sa sa 543
Böyük alim və mənəvi paklıq timsalı May 04, 2023 | 11:00 / Nəşrlər

Bu günlər həyatının hər anı mənəvi kamillik və saflıq, xeyirxahlıq və humanizm nümunəsi olmuş Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, tibb elmləri doktoru, professor Zərifə Əliyevanın 100 illik yubileyi təntənə ilə qeyd edilir.

Akademik Zərifə Əliyeva - haqqında böyük hərflərlə övlad - ardıcıl, həyat yoldaşı - silahdaş, ana - tərbiyə məktəbi, görkəmli alim - novator tədqiqatçı, ictimai xadim - sadə insanların adamı yaza biləcəyimiz bir insan, Azərbaycan tarixində özünəməxsus iz qoyub getmiş işıqlı bir şəxsiyyət olmuşdur.

Həyatının hər dönəmi sanki əvvəldən düşünülərək yazılmış, zərurətlərdən doğan əsrarəngiz təsadüflərin zəncir kimi bir-birini izlədiyi Zərifə xanım Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvanın Şahtaxtı kəndində Azərbaycanın səhiyyə və dövlətçilik tarixində özünəməxsus yeri olan ictimai və dövlət xadimi, Əməkdar həkim, professor Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. 1918-ci ildə İrəvan Quberniyasında erməni quldur dəstələri tərəfindən yaradılmış dözülməz vəziyyət Əziz Əliyevin Sankt-Peterburqda tibb təhsilini yarımçıq qoyaraq vətənə dönməsinə və ailənin bütünlüklə Naxçıvana köçməsinə səbəb olmuşdu.

Daha sonra Əziz müəllim yarımçıq qalmış tibb təhsilini davam etdirmək üçün ailəsi ilə birgə Bakıya köçdüyünə görə Zərifə xanım orta təhsilini 1932-1942-ci illərdə Bakıda almışdır.

Əziz müəllim ömür-gün yoldaşı Leyli xanımla övladlarını vətənə, torpağa, xalqa sədaqət, milli kökə bağlılıq, elmə, biliyə, zəhmətə hörmət və məhəbbət ruhunda böyüdə bilmişdi. Uşaqların şəxsiyyət kimi formalaşmasında ailə mühiti və genetik faktorlarla yanaşı, Əziz Əliyevin yaxın dostları olan Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Mirəsədulla Mirqasımov, Bülbül, Səməd Vurğun və b. kimi öz dövrünün tanınmış elm və mədəniyyət xadimlərinin onların evində apardıqları söhbətlər, dünyaya və həyata baxışlara dair fikir mübadilələri önəmli rol oynamışdır.

Ata nümunəsi və orta məktəbin son, ali təhsilinin ilk illərinin tibb işçisi imicinin yüksək olduğu İkinci Dünya müharibəsinin gərgin dövrlərinə düşməsi, eləcə də ölkədə tibbi kadr kasadlığı barədə məlumatlar Zərifə Əliyevanın gələcək peşə seçimində əsas rol oynamış və o, həyatını insanların sağlamlığına həsr etməyi qərara almışdı.

1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olan Zərifə Əliyeva burada təhsil aldığı illərdə fitri istedadı və dərin savadı, əməksevərliyi, elmi biliklərə və elmi-tədqiqatlara böyük maraq göstərməsi ilə seçilmiş, eyni zamanda elmi tədbirlərdə, tələbə cəmiyyətinin işində fəal iştirak etmişdir. Zərifə Əliyevanın konkret ixtisas seçimində isə bir çox halda korluğa səbəb olan traxoma xəstəliyinin Azərbaycanın müxtəlif regionlarında geniş vüsət alması və eləcə də Azərbaycan Dövlət Tibb İnstitutunun müəllimi Umnisə Musabəyovanın tövsiyələri əsas rol oynamışdır.

Zərifə Əliyeva 1947-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ikiillik ixtisas kursu keçmiş, SSRİ-nin bu nüfuzlu elm müəssisəsində Bakıda əldə etdiyi bilikləri xeyli zənginləşdirmişdir.

