Hazırda cəmiyyət arasında ali təhsil aldıqdan sonra iş tapa bilməyən kəsim kifayət qədər böyükdür. Bu sırada müəllimlik ixtisasını bitirən gənclərimiz də var.
Bakı Dövlət Universitetinin ilin ən gənc müəllimlərindən biri olan 25 yaşlı Əsmər Hüseynova Sfera.az-a müsahibəsində müəllim kimi çalışmağın müxtəlif tərəflərindən danışıb. Adıçəkilən universitetin Biologiya fakültəsində Botanika və bitki fiziologiyası kafedrasında çalışan gənc kadr bu ixtisasa “əlçatmaz” sahə olaraq yanaşanlara münasibət bildirib.
Müsahibəni təqdim edirik:
-Əsmər xanım, sizcə, universitetdə müəllim olmaq daha çətindir, yoxsa məktəbdə müəllim kimi fəaliyyət göstərmək?
-İstər məktəbdə, istərsə də universitetdə müəllimlik qürur duyulası və müqəddəs peşədir. Çünki demək olar ki, bütün sahədə çalışan şəxsləri – polisi, həkimi, mühəndisi biz yetişdiririk. İxtisasından, peşəsindən asılı olmayaraq hər bir şəxs həm də müəllimin əsəridir. Məktəbdə və universitetdə müəllim olmaq arasında müəyyən fərqlər var. Məktəbdə müəllimlər kiçik uşaqları yetişdirməyə, onları frd olaraq cəmiyyətə hazırlamağa çalışırlar. Həmin fərdlər isə sonradan universitetə daxil olurlar. Düşünürəm ki, məktəb müəllimləri bizə nisbətdə daha çox əziyyət çəkirlər. Çünki fərdin təməli məktəbdə qoyulur və bütün məsuliyyət həm də məktəb müəllimlərinin üzərində olur. Lakin universitet fərd yox, şəxsiyyət yetişdirməyə çalışır. Şəxsiyyət isə müxtəlif sferalarda – ailədə, cəmiyyətdə, çalışdığı mühitdə örnək olmalıdır. Bundan başqa, gənclərə təsir etmək, onların hansısa məsələdə fikrini dəyişmək uşaqlardan çox çətindir. Hətta düzgün hesab etdiyimiz fikirləri belə, gənclərə təlqin etməkdə çətinlik yaşaya bilirik. Bu mənada ali təhsil müəssisəsində müəllim olmağı da asan bir fəaliyyət kimi səciyyələndirə bilmərik.
-Bəzi hallarda universiteti, eyni zamanda magistraturanı bitirən gənclər bildirir ki, ali təhsil müəssisələrində müəllim kimi fəaliyyət göstərmək istəsələr də, bu istəkləri reallaşmır. Doğrudan, bariyerlər belə böyükdür?
-Bəzən cəmiyyət arasında düşünənlər olur ki, “kiminsə köməyi olmadan hansısa məqsədə çatmaq olmur”. Lakin dünya təcrübəsinə diqqət yetirsək görərik ki, heç bir dəstəyi olmayan insanlar çox yüksək vəzifələrə gəlib çatır, bizneslərini qururlar. Bir müəllim kimi bildirmək istəyirəm ki, əgər qarşına məqsəd qoymusansa, o məqsədə gec ya tez nail olacaqsan. Onu da bildirim ki, hər universiteti bitirən tələbə çalışmağa hazır olmur. Bunun da səbəbi bəzilərinin sadəcə diplom xatirinə universitetə daxil olması, yaxud qiymət üçün dərsləri oxumasıdır. Müəllim kimi çalışmaq isə həddindən artıq çətindir. Auditoriyaya girən müəllim bəlli bir savada və intellektə sahib olmalı, öz üzərində daimi çalışmalıdır. Elm və texnologiya o qədər sürətlə çalışır ki, biz əgər müəyyən qədər geri qalsaq, mənzərə yaxşı olmaz. Bu gün müəllimlərin imtahan verməsi cəmiyyət arasında birmənalı qarşılanmır. Amma mən düşünürəm ki, bu, müəllimləri oxumağa, öyrənməyə təşviq edir. Biz elmin pik səviyyədə inkişaf etdiyi dövrdəyik, bunu mütləq nəzərə almaq lazımdır. Bir insan özünü pedoqoji şəkildə inkişaf etdirmək istəyirsə, bunun üçün universitetlərdə imkanlar yaradılır. Fikir verirəm ki, müxtəlif universitetlərdə gənc işçilərin sayı artmaqdadır.
