sa sa 769
Qarabağa elmin “Böyük Qayıdış”ı davam edir İyn 19, 2023 | 08:00 / Nəşrlər

44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müqəddəs Qarabağ torpaqları erməni işğalçılarından azad edilməklə regionun yeraltı və yerüstü, canlı və cansız, təbii və mədəni sərvətləri, daha doğrusu, bu sərvətlərin düşmənin məqsədyönlü talanından, bioloji və ekoloji, etnoqrafik terrorundan xilas edilmiş hissəsi, tarixi abidələrin qalıqları öz həqiqi sahibinə qayıtdı. Məlumdur ki, Qarabağ bölgəsi özünün insan resursları, iqlim və landşaft, flora və fauna müxtəlifliyi, bərəkətli torpaqları, şəfalı suları ilə həmişə seçilib. Ən qədim insan məskənlərindən olan Azıx mağarasının, eləcə də bir neçə min illik təsərrüfatçılıq mədəniyyətini, dövlətçilik ənənələrini əks etdirən arxeoloji qazıntı yerlərinin, antik memarlıq nümunələrinin, nadir və itmək təhlükəsində olan bitki və heyvan növlərinin mövcudluğu bu bölgənin çoxşaxəli multidissiplinar tədqiqatlar üçün dəyərini daha da artırır.

Bu fikirləri AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova söyləyib. Akademik bildirib ki, bu gün ölkə Prezidentinin sarsılmaz iradəsi və liderliyi ilə Qarabağ torpaqlarında yeni müasir infrastrukturun qurulması, smart kənd və şəhərlərin salınması, müxtəlif təsərrüfat sahələrinin təşəkkülü, “yaşıl” iqtisadiyyatın tətbiqi, tarixi, dini, mədəni abidələrin bərpası işləri aparılır. Qarabağın yenidən çiçəklənməsi, regionun biomüxtəlifliyinin, qiymətli flora və fauna nümunələrinin, meşələrinin, təbii landşaftlarının bərpası, qorunması və səmərəli istifadəsində, yeraltı və yerüstü təbii ehtiyatlarının öyrənilərək xalqın xidmətinə verilməsində, kənd təsərrüfatı istehsalının yenidən fəaliyyətə başlamasında, ərazilərin inkişafının sistemli xarakter almasında Azərbaycan elminin üzərinə dəqiq müəyyənləşdirilməsi və səmərəli icrası vacib olan mühüm vəzifələr düşür.

Məlumdur ki, 30 ilə yaxın müddət ərzində işğal altında qalmış ərazilərdə elmi tədqiqatlar aparmaq mümkün olmayıb. Bu cəhətdən sevindirici haldır ki, işğaldan azad edilmiş ərazilərə son illərdə elmi müəssisələrimiz, alim və mütəxəssislərimiz tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və digər təşkilatlarla əməkdaşlıq şəraitində çoxsaylı ekspedisiyalar təşkil olunub, radioekoloji durum, bioloji müxtəliflik, o cümlədən bitki və heyvan genetik ehtiyatları, xüsusi mühafizə olunan təbiət əraziləri, meşə və otlaq sahələri, ekosistemlər, su və torpaq resursları, kənd təsərrüfatı sistemləri və s. barədə işğalaqədərki dövrə aid məlumatlar toplanılıb, hazırkı vəziyyətlə müqayisəli şəkildə təhlil edilib, müvafiq xəritələr hazırlanıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetindən, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, digər icra hakimiyyəti strukturlarından daxil olmuş sorğular əsasında işğaldan azad edilmiş rayonların biomüxtəlifliyi, torpaq və su resursları, kənd təsərrüfatının bərpası ilə bağlı tədqiqat nəticələrini əks etdirən arayışlar vaxtında hazırlanaraq müvafiq şəkildə təqdim edilib. Radioekoloji və biotəhlükəsizlik tədqiqatları əsasən mənbəyini Ermənistandan götürən çay sistemlərində, işğal müddətində intensiv istismara məruz qalmış faydalı qazıntı yataqları zonalarında, içməli su mənbələrində ötən ilə kimi AMEA-nın tərkibində olmuş, hazırda Elm və Təhsil Nazirliyinin strukturunda fəaliyyət göstərən elmi-tədqiqat institutları tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə birgə aparılıb. Su ehtiyatlarının keyfiyyət xarakteristikalarını tədqiq etmək üçün çoxsaylı ekspedisiyalar təşkil edilib. Alınan nəticələr Ümumdünya Səhiyyə Təşkilatının və ABŞ Ətraf Mühit Agentliyinin standartları ilə müqayisə olunub, tövsiyələr hazırlanaraq müvafiq şəkildə təqdim edilib.