Zərifə xanım 1949-cu ildə vətənə dönərək Azərbaycan SSR Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda ordinator kimi fəaliyyətə başlamış, 1950-ci ildə bu institutun aspiranturasına daxil olmuşdur. 1953-cü ildə aspiranturanı fərqlənmə diplomu ilə bitirdikdən sonra Zərifə Əliyeva traxoma ilə mübarizə üzrə müalicə-profilaktika tədbirlərinin təşkilində və həyata keçirilməsində yüksəkixtisaslı, elmi axtarışlarda olan bir həkim kimi fəal iştirak etmişdir.

O illər Zərifə xanımın şəxsi həyatında da yeni bir dönəmin başlanğıcı olmuşdur. Azərbaycanın gələcək tarixində misilsiz rol oynayacaq bir insanla tanışlıq, aralarında yaranan sevgi, inam, sədaqət andı, həyatlarını birləşdirməyə qərar vermələri sankı ilahidən gələn bir seçim, alın yazısı idi. Onların qovuşması Azərbaycan xalqının və dövlətinin taleyində, xoşbəxt gələcəyinin qurulmasında mühüm rol oynayacaq bir ailənin yaranması demək idi...

Zərifə xanımla bağlı hər işdə, elmi fəaliyyətində, şəxsi həyatında sanki mələklərin nəfəsi, ruhu hiss olunur. O, özü də milləti, onun sağlamlığı üçün qoruyucu mələk misallı bir şəxsiyyət olmuşdur. Tanrı bu adamı yer üzərinə insanlara nur bəxş etmək, yeni elmi istiqamətlərin əsasını qoymaqla onları mövcud və gələcək təhlükələrdən qorumaq üçün göndərmişdi.

Zərifə xanımın ilk tədqiqatının mövzusunu da yaşadığı dövr özü diktə etmişdi. O zamanlar traxomanın ölkədə ciddi bir epidemiya kimi tüğyan etməsi bu zərif qəlbli, kövrək insanı narahat etməyə bilməzdi. Zərifə Əliyeva bütün qüvvəsini traxomanın və onun fəsadlarının müalicəsində o zamanlar yeni antibiotikin - sintomisinin effektiv istifadə imkanlarının və üsullarının öyrənilməsinə həsr etmişdi. Bu tədqiqatların mühüm nəticələri Zərifə Əliyevanın 1959-cu ildə uğurla müdafiə etdiyi "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyasının əsasını təşkil etmişdir.

Zərifə Əliyeva 1960-1967-ci illərdə Göz Xəstəlikləri İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmış, burada öz tədqiqatlarını daha da dərinləşdirmişdir. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən Oftalmologiya ixtisası üzrə baş elmi işçi elmi adı verilmiş alimin hazırladığı, effektivliyini həm nəzəri, həm də praktiki şəkildə isbat etdiyi müalicə metodu traxomanın sosial xəstəlik kimi ləğv edilməsində əhəmiyyətli rol oynamışdır. Bu istiqamətdə Zərifə Əliyevanın tarixi xidmətləri danılmazdır və dünya elmi ictimaiyyəti tərəfindən hər zaman yüksək qiymətləndirilmişdir.

Zərifə Əliyeva 1967-ci ildə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasının dosenti vəzifəsinə dəvət olunmuş, 1969-cu ildən burada Göz xəstəlikləri kafedrasının Görmə orqanının peşə patologiyası laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Ömrünün sonuna kimi institutda çalışan Zərifə Əliyeva 1977-1979-cu illərdə kafedranın professor əvəzi, 1979-1982-ci illərdə professoru, 1982-1985-ci illərdə həmin kafedranın müdiri olmuşdur.

