sa sa 745
Molekulyar Biologiya və Biotexnologiyala İnstitutu beynəlxalq elmi konfransda geniş heyətlə təmsil olunub + Foto Okt 17, 2022 | 10:00 / Konfranslar, iclaslar

Oktyabrın 13-14-də Bakı Dövlət Universitetində akademik Mirəli Axundovun anadan olmasının 120 illiyinə həsr olunmuş “Biologiyada nailiyyətlər və çağırışlar” adlı 11-ci Beynəlxalq elmi konfrans keçirilib. Konfrans Bakı Dövlət Universiteti (BDU), ICESCO, İzmir Yüksək Texnologiya İnstitutu (Türkiyə) və Lahore Universitetinin (Pakistan) birgə təşkilatçılığı ilə baş tutub. Türkiyə, Fransa, İspaniya, Koreya, Serbiya, Bolqarıstan, Pakistan, Mərakeş, Hindistan, Belarus, Polşa, İran, Nigeriya, Özbəkistan, Rusiya, Argentina, Braziliya, Qazaxıstan, Gürcüstanın və həmçinin ölkəmizin bir çox ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarından olan tədqiqatçıların iştirakı ilə keçirilən beynəlxalq elmi konfransda genetika, molekulyar biologiya, mikrobiologiya, biofizika, biokimya, fiziologiya, nanobiotexnologiya, botanika, flora müxtəlifliyinin mühafizəsi, zoologiya və akvakulturalar, canlı sistemlərin ekologiyası kimi sahələr üzrə məruzələr dinlənilib. Konfransın bölmə iclaslarında  müxtəlif ölkələrdən olan dəvətli məruzəçilərin bu sahələrin problemləri və alınmış ən son nəticələr üzrə çıxışları olub.

AR ETN-nin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Proteomiks Beynəlxalq laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru İsmayıl Zülfüqarov konfransın plenar iclasında “Molecular biology and proteomics research to enhance crop production in Azerbaijan: towards sustaınable food security” mövzusunda çıxış edib. Daha sonra konfransın bölmə iclaslarında b.ü.f.d., dosent Ulduzə Qurbanova, b.ü.f.d. Səmra Mirzəyeva, Aynurə Paşayeva, Günay İsmayılova, Aygün Sadıqova, Fidan Yusifova və Günay Mustafayeva apardıqları tədqiqat işləri haqqında məlumat verib, institutumuzu təmsil edən digər gənc tədqiqatçılar poster nümayişində iştirak ediblər. 

BDU-nun rektoru Elçin Babayev bildirib ki, konfransın keçirilməsində əsas məqsədlərdən biri müxtəlif ölkələrin alimləri ilə biologiya sahəsində yeni əməkdaşlıqlar qurmaq və mövcud əlaqələri genişləndirməkdir. AMEA-nın vitse prezidenti, AR ETN-nin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova qeyd edib ki, biologiya elminin müasir istiqamətləri bütün elm sahələrinin inkişafına təsir göstərir. XXI əsrin biologiya əsri olduğunu vurğulayan alim bu sahədə növbəti konfransın Qarabağda keçirilməsini arzulayıb.