sa sa 665
Ulu Öndər və Azərbaycan elmi Okt 20, 2022 | 08:00 / Nəşrlər

XX əsrdə Azərbaycan elminin və təhsilinin tərəqqisi milli məfkurənin, milli dövlətçiliyin təşəkkülü və möhkəmlənməsi ilə paralel gedib və demək olar ki, özünün intibah dövrünə tariximizin ən parlaq simalarından biri, müstəqil Azərbaycan Respublikasının qurucusu ulu öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda rəhbərliyə gəlməsi ilə başlayıb. Dünyanın siyasi tarixində dərin izlər buraxmış Ümummilli Lider hələ o zamandan respublikanın xalq təsərrüfatında elmin rolunun artırılmasını, həm fundamental, həm də tətbiqi elm sahələrinin inkişaf etdirilməsini öz fəaliyyətinin başlıca istiqamətlərindən biri elan etmişdi. Böyük rəhbərlik və təşkilatçılıq bacarıqları, fitri istedadı, yüksək intellekti, dərin bilikləri və novatorluğu ilə nümunə olan Ulu Öndər bütün fəaliyyəti dövründə dövlətin idarə olunmasına, xarici və daxili siyasətə, iqtisadiyyat, mədəniyyət, səhiyyə və s. sahələrə, milli təhlükəsizliyin təmin olunmasına aid bütün məsələlərin həllinə, taleyüklü qərarların qəbuluna hər zaman elmi cəhətdən əsaslandırmaqla yanaşmağa üstünlük verirdi və ətrafındakı insanlara bunun yeganə düzgün mövqe olduğunu aşılayırdı. Məhz həmin səbəbdən böyük idrak sahibinin, görkəmli mütəfəkkirin müəyyənləşdirdiyi istiqamətlər bu gün də ölkəmizdə elmin inkişaf yoluna işıq salmaqdadır və bu, gələcəkdə də dəyişməz olaraq qalacaqdır.

Bu fikirlər AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovanın “Ulu Öndər və Azərbaycan elmi” məqaləsində yer alıb.

Həm sovetlər dönəmində, həm keçid dövründə, həm də müstəqillik illərində qarşısına çıxan bütün çətinliklərin öhdəsindən uğurla gələn Azərbaycan Respublikası cəmiyyət həyatının bütün sahələrində intensiv inkişaf yoluna qədəm qoyub, ərazi bütövlüyünü bərpa edib, özünü qabaqcıl hesab edən bəzi ölkələrin təzyiq və təhdidlərinə rəğmən, öz təhlükəsizliyini yüksək səviyyədə təmin edə bilib. Təbii ki, bu nailiyyətlərdə ölkənin Heydər Əliyevin səyləri ilə yaradılmış elmi potensialının rolu danılmazdır. Ümummilli Liderin rəhbərlik bacarığı, uzaqgörənliyi, sonsuz xalq və vətən sevgisi, elmi biliklərin vacibliyinə verdiyi yüksək dəyər olmasaydı, Azərbaycan elmi yüksələ bilərdimi? Bu sualın cavabı birmənalıdır: əlbəttə ki, yox!

Ulu öndər Heydər Əliyev hər zaman insanlar arasında böyük nüfuzundan və ümumxalq sevgisindən istifadə edərək cəmiyyətin elm və təhsilə, elmi potensiala, alim və müəllimlərə münasibətinə məqsədyönlü şəkildə müsbət təsir göstərir, ictimai fikri doğru mövqeyə istiqamətləndirirdi. Ümummilli Lider keçən əsrin 70-ci illərdə Azərbaycanı keçmiş SSRİ-nin ən sanballı elm və təhsil mərkəzlərindən birinə çevirməyi özünün missiyası hesab edir və bu məqsədilə elmi-tədqiqat institutlarının, elmi işçilərin sayının artırılmasına çalışır, diqqət və qayğısını onlardan əsla əsirgəmirdi. Məhz o vaxtlardan başlayaraq Ulu Öndərin məqsədyönlü siyasəti və planlı fəaliyyəti sayəsində ölkədə elmin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndi, Azərbaycan elmi SSRİ-də və dünyada kifayət qədər tanıdıldı, tədqiqat işlərinin səviyyəsi yüksəldi, istiqamətləri genişləndirildi, elm və təhsil müəssisələrində çalışan hər kəs hərtərəfli qayğı ilə əhatə edildi. Çox mühüm və fərəhləndirici faktdır ki, mərkəzdə bəzi şovinist qüvvələrin əyalət kimi baxdıqları Azərbaycanda 1970-80-ci illərdə həm təbiət-texniki, həm də humanitar-ictimai elmlər sahəsində böyük elmi potensial yaradılmışdı. Bu dövrdə milli dil və ədəbiyyatın, ölkə tarixi və mədəniyyətinin tədqiqinə göstərilən xüsusi diqqət digər müttəfiq respublikalarla müqayisədə xeyli yüksək idi və hamımız bu amilin Azərbaycançılıq ideyasının elmi-nəzəri əsaslarının hazırlanmasında, gələcəkdə xalqımızın özünüdərkində, milli dövlət quruculuğunda və düşmən qüvvələrə qarşı informasiya müharibəsində nə qədər mühüm rol oynadığının şahidi olmuşuq.

