sa sa 599
Türkiyənin Dokuz Eylül Universiteti və AMEA-nın birgə təşkilatçılığı ilə fundamental elmlər üzrə seminar keçirilib + Foto Noy 21, 2022 | 10:05 / Konfranslar, iclaslar

Noyabrın 18-də Türkiyənin Dokuz Eylül Universiteti (DEU) və AMEA arasında bağlanmış müqavilə əsasında iki qurumun birgə təşkilatçılığı ilə fundamental elmlər üzrə ikinci beynəlxalq ikitərəfli onlayn seminar öz işinə başlayıb.

“Zoom” platforması üzərindən baş tutan elmi tədbirin açılış mərasimində çıxış edən DEU-nun Fənn fakültəsinin kafedra müdiri, professor Levent Çavaş iştirakçıları proqramla tanış edib. Dekan 5 elm sahəsini (biologiya, kimya, fizika, riyaziyyat, kompüter elmləri, Yer elmləri) əhatə edən ötənilki seminarın böyük uğur qazandığını qeyd edib. O, bu il elm sahələri sırasına Yer elmlərinin də əlavə edildiyini, eləcə də məruzələrin sayının artırıldığını diqqətə çatdırıb.

DEU-nun Fənn fakültəsinin dekanı, professor Aylin Alın isə çıxışında artıq ikinci dəfədir keçirilən beynəlxalq elmi seminarın Azərbaycan və Türkiyə arasında elmi əlaqələrin möhkəmləndirilməsi, birgə tədqiqatların aparılması, elmi problemlərin müzakirəsi baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib, tədbirin işinə uğurlar arzulayıb.

Sonra AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının sədri, akademik İradə Hüseynova çıxış edərək DEU-nun rəhbərlərini və seminar iştirakçılarını həm öz adından, həm də seminarın fəxri sədri, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin adından salamlayıb.

Akademik İradə Hüseynova bugünkü seminarın Azərbaycan və Türk dünyası üçün çox əlamətdar bir dövrə - Qarabağda işğalçı Ermənistan üzərində qazanılmış tarixi Zəfərin ikinci ildönümü günlərinə təsadüf etdiyini bildirib.  

“AMEA son 2-3 il ərzində Türkiyənin elm və təhsil müəssisələri ilə çox sayda ortaq beynəlxalq elmi tədbirlər həyata keçirib”, - deyən AMEA-nın vitse-prezidenti əlavə edib ki, müvafiq elm sahələri üzrə tədqiqatların inkişafına töhfələr vermək, onlardan alınmış mühüm nəticələri bölüşmək və fikir mübadiləsi aparmaq, eyni zamanda gələcək elmi, elmi-texniki əməkdaşlığa təkan vermək bu tədbirlərin ana xəttini təşkil edib.

Onun sözlərinə görə, müvafiq elm sahələrində aparılan fundamental tədqiqatlar, edilən elmi kəşflər gələcəkdə innovativ yeniliklərə, tətbiqi sahələrin inkişafına təkan verəcək: “Biz alimlərin üzərinə düşən vəzifə Türkiyədə və Azərbaycanda bu elmlərin və onlar üzrə elmi kadr hazırlığının gücləndirilməsinə, birgə tədqiqatların əlaqələndirilməsinə töhfələr verməkdir. Əminəm ki, bu gün Azərbaycan elmində aparılan islahatlar qeyd edilən elm sahələrinin, eləcə də bu sahələr üzrə Türkiyə elmi ilə əməkdaşlığımızın, dünya elminə inteqrasiyanın inkişafında əhəmiyyətli uğurlar qazanmağa imkan verəcəkdir”.

Akademik İradə Hüseynova AMEA ilə TÜBİTAK arasında bağlanmış müqavilələr əsasında çoxsaylı ikitərəfli qrant layihələrinin icra edilməkdə olduğunu diqqətə çatdırıb. Alim cari ildə də birgə qrant müsabiqəsinə bir neçə layihənin hazırlanmaqda olduğunu, bu layihələr sırasında 9 Eylül Universiteti ilə AMEA institutlarının ortaq layihəsinin də yer aldığını vurğulayıb.

Vitse-prezident çıxışının sonunda tədbirin işinə uğurlar arzulayıb, seminarın bir sıra yeni elmi əməkdaşlıq əlaqələrinin qurulmasına və elm qarşısında duran aktual problemlərin həllinə istiqamətlənmiş birgə tədqiqatların aparılmasına ciddi təkan verəcəyinə əminliyini ifadə edib.

Daha sonra çıxış edən DEU-nun rektoru, professor Nükhet Hotar beynəlxalq seminarın əhəmiyyətinə diqqət çəkib, rəhbərlik etdiyi universitetin son illərdə qazandığı uğurlardan və planlardan danışıb. O, DEU-da Azərbaycanın universitetləri və AMEA ilə əlaqələrə böyük önəm verildiyini və bu əlaqələri gücləndirmək istiqamətində çalışdıqlarını bildirib.

Sonra seminar öz işini 6 elm sahəsi üzrə paralel seksiyalarda davam etdirib.

Qeyd edək ki, seminarın fəxri sədrləri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və DEU-nun rektoru, professor Nükhet Hotar, sədrləri isə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova və DEU-nun Fənn fakültəsinin dekanı, professor Aylin Alındır.

science.gov.az