-Gənc yaşda demək olar ki, sizdən bir neçə yaş aşağı olan tələbələrə dərs vermək çətinlik yaratmır? Bir növ, müəllim gənc olanda tələbələrin dərsdə nizam-intizamı pozması ilə bağlı düşüncələr mövcuddur…
-Əslində bu sualla tez-tez rastlaşıram. Yaş faktoru təhsil müəssisəsində olan 2 şəxsin bir-birinə qarşı nizam-intizam qaydalarını pozmağa imkan verə bilməz. Məsələn, bir 60-70 yaşlı müəllim hansısa gənc tələbəni ondan böyük olduğu üçün təhqir edə, kobudluq edə bilər? Bu, düzgün bir yanaşma deyil. Bəlkə tələbənin elə təhsili, İQ gücü var ki, o qarşısındakı müəllimə bərabərdir? Yaş faktoru təhsil və tərbiyədə rol oynamamalıdır. 4 ildən artıqdır ki, universitetdə tədrisdə iştirak edirəm, hər semester başlayanda tələbələrə bildirirəm ki, mən pis tələbə görməmişəm. Yəni pis tələbə yoxdur, ona doğru davranmayan müəllim var. Çox sevinirəm ki, bütün tələbələrlə qarşılıqlı hörmət təmin olunub və həmin tələbələr arasında universiteti bitirən, çalışanlar bu gün mənimlə kommunikasiyada olurlar. Tələbənin uğurlu olması həm də mənim uğurumdur.
“Bəzən dərsi müzakirə, hətta mübahisə əsasında da keçirəm…”
-Bəs yaxşı, elə hal olubmu ki, tələbələr sizi biliyinizlə sınağa çəkməyə çalışsınlar, yaxud çətin sual qarşısında qalasınız?
-Nəzərə almaq lazımdır ki, indi açıq internet dövrüdür. Tələbə sualı olacağı halda ona internet vasitəsilə də cavab tapa bilər. Müəllim isə yeniliklərə hakim olmalıdır. Lakin onu da bildirməliyəm ki, heç kəs bütün sualların cavabını bilə bilməz. İxtisasa hakim ola, yeniliklərdən xəbərdar ola bilərsən, amma bu, hər şey haqqında məlumatlı olmağın anlamına gəlməz. Təcrübəmdə elə hal olmayıb ki, hansısa tələbə məni sınağa çəkməyə çalışsın. Hansısa mövzu haqqında az məlumat verirəmsə, növbəti dəfə araşdırma edib həmin mövzu haqqında daha geniş məlumat verməyə çalışıram. Mən dərslərimi daha fərqli praktika ikə keçməyi sevirəm. Məsələn, dərsləri açıq hava şəraitində keçirəm, bitkilər üzərində təcrübə aparırıq. Tələbənin sualından çəkinmək lazım deyil, bəzən verilən hansısa sualdan müəllim özü də araşdırma edərək öyrənə bilir. Müzakirə etməyi bacarmaq böyük qabiliyyətdir. Bütün qədim mədəniyyətlərə baxsaq, müzakirə edən beyinlərin daha çox olduğu əsərlərə də rast gələ bilirik. Bu mənada dərsi müzakirə, hətta mübahisələrlə keçir, standartlardan kənar olmağa çalışıram.
“Bəzən II kursda oxuyan tələbələr özlərini lənətləyirlər…”
-Bir müəllimin əsas hədəfləri nədən ibarətdir?
-Bir müəllimin əsas hədəfi fənnini sevdirməkdən ibarətdir. Bəzən fənn çox çətin olsa da, uşaqlar onu müəllim prizmasından yanaşaraq sevərək oxuyurlar. Bəzən də elə asan fənlər olur ki, uşaqlar müəllim amilini əsas götürərək həmin dərsdən aşağı nəticə göstərirlər. Müəllim bu mənada həmin sevgi hissini öz şagirdində, tələbədə yaratmağı bacarmalıdır. Əgər polkovnik cəsarətli deyilsə, əsgər də cəsarətli ola bilməz. Əsgərə cəsarət verən onun qarşısındakı rəhbərdir, biz də belə olmalıyıq. Bundan əlavə müəllim qarşılıqlı hörmət amilini əsas tutaraq tələbənin düzgün formalaşdırılmasında rol oynamalıdır. Bəzən tələbələr universitetin ikinci kursunda özlərini lənətləyirlər ki, kaş universitetə daxil olmazdılar, oxumazdılar. Bu, müəllimlərin təsirindən irəli gəlir. Əgər tələbəyə öz ixtisasını sevdirə bilsən, o, öz ixtisasına nifrət edə bilməz. Müəllim tələbənin idealına çevrilməli, örnək olmağı bacarmalıdır.
-Son olaraq, müəllimliyə çox çətin peşə kimi yanaşan və məhz bu çətinliklər səbəbilə müəllim olmaq istəyindən imtina edən insanlara nə demək istərdiniz?
-Əgər bir insan müəllim peşəsindən qorxursa, o müəllim olmasa daha yaxşıdır. Bir peşəyə qarşı sevgi, istedad mühümdür. İnsanı hər bir peşəyə onun özündən asılı olmayan daxili istək aparır. İnsan istəmədiyi işi görəndə o işin effekti nə qədər ola bilər ki? Bu yolda sən uğur qazana, örnək də ola bilməzsən. Çünki istər-istəməz özünü başqa sahədə görəcəksən. Məsələn, peşəyə sevgidən danışmışkən, bir nüansı qeyd edim. İnsanlar müxtəlif sosial problemlər səbəbilə işdən evə gedərkən özünü yorğun hiss edə bilir. Lakin mən nə olur olsun, işdən evə gedəndə özümü xoşbəxt hiss edirəm. Bu, peşəmə olan sevgimlə bağlıdır. Bu mənada peşənə istəklə yanaşmaq çox vacibdir. Həmin sevgi sonradan bütün həyati proseslərə də öz təsirini göstərir.
Əzizə Zeynal