Milli oftalmologiyanın əsasını qoymuş, 1968-ci ildən görmə orqanının peşəkar patologiyaları ilə məqsədyönlü şəkildə məşğul olmuş və bu istiqamətdə bir çox yeni elmi ideyaların müəllifi kimi bütün dünyada tanınmış Zərifə Əliyeva sonrakı illərdə bu sahədə apardığı müşahidələrin, klinik tədqiqatların və təcrübələrin nəticələrinə həsr edilmiş "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" mövzusunda doktorluq dissertasiyasını 1976-cı ildə Moskvada, nüfuzlu elmi mərkəz kimi tanınan M.Helmholts adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmiş, 1977-ci ildə SSRİ Nazirlər Kabineti yanında Ali Attestasiya Komissiyası tərəfindən ona tibb elmləri doktoru elmi dərəcəsi, 1979-cu ildə Göz xəstəlikləri kafedrası üzrə professor elmi adı verilmişdir.

Elmi və elmi-təşkilati fəaliyyətində və kadr hazırlığında əldə etdiyi mühüm nailiyyətlər, onların sosial-iqtisadi əhəmiyyəti nəzərə alınaraq, professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan SSR EA-nın həqiqi üzvü seçilmişdir. Akademik Zərifə Əliyevanın çoxşaxəli elmi fəaliyyəti görmə orqanı ilə bağlı bütün məsələləri, problemləri, profilaktika, diaqnostika və müalicə üsullarını əhatə etmişdir.

Onun tədqiqatlarının əsas istiqamətlərini traxoma xəstəliyinin klinikası, görmə orqanının fiziologiyası və peşə xəstəliklərinin təsiri nəticəsində baş verən göz patologiyalarının profilaktikası, diaqnostikası və müalicəsi, kimya sənayesi müəssisələrinin işçilərində görmə orqanının vəziyyəti, herpetik göz xəstəlikləri, görmə orqanının virusla zədələnməsi, ağır virus konyunktivitləri, gözün hidrodinamik sisteminin fizioloji-anatomik xarakteristikası, göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi, şəkərli diabet zamanı göz xəstəlikləri, göz zədələnmələri, terapevtik oftalmologiya, iridodiaqnostikanın əsasları, göz vərəmi, qlaukoma problemləri və s. təşkil etmişdir. Bütün bu məsələlərin ümumi şəkildə əhatə edildiyi "Terapevtik oftalmologiya", "Oftalmologiyanın aktual problemləri" kimi monoqrafiyaları dünya oftalmologiya elminə mühüm töhfələrdir. Üç hissədən ibarət "Oftalmologiyanın aktual problemləri" kitabı həkimin mənəvi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri, gözün mikroskopiyasının əsasları, oftalmovirusologiyanın müasir aspektləri, görmə orqanının müxtəlif mənşəli zədələnmə məsələləri, göz mikrocərrahiyyəsinin propedevtikası bölmələrindən ibarət olmaqla, göz xəstəlikləri, onların diaqnostika və müalicəsinə aid fundamental əsərdir.

Qeyd edilən istiqamətlərin bəziləri və onlardan əldə edilmiş nailiyyətlər barədə bir qədər geniş məlumat vermək istəyirəm. Fikrimcə, bunlar Zərifə xanımın nə qədər geniş diapazonlu və mükəmməl tədqiqatçı olduğunun, görkəmli alim kimi qoyub getdiyi zəngin elmi irsin aşkar göstəriciləri ola bilər.

Göz zədələnmələri: Zərifə Əliyeva göz zədələrinin qarşısının alınması və onlara nəzarət imkanlarını öyrənmiş, gözün zədələnməsinin nəticələrinin cərrahi müalicəsinə mövcud metodoloji yanaşmaları təhlil etmiş və onların təkmilləşdirilməsi üçün bir sıra faydalı tövsiyələr vermişdir. Burada digər elmi əsərlərlə yanaşı, bütün müvafiq məsələləri özündə əks etdirən "Görmə orqanının zədələnməsi" kitabını xüsusi qeyd etmək lazımdır.

