sa sa 649
Şanlı Qələbə və ekoloji genosidə məruz qalmış təbiətimizin xilası Noy 10, 2022 | 09:56 / Nəşrlər

Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları tərəfindən Vətən tarixinin ən möhtəşəm hadisələrindən biri – müqəddəs torpaqlarımızın təcavüzkar Ermənistanın quldur ordusundan azad edilməsinin ildönümü artıq ikinci ildir ki, əziz bir bayram kimi coşqu ilə qeyd edilir. Azərbaycan dövlətinin tarixi ədalətin bərpası uğrunda apardığı 44 günlük Vətən müharibəsini və bu müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və qəhrəman Azərbaycan Ordusunun şücaəti sayəsində, şəhid və qazilərimizin qanı bahasına qazanılmış böyük Zəfər müstəqil dövlətçiliyimizin təntənəsi, ərazi bütövlüyümüzün bərpası, milli şərəfimizin təsdiqi olmaqla, Azərbaycan dövlətinin və xalqının əbədi qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılıb.

Bunu AZƏRTAC-a açıqlamasında AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova söyləyib. Akademik bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin və iqtisadiyyatının möhkəmləndirilməsi, ordu quruculuğu, silahlı qüvvələrin mödernləşdirilməsi sahələrində strateji siyasi kursunu uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin sarsılmaz iradəsi və qətiyyəti, bütün xalqı vahid amal uğrunda dəmir yumruq kimi birləşdirə bilməsi sayəsində regionun “bədxassəli şişi” olan Ermənistan adlı qondarma dövlətin torpaqlarımıza uzanmış xəyanətkar rişələrini qırıb atmaq mümkün olmuşdur.

Azərbaycan müstəqillik illərində Ulu Öndərin və Prezident İlham Əliyevin liderliyi ilə böyük bir inkişaf yolunu keçib, dünyanın siyasi və iqtisadi güclərinin belə hesablaşdığı qüdrətli dövlətə, Azərbaycanın Silahlı Qüvvələri isə regionun ən güclü ordusuna çevrilib. Tarixi zəfərin uğur platforması siyasi və hərbi strateq qabiliyyətləri ilə dünyada hər kəsi dərindən heyrətləndirmiş Azərbaycan Prezidenti tərəfindən uzun illər ərzində addım-addım hazırlanıb, qələbə öncə məhz diplomatik və informasiya cəbhələrində qazanılıb. Bu mübarizə, əldə edilmiş qələbələr heç də hərb meydanlarındakından asan başa gəlməyib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev müxtəlif tədbirlərdə, beynəlxalq təşkilatların, o cümlədən BMT-nin, Qoşulmama Hərəkatının tribunalarından verdiyi bəyanatlar, ədalətə və haqqa çağırışları ilə dünyanın “öndə gedən” və ermənilərə himayəçilik edən ölkələrini, siyasi və hərbi mərkəzlərini tək-tək və toplu halda zərərsizləşdirmiş, düşmənə endiriləcək həlledici zərbəyə hazırlığın təməl daşlarını informasiya və diplomatiya müharibəsində xeyli əvvəldən qoymağa başlamışdı.

Prezident İlham Əliyevin aşağıdakı sözləri məhz haqq mübarizəmizin və Böyük Qələbəmizin pasportu hesab edilə bilər: “... Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa etdik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra etdik”.

Müharibənin gedişində yurd yerlərimizin addım-addım öz azadlığına qovuşması məntiqi sonluğuna Azərbaycan mədəniyyətinin paytaxtı hesab edilən Şuşa şəhərinin unikal hərbi əməliyyatla düşmən tapdağından xilas edilməsi ilə yetişdi. Bu məntiqin davamı kimi 2022-ci ilin Prezident tərəfindən Azərbaycanda “Şuşa İli” elan edilməsi tarixi ədalətin bərpasının və dönməzliyinin sübutu, Azərbaycan xalqının və dövlətinin öz tarixinə, mədəni irsinə, babalarımızın incimiş ruhlarına sahib çıxması deməkdir.

44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin yaradıcıları olan Azərbaycan oğulları bu gün Şuşanı və bütün Qarabağı yenidən dirçəltmək uğrunda mücadilə aparmaqla sübut edirlər ki, vətən uğrunda şəhid olmağı şərəf bildikləri kimi yaşamağı və yaratmağı da bacarırlar.

