sa sa 632
18 Oktyabr Müstəqilliyin Bərpası Günüdür Okt 18, 2022 | 08:00 / Mühüm hadisələr

1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika yaradan Azərbaycan xalqı daha sonra baş vermiş ictimai-siyasi dəyişikliklər nəticəsində milli azadlığından, dövlət müstəqilliyindən məhrum olmuşdu. 1991-ci ildə Sovetlər İttifaqının dağılması ilə Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etmiş, Konstitusiya Aktı 1991-ci il dekabrın 30-da ümumxalq səsverməsi, referendum vasitəsilə bəyənilmişdir. Azərbaycanın müstəqilliyi mürəkkəb sosial-iqtisadi şəraitdə və xalqımızın ağır sınaqlardan keçdiyi bir dövrdə əldə edildi.  Müstəqilliyi bərpa etdikdən qısa müddət sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistanın ölkəmizə qarşı başladığı ərazi iddiaları və müharibə şəraiti, digər tərəfdən daxildə gedən siyasi çəkişmələr, vətəndaş qarşıdurması müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini yaradırdı. Məhz belə bir zamanda Azərbaycan xalqının tələbi ilə 1993-cü ildə Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu. Dövlət müstəqilliyinin əldə edilməsi xalqımızın ən böyük nailiyyətlərindən biridir. Əldə edilmiş müstəqilliyin, vətəndaş birliyinin, həmrəyliyin, sabitliyin qorunub saxlanılması, Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında rolunun və nüfuzunun möhkəmləndirilməsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Fəxr edirik ki, hal-hazırda Prezident İlham Əliyev Ulu Öndərin müqəddəs ideyalarını daha da inkişaf etdirərək uğurlu daxili və xarici siyasət həyata keçirir. Bunun nəticəsində Azərbaycan müstəqil dövlət olaraq daha da güclənir, dünya miqyasında söz sahibi olan dövlətə çevrilir.