Gözün virus xəstəlikləri: Onun gözün virus xəstəlikləri sahəsində əldə etdiyi elmi nailiyyətlərin tətbiqi bir çox xəstəliklərin differensial diaqnostikası və müalicəsində mühüm irəliləyişlərə səbəb olmuşdur. Alimin bu sahədə yazdığı "Herpetik göz xəstəliyi", "Kəskin virus konyunktivitləri" və s. kimi kitabları və dərs vəsaitləri bu gün də tələbə və gənc həkim kadrlar üçün mühüm bilik mənbəyidir.

Gözün bəzi bədxassəli şişləri: Zərifə Əliyeva gözün bəzi bədxassəli şişlərinin diaqnostikası və müalicəsinə də diqqət göstərmiş, eyni zamanda göz melanomasının klinik gedişatının xüsusiyyətlərini öyrənmiş, əldə etdiyi nəticələri məqalələrdə əks etdirmiş, konfranslarda məruzə etmişdir.

Göz yaşı ilə bağlı problemlər: Alimin hər zaman aktual olmuş bu sahədə yazdığı müvafiq monoqrafik əsərləri - "Göz yaşı drenajının fiziologiyası", "Göz yaşı axmasının cərrahi müalicəsinin müasir üsulları", "Göz yaşı yollarının ehtiyatlı cərrahiyyəsi", "Göz yaşı axmasının fiziologiya və histologiyası" təkcə oftalmoloqların deyil, həm də fizioloqların stolüstü kitabına çevrilmişdir. Bu əsərlərlə alim Azərbaycan lakrimologiyasının əsasını qoymuşdur.

İridologiya və iridodiaqnostika: Xüsusi qeyd etmək lazımdır ki, dünya miqyasında iridodiaqnostikaya aid kitablar ("İridodiaqnostikanın əsasları" adlı monoqrafiya illüstrasiyalarla Bakıda, "İridodiaqnostika" adlı monoqrafiya isə 1988-ci ildə Moskvada nəşr edilmişdir) ilk dəfə məhz akademik Zərifə Əliyeva tərəfindən və ya onun iştirakı ilə yazılmışdır. Klassik təbabətin perspektiv, lakin az öyrənilmiş məsələlərinə həsr edilmiş "İridodiaqnostikanın əsasları" monoqrafiyasında gözün bəbəyi, qüzehli qişanın stroması və xromatofor strukturların dəyişikliklərinə əsasən insan orqanları və sistemləri xəstəliklərinin qeyri-spesifik topik diaqnostikasının yeni və olduqca perspektivli üsulunun - iridodiaqnostikanın mahiyyəti, məzmunu və metodik xüsusiyyətləri təqdim edilmişdir.

Tibbi etika, həkimlik şərəfi: Zərifə Əliyeva tibbi etika məsələləri ilə də maraqlanır, həkimlərin cəmiyyətdəki roluna, müvafiq peşə fəaliyyətində əxlaqi prinsiplərin tərbiyəsinə xeyli vaxt ayırırdı. Onun həkimin etik davranışı haqqında çox dəyərli fikirləri, bu mövzuda çoxsaylı məqalə və çıxışları, kitabları həkim şəxsiyyətinin formalaşması işinə mühüm töhfələr vermişdir.

Zərifə xanımın bütün fəaliyyəti, atdığı hər bir addım insan amilinə əsaslanırdı. Bu məqam görkəmli alimin bütün tibbi fəaliyyətinin əsasında dururdu. O, sadə insanlara həmişə xüsusi diqqət və qayğı ilə yanaşır, onların problemlərini dinləyir və həll etməyə çalışırdı.

Yüksəkixtisaslı həkim və alim olmaqla yanaşı, çox mehriban, xeyirxah bir insan olan Zərifə xanımın "Yüksək əqidə: (həkimlik etikası, həkimin ürəyinin və fikirlərinin paklığı)" kitabı həkimlə xəstənin birbaşa əlaqəsinin, tibb işçisi əxlaqının müalicəyə əhəmiyyətli təsirinə, onlar arasında qarşılıqlı münasibətlərin başlıca qaydalarına həsr edilmiş maraqlı bir əsərdir. Bu kitabda əsl humanist alim xəstəliklərə qalib gəlmək üçün sağlam mənəvi-intellektual mühitin, tibb ictimaiyyətinin mənəvi-əxlaqi meyarlara yiyələnməsinin vacibliyinə diqqət çəkirdi.

