Noyabrın 2-də AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun nəzdində fəaliyyət göstərən BFD1.25 Birdəfəlik Dissertasiya şurasında institutun Molekulyar biotexnologiya beynəlxalq laboratoriyasının böyük elmi işçisi Aytən Ağayevanın 2415.01 – Molekulyar biologiya və 2422.01 – Biotexnologiya (o cümlədən, bionanotexnologiyalar) ixtisaslarında “Azərbaycanın neftlə çirklənmiş torpaqlarından ayrılmış bakteriyaların antibiotik aktivliyə görə tədqiqi” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilib. Dissertasiya işi ABŞ Fraunhofer Molekulyar Biotexnologiya Mərkəzində və AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Molekulyar biotexnologiya beynəlxalq laboratoriyasında yerinə yetirilmişdir. İşin elmi rəhbərləri akademik İradə Hüseynova və biologiya üzrə fəlsəfə doktoru, professor Vidadi Yusibovdur. Birdəfəlik şuranın sədri - AMEA-nın müxbir üzvü İlhаm Şаhmurаdоv iclası açaraq disseratsiya şurasının 18 üzvündən 17-nin iştirak etdiyini bildirib. Dissertasiya Şurasının elmi katibi, biologiya üzrə fəlsəfə doktoru, dosent Ulduza Qurbanova iddiaçının şəxsi işində olan məlumatlarla şura üzvlərini tanış etdikdən sonra söz iddiaçıya verilib. İddiaçı mövzunun aktuallığı, dissertasiya işində qarşıya qolulan məqsəd, işin elmi yeniliyi, əldə edilən nəticələr haqqında ətraflı məlumat verib. Aytən Ağayeva qeyd deib ki, tədqiqat işinin əsas məqsədi Azərbaycanın neftlə çirklənmiş torpaqlarından yeni antibakterial birləşmələri sintez edən bakteriya ştamlarının aşkar edilməsi və identifikasiyası, həmçinin bu biomolekulların bəzi xüsusiyyətlərinin öyrənilməsi olmuşdur. Qeyd olunub ki, antimikrob aktivliyə malik ştamların mövcudluğu üçün qeyri-ənənəvi və az analiz edilmiş torpaqlar, məsələn, neftlə çirklənmiş torpaqlar, antimikrob birləşmələr sintez edən bakteriyalar üçün əlverişli mənbə ola bilər.Təqdim olunan işdə əldə edilmiş elmi tədqiqatların nəticələri gələcəkdə yeni antimikrob birləşmələrin uğurlu kəşfi və onların dereplikasiyası üçün istifadə edilə bilər.
Rəsmi opponentlər - Tacikistan MEA-nın müxbir üzvü, professor Kurbon Əliyev, biologiya elmləri doktoru, dosent Viktoriya Tsygankova və tibb elmləri doktoru, professor Adil Allahverdiyev dissertasiya işinə verdikləri rəyi oxuyub, tədqiqat işinin tamamlanmış və elmi yeniliyə malik olduğunu qeyd edərək dissertasiya işinin AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəlsəfə doktoru dissertasiyalarına qoyulan tələblərə tam cavab verdiyini, iddiaçının “Molekulyar biologiya”, “Biotexnologiya” (o cümlədən, bionanotexnologiyalar) ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almağa layiq olduğunu bildiriblər.
Müzakirələrdə iştirak edən AMEA-nın müxbir üzvü Nоvruz Quliyеv, elmlər doktorları - Əhəd Nəbiyev, Ziyəddin Məmmədov, Səftər Sülеymаnоv, Vəfa Qasımova və başqaları dissertasiya işini yüksək qiymətləndirərək onun müasir dövrün çağırışlarına uyğun, aktual, elmi yeniliyə və elmi-praktiki əhəmiyyətə malik tədqiqat işi olduğunu bildiriblər.
Daha sonra dissertasiya ətrafında geniş fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr səsləndirilib. İddiaçı şura üzvlərinin suallarını cavablandırıb, opponentlərin tövsiyə və iradlarına öz münasibətini bildirib.
İddiaçının yekun sözləri dinlənildikdən sonra gizli elektron səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, Aytən Ağayevaya biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.
Sonra akademik Akif Əlizadə, professor Əhəd Nəbiyev, professor Rövşən Xəlilov, professor Adil Allahverdiyev və digərləri institutun dərs otaqlarını gəzərək tədris prosesi ilə yaxından ilə tanış olublar. İnstitutun baş direktoru akademik İradə Hüseynova institutun maddi-texniki bazası və laboratoriyalarda aparılan elmi-tədqiqat işləri haqqında qonaqlara ətraflı məlumat verib.