Vurğulanıb ki, Azərbaycan Respublikası “Qırmızı kitab”ının II nəşrində Ermənistan tərəfindən 30 ilə qədər müddətdə işğal altında saxlanılmış ərazilərimiz məlum səbəblərdən kifayət qədər əks olunmamışdı. Həmin müddətdə Azərbaycan Respublikasının “Qırmızı kitab”ına və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı siyahısı”na daxil edilmiş nadir təbiət inciləri məhvə məruz qalıb, dərman bitkiləri toplanaraq, qiymətli dendroflora nümunələri (Şərq çinarları da daxil olmaqla) kəsilərək daşınıb aparılıb. 43 min hektar sahəyə malik xüsusi mühafizə olunan təbiət ərazilərinin – Bəsitçay və Qaragöl dövlət təbiət qoruqlarının, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarında flora və fauna müxtəlifliyinin taleyi sual altına alınıb. Torpaqlarımızın işğaldan azad edilməsi ilə regionun Azərbaycan Respublikasının “Qırmızı kitab”ının III nəsri üzrə tədqiqatlara cəlb edilməsi mümkün olub.

Azərbaycanın tanınmış botanik alimi, Dendrologiya İnstitutunun mərhum baş direktoru, “Qırmızı kitab”la bağlı Xızı rayonuna səfər zamanı faciəli şəkildə həyatını itirmiş AMEA-nın müxbir üzvü Tofiq Məmmədov Vətən müharibəsindən dərhal sonra regiona ilk səfər edən alimlərdən biri kimi Zəngilan rayonunda “Qırmızı kitab”a daxil edilmiş dendroflora növləri ilə bağlı monitorinqlər aparıb.

Diqqətə çatdırılıb ki, regionun bioloji müxtəlifliyi və Azərbaycan Respublikasının “Qırmızı kitabı”na salınan növlərlə bağlı monitorinqlər əsasən 2 təşkilat – Elm və Təhsil Nazirliyinin Botanika və Zoologiya institutları tərəfindən həyata keçirilib. Bu institutların əməkdaşları işğaldan azad edilmiş Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı ərazilərində yayılan bitkilər (məsələn, Bəsitçay Qoruğu ərazisində təbii çinar meşəsi) və fauna növləri üzərində monitorinqlər aparıblar. Bu fəaliyyətlərdə, həmçinin digər elmi-tədqiqat müəssisələrinin, universitetlərin alim və mütəxəssisləri də iştirak ediblər. Nadir və itmək təhlükəsində olan növlərin beynəlxalq kateqoriyalara uyğun qiymətləndirilməsinə xüsusi diqqət yetirilib.

Botanika İnstitutunun rəhbərliyi və əməkdaşları tərəfindən regionda aparılan tədqiqatlar 2022-2023-cü illərdə xüsusilə geniş xarakter daşımışdır. Ötən müddətdə Şuşa, Kəlbəcər və Laçın rayonlarının subalp-alp bitkiliyinin fon növləri tədqiq edilib, fotomateriallar, herbarilər toplanıb, ərazinin nadir və nəsli kəsilməkdə olan bitkiləri, onların JPS koordinatları götürülüb. Şərqi Zəngəzur iqtisadi rayonunda rast gəlinən müxtəlif kateqoriyalı endemik növlər (23 fəsilə, 48 növ) araşdırılıb. Şuşa rayonu ərazisinə institutun əməkdaşları tərəfindən ilkin botaniki ekspedisiya müddətində Şuşa şəhərinin ətrafı, Cıdır düzü ərazisi, Daşalatı yol kənarı və Topxana meşəsi ANAMA-nın əməkdaşlarının iştirakı ilə öyrənilib. Ərazidə meşə bitkiliyi, meşəətrafı çəmən və qaya bitkiliyi tədqiq edilib. Ərazi florasından toplanılmış bitki nümunələri herbariləşdirilib, GPS məlumatları qeydə alınıb. Oxçuçayda 5 təşkilatın alimləri tərəfindən fiziki-kimyəvi, bioloji və radioloji monitorinqlər aparılıb. İşin məqsədi yüksək antropogen təsir şəraitində Oxçuçayın hövzəsinin ekoloji vəziyyətin hərtərəfli öyrənilməsi, müqayisəli qiymətləndirilməsi və su obyektinin unikal biosistem kimi qorunması ilə bağlı təkliflərin hazırlanması olub. Regiona bir neçə dəfə ekspedisiya təşkil edilib, çayın hidroflorası, hidrofaunası, xtioflorası, ixtiofaunası, bentofaunası tədqiq edilib, su və torpaq nümunələri götürülərək analiz olunub. Bəsitçay Dövlət Təbiət Qoruğunda 2021-ci ilin sonunda ilk zooloji monitorinq həyata keçirilib. Monitorinq zamanı qoruğun meşə sahəsində, çay dərəsinin yamaclarında quşlara və məməlilərə məxsus canlı fərdlər və izlər qeydə alınıb.