Müxtəlif istiqamətlərdə klinik diaqnostika məsələləri: Alimin "Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar", "Qlaukoma və gözün hipertenziyası", "Şəkərli diabetdə göz xəstəlikləri", "Gözün mikrocərrahiyyəsi", "Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası" və s. kimi qiymətli əsərlərində müxtəlif göz xəstəlikləri üzrə klinik diaqnostik istiqamətdə apardığı tədqiqatların mühüm nəticələri əks olunmuşdur.

Peşə oftalmologiyası və görmə orqanının peşə patologiyaları: Tibb elmində "peşə oftalmologiyası"nın əsasını qoymuş Zərifə xanım Əliyeva keçmiş SSRİ-nin oftalmologiya elminə görmə orqanının peşə xəstəliklərinin öyrənilməsi və profilaktikası üçün yeni üsulların işlənməsi kimi elmi yenilik gətirmişdir. Bu yeniliklər onun "Görmə orqanının peşə patologiyası", "Yod sənayesində peşə xəstəliklərinin profilaktikası", "Xroniki yod intoksikasiyası zamanı oftalmopatologiya", "Şin istehsalında gözün peşə patologiyası" kimi kitab və monoqrafiyalarında əks edilmişdir.

Elmdə ilk dəfə olaraq, yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənən və bu xəstəliklərin profilaktikası tədbirlərini işləyib hazırlayan alimin dünyada analoqu olmayan elmi-tədqiqatları uzun illər respublikanın 10-dan artıq iri sənaye müəssisəsini, neftayırma zavodlarını əhatə etmiş, ümumilikdə, müayinələrə 4000-dən çox fəhlə və mütəxəssis cəlb olunmuşdur.

Zərifə Əliyevanın rəhbərliyi ilə Salyan rayonunun kənd təsərrüfatı müəssisələrində çalışan və əmək fəaliyyəti zamanı pestisidlərlə təmasda olan 500-ə yaxın insanı əhatə edən unikal tədqiqat nəticəsində ilk dəfə olaraq kənd təsərrüfatı işçilərində görmə orqanının vəziyyəti haqqında müvafiq biliklərin əldə edilməsinə imkan yaranmışdı. O cümlədən göstərilmişdi ki, gözün ön şöbəsində iltihab xəstəliklərinin tezliyi pestisidlərin təsiri altında əhəmiyyətli dərəcədə yüksəlir.

Zərifə Əliyevanın Əməkdar elm xadimi, akademik A.P.Nesterov və tibb elmləri doktoru, professor Z.M.Skripniçenko ilə həmmüəlliflikdə hazırladığı 2 hissədən ibarət "Görmə orqanının peşə patologiyası" monoqrafiyasında istehsalat amillərinin təsiri altında görmə orqanında yaranan əsas xəstəliklər haqqında geniş məlumat verilmiş, peşə patologiyasının öyrənilməsinin metodları və nəticələri şərh olunmuşdur. Əsərdə sənaye oftalmotoksikologiyası, kənd təsərrüfatı işçilərində gözlərin zəhərli kimyəvi preparatlarla zədələnməsi, görmə orqanının fiziki amillərdən doğan yoluxucu və parazitar xəstəliklər təsvir edilmişdir.

Alim toksik maddələrin gözün torlu qişasının funksional vəziyyətinə, sərbəst radikal proseslərə, neyromediatorların səviyyəsinə təsirini öyrənmişdir və o tədqiqatların nəticələri bu gün də mütəxəssislər arasında böyük maraq doğurur. Bu istiqamətdə yazılmış əsərlərində Zərifə Əliyeva müxtəlif sahələrdə çalışan işçilərin görmə orqanlarında baş verən funksional və orqanik dəyişiklikləri təhlil etmiş, onların qarşısını alan profilaktik tədbirlərə diqqət çəkmiş, ilk dəfə olaraq, toksiki amillərin təsiri ilə əlaqədar orqanizmin və gözün intoksikasiyasının erkən əlamətlərini üzə çıxarmışdır.

