sa sa 671
Monpelye Universitetində Fidan Hüseynovanın dissertasiya işinin müdafiəsi keçirilib + Foto Dek 07, 2022 | 11:00 / Mühüm hadisələr

Azərbaycan Milli Elmlər Akademiyası və Fransanın Monpelye Universiteti arasında imzalanmış Əməkdaşlıq haqqında Çərçivə Sazişinə uyğun olaraq birgə doktorantura proqramını başa vuran AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) Populyasiya genomiksi laboraoriyasının kiçik elmi işçisi Fidan Hüseynovanın “Diş toxumasının bərpası üçün diş pulpunun  kök hüceyrələrinin angiogenik aktivləşməsi” mövzusunda  dissertasiya işinin müdafiəsi Monpelye Universitetində keçirilib. İşin elmi rəhbərləri Fransa tərəfindən Dr. Veronique Barragan-Montero, Azərbaycan tərəfindən b.ü.f.d., dos. Ələmdar Məmmədovdur. Müdafiə şurasının tərkibinə Dr. Veronique Barragan-Montero, Dr. Myriam Martino, Dr. Amparo Lugas Cortes, Dr. Frederic Kuiziner ilə yanaşı, MBBİ-nin Genomun quruluşu və ekspressiyası laboraoriyasının müdiri, b.ü.f.d., dos. Ələmdar Məmmədov və Proteomiks beynəlxalq laboratoriyasının müdiri, b.ü.f.d. İsmayıl Zülfüqarov da daxil ediliblər və şuraya rəhbərlik İsmayıl Zülfüqarova tapşırılıb.

 Doktorant Fidan Hüseynovanın dissertasiya işini ətraflı təqdim edib. Dissertasiya sümüklərin regenerasiyası zamanı angiogenezin/osteogenezin yaxşılaşdırılmasının öyrənilməsinə həsr olunub. Çoxsaylı mezenxim kök hüceyrələri içərisində diş pulpasının kök hüceyrələri (DPKH) multipotentlik nöqteyi-nəzərindən toxuma mühəndisliyində daha çox ümidverici yanaşma hesab olunur.  Bu məqsədlə mannoza-6-fosfatın (M6F) diş hüceyrələrinə və yeni sintez olunmuş CH3-M6F -in diş pulpasının kök hüceyrələrinə təsiri nəticəsində angiogenez/osteogenez proseslərində baş verən dəyişiklər və molekulyar səviyyədə induksiya olunan genlərin ekspressiyası tədqiq edilib, orqanizmin əsas anabolik hormonu olan insulinin diş pulpa hüceyrələrinin (DPH) proliferasiyasına və osteogen differensiasiyasına təsiri öyrənilib. Aşkar edilib ki, insulin böyümə faktoru rolunda çıxış edərək 25 saatdan sonra DPH-ın proliferasiyasını və bəzi osteogen markerlərin (Col1, RunX2, ALP, Osc, Mef2C) və TGF b (transformasiyaedici böyümə faktoru beta) yolunun iştirakçıları olan Smad3, TSP1, VEGF genlərinin mRNT səviyyəsində ekspressiyasını artırır. Bu onu göstərir ki, həm angiogen, həm osteogen xassələrə malik olan insulindən şəkərli diabetdən əziyyət çəkməyən xəstələrdə sümüklərin regenerasiyasında istifadə edilə bilər.

5 saata yaxın davam edən müzakirələrdə Fidan Hüseynova Elmi şuranın üzvlərinin çoxsaylı suallarını cavablandırıb. Opponentlərin də müsbət rəyi dinlənildikdən sonra Fidan Hüseynova biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

Səfər çərçivəsində Ələmdar Məmmədov və İsmayıl Zülfüqarov Monpelye Universitetinin Saglamliq üçün Kimya və Biologiya Elmləri Bölməsinin Odontologiya fakültəsinin Biomuhəndislik və Nanoelmlər laboratoriyasında olub,  həmçinin Dr. Sofia Kossid və  Dr. Hélène Démén ilə müzakirələr aparıblar. Gələcəkdə bu təşkilatlar arasında daha geniş əlaqələrin quruması və ikitərəfli əməkdaşlığın əsasını qoymaq üçün razılıq əldə olunub.