal ilə Cənub arasında ən qısa və iqtisadi cəhətdən əsas beynəlxalq ticarət yollarının birləşdiyi əlverişli logistik mərkəzə çevrilmişdir. Ölkəmizin əlverişli coğrafi mövqeyi ilə bərabər, həm də burada beynəlxalq ticarət üçün lazımi nəqliyyat infrastrukturlarının mövcud olmasıdır. Bununla yanaşı, dövlət başçısının 2007-ci ildə imzaladığı müvafiq Sərəncama uyğun olaraq və 2010-cu il noyabrın 3-də Prezident İlham Əliyev tərəfindən təməli qoyulan və 2014-cü ildə açılışı həyata keçirilən Bakı Dəniz Limanının yaradılması da mühüm önəm daşıyır. Layihənin birinci mərhələsi çərçivəsində bərə terminalı, quru yük terminalı, konteyner sahəsi, giriş-çıxış kanalı, avtomobil və dəmir yolları, eləcə də digər qurğular, infrastruktur obyektləri və binaların tikintisinə başlanıldı. Yerləşdiyi ərazinin böyük üstünlüklərə malik olması sayəsində yeni liman Azərbaycanda nəqliyyat təhlükəsizliyi məsələlərini uğurla həll etməyə, Bakını Xəzər hövzəsində çox müasir və böyük logistika, nəqliyyat mərkəzinə çevirməyə, Xəzəryanı ölkələr arasındakı əməkdaşlığı dərinləşdirməyə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə əlverişli imkanlar yaratmışdır.

Son illər Azərbaycanın nəqliyyat sektorunda bir sıra irimiqyaslı infrastruktur layihələri həyata keçirilib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin, müasir aeroportların, beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində dəmiryol xətlərinin yenilənməsi nəticəsində ölkənin xarici iqtisadi əlaqələri genişlənib. Tikintisi bu il başa çatdırılacaq Bakı-Tbilisi-Qars dəmiryol xətti Qərblə Şərq ölkələri arasında yük daşınmasında tranzit ölkə kimi Azərbaycan Respublikasının əhəmiyyətini daha da artırmışdır. Bu marşrut Qərb və Şərq ölkələrini birləşdirəcək ən qısa yoldur və onunla hər il 30 milyon tondan çox yük daşınması gözlənilir.

Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətlərinin tranzit potensialının inkişafı üçün bu gün Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizinin çox böyük əhəmiyyəti vardır. Müasir dövrdə yeni yaranmış reallıqlar çərçivəsində Xəzəryanı ölkələrdən tranzit yolla Köhnə Qitə istiqamətində daşınan karbohidrogen xammalın böyük hissəsi bu dəhlizin payına düşür. Hazırda Türkiyə-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə yola sərf edilən vaxt təqribən 10 gün çəkir. Gələcəkdə isə bu müddətin daha da azaldılması gözlənilir. Qeyd etmək lazımdır ki, bu il yanvarın 14-də Azərbaycan Respublikası Qazaxıstan, Gürcüstan və Ukrayna TRACECA dəhlizinin strateji tərkib hissəsi olan və ildə 15 milyon tondan çox yükdaşıma potensialına malik transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə yükdaşımalar üçün rəqabətqabiliyyətli güzəştli tariflər müəyyən edilibdir.

Aydın QASIMOV:

– Qərblə Şərq arasında körpü rolunu oynayan Azərbaycan Cənubi Qafqaz regionunda sülhün, təhlükəsizliyin bərqərar olmasına mühüm töhfə verir. Zəngəzur dəhlizinin açılması isə Azərbaycanın Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini daha da möhkəmləndirəcək. Belə ki, Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq Zəngəzur dəhlizi Avropa ilə Asiyanı birləşdirməklə Azərbaycan üzərindən Orta Asiyaya çıxışı da təmin edəcək. Region üçün sülhün, sabitliyin, inteqrasiyanın qarantına çevriləcək bu dəhliz türk dünyasının birliyini gücləndirməklə yanaşı, regionda yaradılan yeni nəqliyyat imkanları hesabına Avropa ilə Asiyanın daha sıx birləşməsinə, bu məsələdə regionun geosiyasi əhəmiyyətinin artmasına da səbəb olacaq. Cənubi Qafqazda əməkdaşlığın, sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin olunmasını dəstəkləyən və daim bu təşəbbüslərlə çıxış edən Azərbaycan Zəngəzur dəhlizini açmaqla Avropa İttifaqı, region dövlətləri və bölgədə maraqları olan başqa dövlətlər üçün də etibarlı tərəfdaş olduğunu nümayiş etdirir. Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək və bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrini bərpa etməklə Qərbdən Şərqə uzanacaq ticarət yolu olacaq. Həmçinin, bu dəhlizin reallaşması regionl nəqliyyat şəbəkələrinin genişlənməsinə səbəb olacaq və bölgə ölkələri arasında qarşılıqlı iqtisadi əlaqələri stimullaşdıracaq. Zəngəzur dəhlizi Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və Orta dəhliz kimi beynəlxalq nəqliyyat dəhlizləri daxilində bölgənin əhəmiyyətini daha da artıracaq. Belə ki, "Orta Dəhliz" marşrutunun tərkib hissəsi olan Zəngəzur dəhlizi Şimal-Cənub və Şərq-Qərb tranzit yolları arasında mühüm əlaqə yaradacaq.

Azərbaycan Qərblə Şərq arasında körpü rolunu oynayır və bu, istər iqtisadi, nəqliyyat-kommunikasiya, enerji təhlükəsizliyi, istərsə də siyasi dialoqun inkişaf etdirilməsi baxımından böyük önəm daşıyır.

Beləliklə, Ermənistanın acı məğlubiyyətə uğraması ilə nəticələnən daha bir görüş tarixə döndü. Görüşün nəticəsi olaraq bir daha şahid olduq ki, Avropa İttifaqı Prezident İlham Əliyevin irəli sürdüyü bütün təşəbbüsləri dəstəkləyir. Bu isə Ermənistanın sülh prosesinə mane olan bütün cəhdlərinin növbəti dəfə iflası deməkdir.

 “Respublika” qəzeti