Ümumiyyətlə, oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi fundamental tədqiqatları alimə dünya miqyasında böyük şöhrət qazandırmışdır.

Ən müasir metodikalardan istifadə: Gözün çoxsaylı oftalmoloji müayinələri ilə yanaşı, ilk dəfə olaraq, elektrofizioloji metodlardan da geniş istifadə etmişdir. Toksik maddələrlə təmasda olan işçilərin gözlərinin elektroretinoqrafik, elektrookuloqrafik, reooftalmoqrafik müayinəsi torlu qişanın müxtəlif hüceyrə elementlərinin funksional vəziyyətində baş verən dəyişiklikləri üzə çıxarmağa imkan yaradırdı.

Gözün fiziologiyası məsələləri: Zərifə Əliyeva tərəfindən aparılmış və görmə orqanına ətraf mühit amillərinin göstərdiyi təsirin mexanizm və qanunauyğunluqlarına həsr olunmuş elmi araşdırmalar biotibb elminə yaxın sahələrin, ilk növbədə multidissiplinar formatda fiziologiya elminin cəlb edilməsinə, gözün fiziologiyası haqqında təsəvvürlərin genişləndirilməsinə ehtiyac yaradırdı. Məhz bu səbəblərdən alimin keçdiyi uğurlu elm yolunun əhəmiyyətli bir hissəsi Azərbaycan SSR Elmlər Akademiyasının Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu ilə bağlı olmuşdur.

Məlumdur ki, tədqiqatların daha da dərinləşdirilməsi və elmi əsaslı sınaqların keçirilməsi üçün müvafiq laboratoriyanın varlığı zəruri şərtdir. Hələ 1977-ci ildə Zərifə xanımın təşəbbüsü və təşkilatçılığı ilə ilk dəfə olaraq Bakıda keçirilmiş Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu alimin Azərbaycanda görmə orqanının peşə patologiyasının tədqiqi üzrə ilk ixtisaslaşmış elmi-tədqiqat laboratoriyasının yaradılması təşəbbüsünü dəstəkləmişdi. Zərifə xanımın təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1979-cı ildə Fiziologiya İnstitutunda SSRİ-də ilk dəfə olaraq Görmə orqanının fiziologiyası və peşə patologiyası laboratoriyası yaradılmışdır.

Yeri gəlmişkən, Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin yuxarıda qeyd edilən plenumunun təşkilati işləri böyük təcrübə və idarəçilik qabiliyyəti tələb edirdi və Zərifə xanım bunun öhdəsindən uğurla gələ bilmişdi. Bu plenum həm Azərbaycanda, həm də keçmiş İttifaqın tanınmış akademik müəssisələrində oftalmoloji xidmətin inkişafında, elmi və elmi-pedaqoji kadrların hazırlanmasında böyük rol oynamışdı.

Oftalmoloji herontologiya: Zərifə Əliyevanın elmi maraq dairəsində görmə orqanının, görmə analizatorunun yaşla bağlı dəyişikliklərinin tədqiqi də xüsusi yer tuturdu. Zərifə xanımın "Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri: morfohistokimyəvi tədqiqatlar" kitabı oftalmoloji herontologiya sahəsində ilk fundamental əsərlərdən biri olmuşdur. Görkəmli rus oftalmoloq-alimi, akademik A.Brovkina Zərifə xanımın bu kitabı haqqında demişdi: "Bu elmi əsər mahiyyət etibarilə oftalmologiyada yeni bir istiqamətin - oftalmoloji herontologiyanın başlanğıcını qoyur". Bu kitab AR ETN Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda bu gün həyata keçirilən herontoloji tədqiqatlar fonunda daha da aktual və dəyərlidir.