Elmin inkişafına dövlət quruculuğunun vacib tərkib hissəsi kimi baxan Ulu Öndərin apardığı uzunmüddətli və məqsədyönlü dövlət siyasəti sayəsində geniş diapazonda elmi kadr hazırlığının aparılması, ölkə üçün yeni elm sahələrinin yaranması, elmi istiqamətlərin modernləşdirilməsi mümkün olmuş və bütün bunlar respublikada elmin inkişafına çox ciddi təkan vermişdir. Dahi lider Heydər Əliyevin təkcə sovetlər dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə 5 yeni ali təhsil müəssisəsi, onlarla kafedra, problem laboratoriyaları, yüzlərlə yeni ixtisaslar açılıb, ali təhsil alanların sayı 70 mindən 100 minə qədər artmışdı. Ulu Öndərin təşəbbüsü və himayəsi nəticəsində 1970-80-ci illərdə 80-dən yuxarı sahəni əhatə edən 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gənc qəbul imtahanlarını Bakıda verməklə SSRİ-nin 170-ə yaxın nüfuzlu ali məktəbində təhsil almağa göndərilmiş, onlara güclü mütəxəssis kimi yetişmələri üçün hər cür şərait yaradılmışdı. Bu hadisə unikal xarakter daşımaqla, Azərbaycanın gələcəyi üçün güclü kadr potensialının yaradılması demək idi.

Ulu öndər Heydər Əliyevin elmin ən müasir və perspektiv sahələrində yüksəkixtisaslı alim kadrların hazırlığı ilə bağlı yeritdiyi siyasi kurs Azərbaycanın elmi ictimaiyyəti tərəfindən hər zaman dəstəklənib. Qeyd etməliyəm ki, bu sahədə ən böyük xidməti görkəmli alim və ictimai-siyasi xadim akademik Cəlal Əliyev göstərib. Biokimya, molekulyar biologiya, biofizika, nanotexnologiya, bioinformatika, kompüter biologiyası və s. kimi mühüm elmi istiqamətlərin təşəkkülü və inkişafında, müxtəlif elm sahələri üzrə savadlı mütəxəssislərin yaxın və uzaq xaricdə təhsil alaraq və lazımi təcrübə toplayaraq biologiya və aqrar elmlər üzrə tədqiqatlara cəlb olunması istiqamətində Cəlal müəllimin gördüyü işlərin nəticələri bu gün Azərbaycan elminə dünya səviyyəsində nüfuz qazandırmaqdadır.

Ümummilli Lider hələ 1990-cı illərdə Azərbaycanda elmin inkişaf strategiyasının əsas müddəalarını və bu müddəaları həyata keçirmək üçün lazımi vəzifələri qəti olaraq müəyyənləşdirmişdi. Ulu Öndərin ortaya qoyduğu mövqe və cəmiyyətə verdiyi mesajlar elmimizin nüfuzunu daim artırmış, akademik qurumların ölkənin inkişafında rolu və mövqeyi möhkəmləndirmişdir.

Bu gün dünya elmi 4-cü sənaye inqilabını addım-addım arxada qoymaqdadır. Azərbaycanın da bu yolda davamlı şəkildə irəliləməsi üçün kifayət qədər elmi potensialı mövcuddur. Bu potensialı qorumaq və gücləndirməklə dövrün nəhəng çağırışlarına, Ümummilli Liderin və Prezident İlham Əliyevin elm və təhsilə, alim və müəllimlərə göstərdikləri böyük diqqət və qayğıya cavab vermək, ölkənin iqtisadi və hərbi qüdrətinin yuksəldilməsinə, işğaldan azad edilmiş torpaqlarımızda elmi tədqiqatların bərpası ilə “Böyük Qayıdış”a və “Böyük Dirçəliş”ə dəyərli töhfələr verilməsinə nail olmaq, dövlətin ərzaq, ekoloji və bioloji təhlükəsizliyini təmin etmək, dünya elminə inteqrasiyanı gücləndirmək mümkündür. İnanıram ki, böyük islahatlar yoluna çıxmış Azərbaycan elmi bütün bu vəzifələrin öhdəsindən uğurla gələ biləcəkdir.

AzərTac