sa sa 552
MBBİ-nin baş direktoru akademik İradə Hüseynova Ekoloji məsələlər üzrə İşçi qrupun iclasında iştirak edib + Foto Fev 24, 2023 | 12:18 / Konfranslar, iclaslar

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Laçın şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Ekoloji məsələlər üzrə İşçi qrupun iclasında iştirak edib.

Tədbirdən əvvəl İşçi qrup üzvlərinin, o cümlədən akademik İradə Hüseynovanın iştirakı ilə Laçın rayonunun Sus kəndi ərazisində Həkəri çayına Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşmüş çay qızılxallısı (qızılxallı forel) balıqları buraxılıb.

Region üçün mühüm əhəmiyyət daşıyan tədbirdə İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri ilə yanaşı, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Şuşa şəhəri Dövlət Qoruq İdarəsinin, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları da iştirak ediblər.

İclasda müvafiq qurumlar tərəfindən görülmüş işlər təqdimatları dinlənilib, geniş müzakirələr aparılıb.

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova öz çıxışında Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman Azərbaycan ordusu tərəfindən torpaqlarımız işğaldan azad edildikdən sonra Qarabağa “Elmin Böyük Qayıdışı” üçün də şərait yarandığını bildirib, ötən dövr ərzində alimlər tərəfindən regionda bioloji və radioekoloji monitorinqlərin həyata keçirildiyinə, torpaq və su resurslarının tədqiq edildiyinə diqqət çəkib. Natiq deyib ki, bu tədqiqatlarda ötən ilə kimi AMEA-nın tərkibində fəaliyyət göstərmiş Botanika, Zoologiya, Mikrobiologiya, Dendrologiya, Torpaqşünaslıq və Aqrokimya, Radiasiya Problemləri, Geologiya və Geofizika və s. institutlar xüsusilə fərqləniblər. Monitorinq tədqiqatları ilə Laçın rayonu da əhatə edilib.

Sonra akademik İradə Hüseynova Laçın rayonunun bioloji müxtəlifliyi, flora və faunası, Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşmüş və arealları işərisində Laçın rayonunun da olduğu növlər haqqında ümumi məlumat verib, müvafiq elmi tədqiqat institutları tərəfindən aparılmış monitorinqlərin nəticələri ilə toplantı iştirakçılarını tanış edib. O, ilk növbədə botaniklər tərəfindən Laçın rayonunda aparılmış ekspedisiya haqqında danışıb.

Akademik İradə Hüseynova Şuşa şəhərinin, eləcə də Laçın dəhlizinin müəyyən yerlərində torpaqdan götürülmüş nümunələrin mikrobioloji analizi nəticəsində torpaqların mikobiotasının həm kəmiyyət, həm də keyfiyyət dəyişikliyinə uğradığını bildirib. Sonra alim Laçın rayonu ərazisində 2021-2022-ci illərdə bir neçə dəfə aparılmış radioekoloji monitorinqlərin nəticələri barədə qısa məlumat verib.

İclasın sonunda Laçın rayonunun ekoloji durumu müzakirə olunub, bu sahədə atılacaq addımlar barədə fikir mübadiləsi aparılıb.