Görkəmli alim oftalmologiyanın müxtəlif istiqamətlərinə aid 200-ə qədər elmi əsərin, o cümlədən 14 monoqrafiyanın, 12 səmərələşdirici təklifin müəllifi kimi dünya tibb elmində silinməz iz buraxmışdır. Bir alim kimi çox böyük zirvələri fəth etməyi bacarmış akademik Zərifə Əliyevanın əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını qoruyub saxlamaqla, oftalmoloqların stolüstü kitablarına çevrilmişdir.

Alimin elmi-pedaqoji fəaliyyəti bununla məhdudlaşmır, bütün oftalmoloji müəssisə və şöbələri, kadrların təkmilləşdirilməsi prosesini də əhatə edirdi. Qeyd etmək lazımdır ki, Zərifə Əliyeva yüksəkixtisaslı kadrların hazırlanmasına böyük əmək sərf etmişdir. Onun birbaşa rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. O, hər zaman ətrafına bacarıqlı və savadlı gənc həkimləri toplamaqla elmi-tədqiqat işlərini uğurla təşkil etmiş, tələbələrinə zəngin elmi təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır.

Tədqiqatlardan alınmış və monoqrafiyalarında (xüsusən, "Şin istehsalında gözün peşə patologiyası" monoqrafiyası) dərc edilmiş uğurlu nəticələrə görə akademik Zərifə Əliyeva 1981-ci ildə oftalmologiya sahəsində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Əlamətdar faktdır ki, Zərifə xanım keçmiş SSRİ-də bu mükafata layiq görülən ilk qadın mütəxəssis olmuşdur.

Akademik Zərifə xanım Əliyevanın elmi-ictimai fəaliyyəti də geniş və əhatəli olmuş, sülh, insanlıq, əmin-amanlıq, ehtiyaclı insanlara dəstək istiqamətində gördüyü işlər ona cəmiyyətdə böyük nüfuz qazandırmışdır. O, SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, "Bilik" Cəmiyyətinin İdarə Heyətinin və Elmi-Tədqiqatlar Komitəsinin Rəyasət Heyətinin, SSRİ Oftalmoloqlar Cəmiyyətinin Rəyasət Heyətinin üzvü, "Vestnik oftalmoloqii" jurnalının redaksiya heyətinin üzvü kimi dövlət və xalq qarşısında böyük xidmətlər göstərmişdir.

Zərifə xanım haqqında tanınmış alimlərin fikirləri də böyük maraq doğurmaqla onu bir şəxsiyyət kimi xarakterizə etməyə imkan verir. Dünyaşöhrətli oftalmoloq alim, akademik A.Nesterov: "Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli idi"; akademik N.Puçkovskaya: "Xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi"; professor A.Brovkina: "Zərifə xanım nəciblik və mənəvi paklıq timsalı idi"; professor N.Şulpina: "Biz onu sevmişik, sevirik və ömrümüzün sonuna qədər sevəcəyik".

Ölkəmizin sürətli inkişafı, möhtəşəm uğurları, dünyadakı nüfuzu ilə fəxr edərək, bugünkü dünyanın ən güclü dövlət başçılarından olan cənab Prezidentin bilik və bacarıqlarının, qətiyyət və müdrikliyinin əsasında həm ulu öndərin, həm də Zərifə xanımın təsirini aydın görürük.

Zərifə xanım Azərbaycan xalqına iki çox dəyərli övlad yetişdirib vermişdir. Dünyanın siyasi və iqtisadi coğrafiyasında Azərbaycanın nail olduğu bugünkü yüksək mövqedə, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış Böyük Zəfərdə o böyük ananın da payı var desək, əsla yanılmarıq.

Bu mənada bir övlad, həyat yoldaşı, ana kimi ucalığın ən yüksək zirvəsinə çatmış Zərifə Əliyevanın əziz xatirəsi, onun elmi və elmi-ictimai fəaliyyəti ilə bağlı ulu öndərin və cənab Prezidentin fikirləri də böyük maraq doğurur.

Ümummilli lider Heydər Əliyev: "Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: "Zərifə xanım Əliyeva böyük həkim, böyük alim idi. O, Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini vermişdir, gənc kadrların hazırlanmasında çox böyük fəaliyyət göstərmişdir. Alim kimi Zərifə xanım çox böyük zirvələrə çata bilmişdir. Onun əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir".

