sa sa 945
MBBİ-də Bitki fiziologiyası ixtisası üzrə dissertasiya işinin müdafiəsi keçirilib + Foto Okt 14, 2022 | 15:20 / Mühüm hadisələr

Oktyabrın 14-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun nəzdində fəaliyyət göstərən ED1.25 Dissertasiya Şurasında Şirin Mahmudovanın  2411.02- Bitki fiziologiyası ixtisasında biologiya üzrə fəlsəfə doktoru dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçirilib. Botanika İnstitutunun Bitki Fiziologiyası üzrə dissertantı Şirin Mahmudovanın “Nitellopsis obtusa hüceyrələrinin plazmalemmasının struktur labilliyi və funksional fəallığı” mövzusunda apardığı tədqiqat işinin elmi rəhbəri biologiya elmləri doktoru, professor Nağı Musayevdir.

Dissertasiya Şurasının sədri, AMEA-nın vitse prezidenti, akademik İradə Hüseynova şuranın bütün üzvlərinin iclasda iştirak etdiyini qeyd edib. Daha sonra Dissertasiya Şurasının elmi katibi, biologiya üzrə fəlsəfə doktoru, dosent Ulduza Qurbanova iddiaçının şəxsi işində olan məlumatlarla şura üzvlərini tanış edib və söz iddiaçıya verilib.

İddiaçı mövzunun aktuallığı, qarşıya qoyulmuş məsələlər və onların həlli yolları haqqında məlumat verib. O bildirib ki, dissertasiya işinin məqsədi intakt bitki hüceyrələrinin plazmatik membranlarının funksional fəallığı ərəfəsində mümkün struktur labilliyinin aşkarlanması və baş verən hadisələrin elektrofizioloji təhlili olub. Alınmış nəticələr tibb praktikasında toxumalarda kationun konsentrasiyasının variasiyasını izləmək üçün və həmçinin kənd təsərrüfatı kulturalarının mineral qidalanmasının optimallaşdırılması məsələlərinin həllində istifadə oluna bilər.

Disssertasiya işinin rəsmi opponentləri biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, AR ETN-nin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Xloroplastların fotokimyası laboratoriyasının müdiri İbrahim Əzizov,  biologiya elmləri doktoru, professor, AR ETN-nin Genetik Ehtiyatlar İnstitutunun Bitki fiziologiyası şöbəsinin müdiri Ramiz Əliyev, biologiya üzrə fəlsəfə doktoru, dosent, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Bitki fiziologiyası və biotexnologiya şöbəsinin aparıcı elmi işçisi Rüfət Mirzəyev öz çıxışlarında tədqiqat işinin bitki fiziologiyası sahəsində aparılmış tamamlanmış və dolğun iş olduğunu bildiriblər. Opponentlər dissertasiya işinin AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) fəlsəfə doktoru dissertasiyalarına qoyulan tələblərə tam cavab verdiyini, iddiaçının “Bitki fiziologiyası” ixtisası üzrə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almağa layiq olduğunu bildiriblər, eləcə də irad və tövsiyələrini nəzərə çatdırıblar.

Müzakirələrdə iştirak edən AMEA-nın müxbir üzvləri İbrahim Əzizov, Novruz Quliyev, İlham Şahmuradov, biologiya üzrə elmlər doktorları Vilayət Abdiyev, Yaşar Feyziyev, Şahniyar Bayramov, Səftər Süleymanov, Həsən Babayev dissertasiya işinə dair təklif və tövsiyələrini diqqətə çatdırıblar. Çıxış edənlər iddiaçının yerinə yetirdiyi tədqiqat işinin aktual mövzuya həsr edildiyini, elmi-praktiki baxımdan maraq doğurduğunu və elmi yeniliyə malik olduğunu bildiriblər.

Dissertasiya ətrafında geniş müzakirələr aparıldıqdan sonra, iddiaçı şura üzvlərinin suallarını cavablandırıb, opponentlərin tövsiyə və iradlarına münasibətini bildirib.

İddiaçının yekun sözləri dinlənildikdən sonra gizli elektron səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, Şirin Mahmudovaya biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.