AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Xocalı soyqırımı”nın 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan İnstitutun baş direktoru, akademik İradə Hüseynova Xocalı soyqırımının Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin ən dəhşətli təzahürü olduğunu söyləyib. O, 1992-ci il soyuq qış gecəsində erməni qəsbkarlarının Xocalı əhalisinə qarşı törətdikləri dəhşətli qətliam nəticəsində 63 uşaq, 106 qadın, 70 qoca olmaqla 613 nəfər dinc Azərbaycan vətəndaşı qətlə yetirilib. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də naməlumdur. Akademik qeyd edib ki, XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir və belə bir cinayət cəzasız qalmamalıdır. İ.Hüseynova Ümummilli Lİder Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyini nəzərə çatdırıb. Xocalı və digər faciələrimizdən ibrət dərsi almalı olduğumuzu vurğulayan akademik, Vətən müharibəsindən sonra qalib Azərbaycan dövlətinin bütün müstəvilərdə üstün mövqeyə sahib olmasından, güclü dövlətə malik xalqımıza qarşı artıq belə soyqırımı aktlarının həyata keçirilməsinin mümkünsüzlüyündən və bunun dəyərini anlamağımızın vacibliyindən bəhs edib. Qəhrəman Azərbaycan ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı zəfər qazanaraq öz qisasını almış və şəhidlərimizin qanını yerdə qoymamışdır. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında reallaşdırılan islahatlar sayəsində Azərbaycan bütün dünya üzrə ən dinamik templərlə inkişaf edən ölkələr sırasına yüksəldi.
Daha sonra tədbirdə AMEA-nın müxbir üzvü İbrahim Əzizov, b.e.d. Şahniyar Bayramov, Təhsil şöbəsinin baş mütəxəssisi Qənfilə Bayramova, ermənilərin törətdikləri vəhşiliklərin bizim tariximizdə qanla əks olunduğunu və yaddaşımızdan heç zaman silinməyəcəyəni bildirblər. Bioadaptasiya laboratoriyasının böyük elmi işçisi b.ü.f.d. Səmra Mirzəyeva və İnstitutda istehsalat təcrübəsi keçən Bakı Dövlət Universitetinin tələbələri - Əliyev Elşən, Məmmədova Rəvanə, Ədilova Ləman və Məmmədova Nərgiz çıxış edərək Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılmasında gənclərin rolunun əhəmiyyətli olmasından bəhs ediblər. Onlar bildiriblər ki, Azərbaycan xalqı heç vaxt Xocalı faciəsini unutmayacaq və unutdurmayacaq.
Tədbirin sonunda Xocalı faciəsinə həsr olunmuş film nümayiş etdirilib.