sa sa 574
Dendrologiya İnstitutunun illik hesabat iclası keçirilib + Foto Dek 13, 2022 | 13:34 / Konfranslar, iclaslar

AR Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Dendrologiya İnstitutunun 2022-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında hesabat tədbiri keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclasa sədrlik edən AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova 12 dekabr tarixinin Ulu Öndər Heydər Əliyevin anım günü olduğunu vurğulayıb, müstəqil Azərbaycanın memarının dövlətimiz və xalqımız qarşısında xidmətlərindən bəhs edib.

Sonra akademik İradə Hüseynova Azərbaycanın “Qırmızı kitab”ının 3-cü nəşrinin hazırlanması ilə bağlı Xızı rayonuna ezam olunan zaman faciəli şəkildə həyatını itirən AMEA-nın müxbir üzvü, Dendrologiya İnstitutunun sabiq direktoru, tanınmış alim, bacarıqlı elm təşkilatçısı və gözəl insan, mərhum Tofiq Məmmədovun elmi təşkilati fəaliyyətindən, institutun fəaliyyəti ilə bağlı xidmətlərindən danışaraq alimin əziz xatirəsini anıb.

Yığıncaqda Dendrologiya İnstitutunun 2022-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları barədə hesabat məruzəsi dinlənilib. Hesabatı institutun baş direktoru vəzifəsini icra edən, b.ü.f.d., dosent Minarə Həsənova təqdim edib.

Məruzəçi ilk olaraq, cari ildə Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, dövlət proqramları ilə əlaqədar tapşırıqların icrası haqqında məlumat verib.

Qeyd edilib ki, 2022-ci ildə AMEA-nın Dendrologiya İnstitutunun 8 laboratoriyasında 1 elmlər və 14 fəlsəfə doktoru tərəfindən 1 problem çərçivəsində, 8 mövzu, 30 mərhələ üzrə 15 elmi tədqiqat işi aparılıb. 30 mərhələ üzrə hər mərhələ əsasında 1 nəticə alınmış və 6 mühüm nəticə əldə edilib. Onlardan bir neçəsi ən mühüm nəticə kimi seçilib. Geranium vulqaris L., Mentha piperita L., Urtica dioica L., Caragana L.  Catalpa bignonioides Walter, Campsis radicans (L.) Seem., Jacaranda mimisifolia D.Don.və Chilopsis linearis D.Don bitki növləri laboratoriyalar tərəfindən ekoloji xüsusiyyəti öyrənilib və yaşıllaşdırmada tərbiq edilir.

2022-ci ildə institutun əməkdaşları tərəfindən 1 patent, 2 monoqrafiya, 128 məqalə və tezis, yerli 23 məqalə və 53 tezis, o cümlədən xaricdə 42 məqalə və 10 tezis çap etdirilib. İşğaldan azad edilmiş ərazilərin bərpası üzrə Oxçuçay və Bəsitçay Dövlət Təbiət Qoruğunun ekoloji terrora məruz qalan ərazilərinin canlılar aləminin bərpası, ətraf ərazilərində torpaq və bitki örtüyünün taksonomik tərkibinin təhlili, nadir növlərin repatriasiyası, dendroiqlim və dendroxronoloji təhlillərin aparılması, tarixi təbiət abidələrinin inventarlaşdırılması və sertifikatlaşdırılması, Qarabağ ərazilərində bioloji müxtəliflik komponentlərinin nadir növlərinin təbii bərpasının təmin edilməsi, prioritet dendroxronoloji təhlili, meşə fitosenozlarında senopopulyasiyaların müasir vəziyyətinin öyrənilməsi, qorunub saxlanılması və onlardan davamlı istifadə olunması işlərinin aparılacağı vurğulanıb.

Məruzəçi Dendrologiya İnstitutunun elmlə təhsilin və iqtisadiyyatın inteqrasiyası məqsədilə yüksək ali və orta ixtisas məktəbləri, universitetlərlə birgə mütəmadi olaraq ətraf mühitin mühafizəsi istiqamətində ekoloji, metodik layihələrin keçirildiyini qeyd edib. 2022-ci ildə institutun fəaliyyətinin elektron mediada işıqlandırılması işi uğurla həyata keçirilib. Dendrologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin təşkilatçılığı ilə Zəfər TV internet kanalında silsilə çəkilişlər aparılıb. Zəfər TV internet kanalı institutun laboratoriyalarının elmi fəaliyyətini əks etdirən 45 sujet hazırlayaraq yayımlayıb. Biologiya elminə aid beş mindən artıq məqalə vikiləşdirilib və redaktə edilib.

Cari  ildə 11 may 2022-ci il tarixində “Şuşa ili” çərçivəsində II Xarıbülbül rəsm və əl işlərindən ibarət ümumrespublika yaradıcılıq müsabiqəsi  keçirilib. 01-04 iyul 2022-ci il tarixlərində Dendrologiya İnstitutu və Türkiyənin Beynəlxalq Təhsil və Elmi araşdırmalar Cəmiyyətinin (İSRES) təşkilatçılığı ilə birgə 27 ölkədən 91 beynəlxalq nümayəndənin iştirakı ilə “Tibb, sağlamlıq və həyat elmləri” mövzusunda IV beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Sonra məruzəçi sualları cavablandırıb. Tədbirdə Sənaye əhəmiyyətli bitkilər laboratoriyasının müdiri, b.e.d., dosent Zümrüd Məmmədova, Bitki sistematikasının müdiri,  b.ü.f.d., dosent  Ramiz Ələkbərov, Mərkəzi Eksperimental laboratoriyasının müdiri, b.ü.f.d., dosent Afiq Qazıyev çıxış edərək hesabat ilində görülən işlərdən danışıblar və müəssisənin 2022-ci ildəki fəaliyyətini müsbət qiymətləndiriblər. İclasa Zoom proqramı üzərindən onlayn qoşulan akademik Tariyel Talıbov da çıxış edərək qurumun 2022-ci ildəki fəaliyyətini müsbət qiymətləndirib, təkliflərini bildirib.

Akademik İradə Hüseynova müzakirələrə yekun vuraraq Dendrologiya İnstitutunun hesabatını qənaətbəxş hesab edib, öz tövsiyə və tapşırıqlarını verib.

science.gov.az