“Mən şanlı Qələbədən ötən dövr ərzində bu mücadiləni, böyük dirçəlişin əyani təsvirlərini, Prezidentin “Biz doğma Qarabağı cənnətə çevirəcəyik” tezisinin real gücünü Ağdamın və Tərtərin işğaldan azad edilmiş və nəhəng tikinti meydanını xatırladan ərazilərində, Suqovuşanda, Zəngilana gedən yollar boyunca öz gözlərimlə böyük fərəhlə müşahidə etmişəm. Həm Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun, həm də Biologiya və Tibb Elmləri Bölməsinin regionda keçirilmiş tədbirlərinin hər bir iştirakçısı mənimlə bərabər olaraq eyni hissləri keçirmişdir. Biologiya və Tibb Elmləri Bölməsinin təşkilatçılığı ilə sentyabrın 22-23-də böyük uğurla keçirilmiş “Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda beynəlxalq konfransın nümayəndələrinin sentyabrın 24-də Şuşa şəhərinə səfəri zamanı keçirdiyim və unudulmayacaq hissləri isə heç bir başqa hisslə müqayisə etmək mümkün deyildir. Müvafiq fəaliyyətlərlə bağlı yol xəritələrinin müəyyənləşdirilməsi baxımından önəmli hadisə olmuş konfransın Cıdır düzündə təşkil edilmiş bağlanış mərasimində dinlənilmiş bütün çıxışlar, alimlərimizin üzlərində və gözlərindəki ifadələr o torpağın üzərində dayanmaq və dərindən nəfəs almaq zövqünü bizə yaşatmış Müzəffər Ali Baş Komandana və Silahlı Qüvvələrimizə sonsuz təşəkkürlər, qəhrəman şəhidlərimizin müqəddəs ruhlarına ehtiram və məhəbbətlə yoğrulmuşdu.

Bu gün Azərbaycan alimləri də Böyük Qayıdış və dirçəlişə öz töhfələrini verməkdə, işğaldan azad edilmiş ərazilərimizə elmin də böyük qayıdışını gerçəkləşdirməkdədirlər. Qarabağın yeraltı və yerüstü, canlı və cansız, təbii və mədəni sərvətlərinin, mövcud bioloji və ekoloji durumunun, inkişaf perspektivlərinin öyrənilməsi üzrə ciddi multidisiplinar tədqiqatlar aparılmaqdadır. Sevindirici haldır ki, Azərbaycan Respublikasının “Qırmızı kitabı”nın III nəşrinin hazırlanması prosesinə artıq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əraziləri də cəlb edilib. AMEA-nın “Həyat elmləri və biotibb” jurnalının bu günlərdə ingilis dilində çapdan çıxacaq daha bir xüsusi nömrəsi Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatlarının tədqiqinə həsr edilib. Nə yaxşı ki, Azərbaycan xalqı dövlətimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizə də daxil olmaqla, bütün taleyüklü məsələlərdə Prezident ilə yanaşı dayanır, ona haqlı olaraq güvənir, apardığı siyasəti tam dəstəkləyir. Nə yaxşı ki, sarsılmaz iqtidar-xalq birliyi güc mənbəyimizdir. Zamanı gələndə dövlətimizin başçısının çağırışı ilə xalqımızın fədakar övladları əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək müqəddəs Vətənin şərəfi və namusu, müstəqil dövlətçiliyimizin qorunması və çiçəklənməsi uğrunda ayağa qalxır, xalqın gələcəyi və təhlükəsizliyi naminə damarlarının qanını, alınlarının tərini, qollarının gücünü, elmi bilik və intellektlərini tərəddüdsüz olaraq ortaya qoyur, əsirgəmirlər.

Əminəm ki, işğaldan azad edilmiş ərazilərimizdə dövlətimizin başçısının rəhbərliyi ilə milli birliyimizin təntənəsi sayəsində həyata keçirilən möhtəşəm infrastruktur layihələri, yaradılan yeni, müasir, abad, ağıllı yaşayış məntəqələri, bərpa və inkişaf etdirilən müxtəlif təsərrüfat sahələri, təbiət və tarixi abidələrimiz yeni-yeni zəfərlərin carçıları, ayaq səsləridir.

Bu gün Zəfər Gününün hərarəti azərbaycanlı kimliyinin vətənpərvər ruhunu isitdiyi kimi, böyük bərpanın mühəndisindən fəhləsinə, alimindən kənd təsərrüfatı işçisinə, məmurundan qulluqçusuna qədər hər bir müsəlləh əsgərlərinin də gücünə güc qatır, yollarına nur saçır. Zəfər Gününün hərarətini bir dəfə hiss etmiş xalqla isə artıq heç kəs güc diliylə danışa, torpağına, şərəfinə, müstəqilliyinə, təhlükəsizliyinə göz dikə bilməz! Əminəm ki, bu hərarət, bu od heç zaman zəifləməyəcək, şəhid məzarları üzərindəki güllər heç vaxt solmayacaq, Azərbaycanın yeni dövr tarixinin hər günü Zəfər Günü kimi möhtəşəm olacaq”, - deyə akademik İradə Hüseynova bildirib.