İşğaldan azad edilmiş ərazilərin reptililər faunası, hərbiçilərin və ərazidə fəaliyyət göstərən təşkilatların əməkdaşlarının zəhərli ilanlardan təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlərlə və ilan zəhərindən səmərəli istifadə ilə bağlı AMEA alimlərinin məlumat, təklif və tövsiyələri arayışlar şəklində hazırlanaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, digər orqanlara təqdim edilib.

Zoologiya İnstitutunun elmi işçisi Kəlbəcər rayonuna bir neçə dəfə səfər edib, bu səfərlərdə regionda “Qırmızı kitab”a düşmüş heyvan növlərindən Avropa cüyürü, Bezoar keçisi, Qonur ayı, bəbir, Qafqaz tetrası və s. müşahidə edib.

Qarabağ regionunda aqrobiomüxtəliflik üzrə tədqiqatlar da bərpa və inkişaf etdirilməkdədir. Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi Tədqiqat Bazasında 3 tarla seminarı keçirilib. Ermənilər tərəfindən işğal müddətində tam şəkildə talan edilərək məhvə məruz qoyulmuş Bazanın 100 hektar ərazisi minalardan təmizlənib, burada genefond bağı salınmağa başlamış, prioritet kənd təsərrüfatı bitkilərinin bölgə üçün yaradılmış yeni sortlarının və potensial sort-nümunələrinin əkinləri aparılıb və onlar üzərində tədqiqat işləri həyata keçirilib. Qarabağ regionu üçün xarakterik olan genetik ehtiyatların sənədləşdirilməsi, müasir yanaşmalarla öyrənilməsi, toplanılması, mühafizəsi, seleksiya və bitki tədqiqatlarında səmərəli istifadəsi bütün gücü ilə davam etdirilir. Qeyd edilən istiqamətlərdə tədqiqat fəaliyyətlərində Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnoloogiyalar İnstitutunun əməkdaşları da fəal iştirak edirlər.

Ötən dövr ərzində işğaldan azad edilmiş ərazilərin su resurslarına, onların bərpasına, yeni mənbələrin tapılmasına, sututarların yaradılması və istifadəsinə, su ilə bağlı digər problemlərin həllinə istiqamətlənmiş tədqiqatlar aparılıb, çoxsaylı təkliflər verilib və əsaslandırılıb. Bunların bir çoxu müvafiq orqanlar tərəfindən fəaliyyət üçün qəbul edilib.

Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları ilə bağlı 2021-2022-ci illərdə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin təşkilatçılığı ilə böyük uğurla keçirilmiş konfransların əsas mövzularından biri də məhz Qarabağ regionunun torpaq və su resursları, biomüxtəlifliyi, qırmızı siyahıları, nadir və itmək təhlükəsində olan növlərlə bağlı olub. Bu konfranslarda ötən müddət ərzində Qarabağda elmi tədqiqatların bərpası üzrə görülmüş işlərin geniş müzakirəsi, real tədqiqatlardan alınmış nəticələrin yerli və beynəlxalq ictimaiyyətə çatdırılması, müvafiq tədqiqat istiqamətlərinin və planlarının yenilənməsi və ya onlarda korrektələrin edilməsi həyata keçirilib. Eyni zamanda, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun Ağdam, Zəngilan, Laçın və Füzuli rayonlarında təşkil edilmiş iclaslarını da elmin regiona “Böyük Qayıdış”ı baxımından xüsusi qeyd etmək olar. Həmin tədbirlərdə regionun landşaft örtüyü, ekoloji vəziyyəti, torpaq və su resursları, flora və fauna biomüxtəlifliyi, Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşmüş bitki və heyvan növləri ilə bağlı aparılmış floristik və faunistik, mikrobioloji, radioekoloji tədqiqatlar, onların nəticələri, yaxın və uzaq perspektiv planlar barədə etdiyim məruzələr maraqla qarşılanmış, elmi müəssisələr və alimlər tərəfindən görülmüş və planlaşdırılan işlər təqdir edilib.

“Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında elmi tədqiqatlar bütün gücü ilə davam və inkişaf etdirilməkdədir. Azərbaycan alimləri, elmi ictimaiyyət uzun illər dövlətimizin nəzarətindən kənarda qalmış ərazilərimizin landşaft örtüyünün, flora və fauna aləminin, yeraltı və yerüstü sərvətlərimizin, torpaq və su resurslarının tədqiqi, mühafizəsi, bərpası və səmərəli istifadəsi, kənd təsərrüfatının bərpası istiqamətində elmin üzərinə düşən vəzifələrin icrasına, Ulu Öndər Heydər Əliyevin vəsiyyətlərinin, Prezident İlham Əliyevin tapşırıqlarının uğurla həyata keçirilməsinə tam şəkildə səfərbər edilib”, - deyə akademik İradə Hüseynova bildirib.

AzərTac