Görkəmli alim Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, əldə etdiyi mühüm nailiyyətlər, bunların əsasında yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir.

Görkəmli alim və şəxsiyyətin həkimlik, elmi və ictimai xidmətləri layiqincə qiymətləndirilmiş, o, orden və medallarla təltif edilmiş, Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

Bütün elmi ictimaiyyət, xalq tərəfindən çox sevilən və heç zaman unudulmayacaq Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində onu sevənləri, Azərbaycan xalqının ümummilli liderini, həyatı qədər sevdiyi iki gözəl övladını əbədi olaraq tərk etdi.

Dünyasını dəyişsə də, nə yaxşı ki, böyük alimin elmdə açdığı cığırlar nəinki boş qalmadı, hətta genişləndikcə genişləndi, elmi məktəbi inkişaf edərək şaxələndi, xalqa, insanlara fayda verməyə, nur paylamağa davam etdi, hazırlayaraq ərsəyə gətirdiyi elmi və həkim kadrlar öz fəaliyyətləri, gözəl əməlləri ilə müəllimlərinin adını daha da ucaltdılar.

Nə yaxşı ki, elmdə və həkimlik fəaliyyətində əldə etdiyi nailiyyətlər, irəli sürdüyü ideyalar, yeni metodlar həm ölkədə, həm də xaricdə bu günə qədər tətbiq olunmaqda, yeni-yeni tədqiqatlara başlanğıc verməkdədir.

Nə yaxşı ki, Zərifə xanımın insanların qəlbində və ölkənin tarixində dərin iz qoymuş şərəfli fəaliyyəti bu gün cənab Prezidentin silahdaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, yüksək insani keyfiyyətləri, vətəndaş mövqeyi, intellekti və vətənpərvərliyi ilə örnək şəxsiyyət olan Mehriban xanım Əliyeva tərəfindən daha geniş miqyasda davam etdirilir.

Həm Zərifə xanımın, həm də Mehriban xanımın nümunəsi Azərbaycan qadınlarının nələrə qadir olduğunun bariz göstəricisidir. Bu gün qadınlarımızın elm və təhsildə, cəmiyyət həyatında qazandıqları nailiyyətlər dünyanın orta statistik göstəricilərindən xeyli yüksəkdir və bu uğurlarda onların da böyük əməyi və haqqı vardır.

Məlumdur ki, 2023-cü il BMT tərəfindən həmçinin "Fundamental Elm İli" elan edilmişdir. Akademik Zərifə Əliyevanın yaradıcılığına bu kontekstdən də yanaşdıqda, onun oftalmologiyanın problemləri üzrə apardığı fundamental tədqiqatların dəyərini bir daha anlayarıq, bu tədqiqatlardan alınmış mühüm nəticələrin qeyd edilən problemlərin həllinə nə qədər önəmli töhfələr verdiyinin, öz dövrünü nə qədər qabaqladığının şahidi olarıq.

Sağlığında olduğu kimi, bu gün də şöhrəti sərhədləri aşan oftalmoloq-alimin elm, təhsil və səhiyyədə qoyub getdiyi izlər əsla silinməmişdir, yaratdığı elmi məktəbin nümayəndələri sağlam cəmiyyət naminə çalışmaqla bu gün də insanların gözlərinə işıq verməkdə, müxtəlif peşələrdən olan pasiyentlərin görmə qabiliyyətini bərpa etməkdədirlər.

Dərin zəkası, elmə sədaqəti, yüksək daxili mədəniyyəti, insanlıq qarşısında məsuliyyəti ilə qəlblərə yol tapmış akademik Zərifə Əliyevanın parlaq xatirəsi, işıqlı obrazı xalqımızın qan yaddaşına əbədi həkk edilməklə heç zaman unudulmayacaqdır.

İradə HÜSEYNOVA, AMEA-nın vitse-prezidenti, akademik

“Respublika” qəzeti