sa sa 11349
b.ü.f.d., dosent Atabəy Cahangirovun 65 yaşı tamam olub Sen 12, 2023 | 11:34 / Yubileylər
 Sentyabrın 10-da AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun aparıcı elmi işçisi, AR KTN Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasının direktoru, biologiya üzrə fəlsəfə doktoru, dosent Atabəy Cahangirovun 65 yaşı tamam olub. Atabəy Cahangirov 10 sentyabr 1958-ci ildə Azərbaycan SSR-in Qazıməmməd rayonunda anadan olub. 1975-1980-cı illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində təhsilini başa vurduqdan sonra təyinatla Əkinçilik Elmi-Tədqiqat İnstitutunda bitki fiziologiyası şöbəsində laborant kimi əmək fəaliyyətinə başlayıb və 1981-ci ildə aspiranturaya qəbul olub. 1988-ci ildə akademik Cəlal Əliyevin rəhbərliyi altında “Müxtəlif məhsuldarlıqlı buğda genotiplərində fotosintezin məhsulları və onların utilizasiyasının xüsusiyyətləri” mövzusunda dissertasiya işini müdafiə edərək “Bitki fiziologiyası” ixtisası üzrə elmlər namizədi elmi dərəcəsi alıb. 2023-cü ildə AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun nəzdində fəaliyyət göstərən Disssertasiya şurasında biologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün 2411.02 – “Bitki fiziologiyası” ixtisası üzrə “Dağlıq Şirvanın dəmyə şəraitində payızlıq yumşaq buğdanın (Triticum aesttivum L.) seleksiyasının morfofizioloji əsasları” mövzusunda dissertasiya işini uğurla müdafiə edib. Uzunmüddətli elmi araşdırmaların nəticəsi olaraq onun tərəfindən Ləyaqətli 80, Lider, Yubiley 90, Baba 75, Çempion və Gülüstan 100 sortları yaradılmış və nəmliklə stabil təmin olunmamış dəmyə şəraitində becərilməsi tövsiyə edilmişdir.
   A.Cahangirov 2001-ci ildən Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında direktor vəzifəsində çalışır. Alim 60-dan çox elmi əsərin müəllifidir və bir çox beynəlxalq və Respublika səviyyəli konfranslarda iştirak edib. 2011-ci ildə Kənd Təsərrüfatı sahəsində səmərəli fəaliyyətinə görə Respublika Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib, 2019-cu ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona dosent elmi adı verilib.
   Uzunmüddətli səmərəli elmi fəaliyyəti və 65 illik yubileyi münasibətilə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kollektivi adından Atabəy müəllimi ürəkdən təbrik edir, ona can sağlığı və gələcək elmi fəaliyyətində daha böyük uğurlar arzulayırıq.