sa sa 4628
Elmin əsl dəyərini dərk edən, ondan millətin xeyrinə istifadə edə bilmək qüdrətinə sahib olan Lider Okt 20, 2023 | 16:00 / Nəşrlər

Azərbaycan tarixində bir neçə yüz ildən sonra ilk dəfədir ki, ölkənin ərazisi düşmən tapdağından tam şəkildə azad edilib. Bu gün Azərbaycanın Dövlət Bayrağının bütün Qarabağda, o cümlədən Şuşada, Xocalıda, Xankəndi şəhərində dalğalanması yeni bir dövlətin qurulmasına, müstəqillik qazanılmasına bərabər tutula biləcək möhtəşəm tarixi hadisədir. Bu hadisə xalqımıza, bütün dünya azərbaycanlılarına heç vaxt görünməmiş özünəinam, ruh yüksəkliyi qazandırdı, böyük bir sevinc yaşatdı. Bütün bunlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasətinin uğurlu nəticələridir.

Bu fikirləri AzərTac-a açıqlamasında AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova bildirib. Akademik son 20 ilin ictimai və iqtisadi həyatın bütün sahələrində olduğu kimi, elm və təhsilin də sürətli inkişafı, maddi-texniki, kadr potensialının əhəmiyyətli şəkildə yenilənməsi və daha da gücləndirilməsi ilə yadda qaldığını deyib: “Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 20 ildə fundamental və tətbiqi elmin inkişafı Azərbaycan dövlətinin böyük diqqət ayırdığı və xüsusi qayğı ilə yanaşdığı sahələrdən olub. Bu illərdə demokratik cəmiyyətin, liberal bazar münasibətlərinə əsaslanan iqtisadi siyasətin yeni müstəvidə gücləndirilməsi, neft gəlirlərinin məqsədyönlü idarə olunaraq intellektual kapitala çevrilməsi, qeyri-neft sektorunun innovativ iqtisadiyyatın əsasını təşkil etməsi, kiberinformasiya cəmiyyətinin formalaşdırılması və ən müasir texnologiyaların tətbiqinin genişləndirilməsi müstəqil Azərbaycan dövlətinin strateji hədəfləri sırasında yer alıb. Azərbaycan Respublikasının inkişafının məhz elmin, elmi-texniki tərəqqinin və təhsilin səviyyəsindən əhəmiyyətli dərəcədə asılı olduğuna diqqət çəkən Prezidentin irəli sürdüyü “qara qızılı insan kapitalına çevirməliyik”, “biz iqtisadi inkişafımızın gələcək istiqamətlərini müəyyən edərkən güclü elmi əsaslara söykənməliyik” kimi tezislər xüsusən son 20 il ərzində ardıcıl surətdə reallaşdırılıb”.

Akademik bildirib ki, elm və təhsilin inkişafı 2003-cü ildən davamlı olaraq qəbul edilən və yerinə yetirilən çoxsaylı dövlət proqramlarının və milli strategiyaların mühüm tərkib hissələri olub, bir sıra hallarda isə sırf bu istiqamətdə bu və ya digər dövlət sənədləri, qanunvericilik aktları qəbul edilib. Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafına dair 2004-cü ildən başlayaraq qəbul edilən və reallaşdırılan dövlət proqramları, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və bunun həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” və onlarla digər dövlət sənədləri, proqram və strategiyalar nümunə göstərilə bilər.

AMEA-nın vitse-prezidenti ötən 20 ildə elmlə və elmi fəaliyyətlə bağlı ölkə qanunvericiliyinin təkmilləşdirilməsi prosesinin daimi xarakter aldığını da deyib: 2016-cı ildə “Elm haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu yeni mərhələnin başlanğıcını qoyub. Ötən dövr ərzində bu qanunda dövrün tələblərinə uyğun bir neçə dəfə dəyişikliklər edilib, həmçinin qanunun yerinə yetirilmə mexanizmləri işlənib hazırlanıb. Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən 27 Mart - Elm Gününün təsis olunması Azərbaycanın yüksəlişində elmin vacib rolunu bir daha təsdiq etdi, elmimizin inkişafı ilə bağlı qarşıda duran vəzifələri, yeni dövr üçün elmin statusunu müəyyənləşdirdi. Son 20 ildə Azərbaycan elmi dərin islahatlar dövrünü yaşayıb desək, yanılmarıq. Dövrün və dünya elmində gedən tendensiyaların nəzərə alınması ilə 2022-ci ilə kimi AMEA tərkibində bir sıra struktur dəyişiklikləri aparılıb. Ölkə üzrə müxtəlif elm sahələrinin müasir tədqiqat istiqamətləri müəyyən edilib”.

Akademik diqqətə çatdırıb ki, Azərbaycan elmində son illərdə intensiv xarakter almış struktur islahatları 2022-ci ilə kimi AMEA Biologiya və Tibb Elmləri Bölməsinin tabeliyində olmuş institutları da əhatə edib. Nazirlər Kabineti tərəfindən 2022-ci il yanvarın 7-də Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” publik hüquqi şəxsləri yaradılıb.

Məhz Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərinin həllində göstərdiyi qətiyyətli və ədalətli, eyni zamanda, düşünülmüş və uzaqgörən qərarları ilə seçilən Azərbaycan Respublikasının Prezidenti 2022-ci il iyulun 28-də elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsinə imkan verən, bu istiqamətdəki fəaliyyətlərin gücləndirilməsinə münbit şərait yaradan mühüm bir sənəd - "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərman imzalayıb. Bu Fərmanla 2022-ci ilə kimi AMEA-nın tərkibində fəaliyyət göstərmiş bir çox elmi müəssisə, o cümlədən Biologiya və Tibb Elmləri Bölməsinin 8 institutu Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə verilib. Eyni zamanda, Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin yaradılması islahatlar yolunda atılmış növbəti mühüm addımlardandır.

Alim qeyd edib ki, nadir və nəsli kəsilməkdə olan flora və fauna növləri, habelə onların mühafizəsi və bərpası üçün zəruri tədbirlər haqqında illüstrasiyalı elmi tədqiqat məlumatlarını özündə əks etdirməklə mühüm istiqamətverici sənəd olan Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının 2013-cü ildə dərc olunmuş 2-ci nəşri, 2023-cü ilin aprelində nəfis tərtibatda çapdan çıxmış və Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş 3-cü nəşri dövlətin müvafiq elm siyasətinə elmi kollektivlərin və sahə alimlərinin böyük töhfəsi hesab edilə bilər.

Son dövrlər ölkədə kənd təsərrüfatının inkişafı sahəsində formalaşmış potensial, xüsusilə müasir texnologiyaların tətbiqinin, həmçinin uzun illər ərzində işğal altında qalan torpaqların azad olunmasının ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması üzrə yeni hədəflərin müəyyən edilməsinə imkan verdiyini deyən akademik İ.Hüseynova vurğulayıb ki, indi daha da irəliyə getmək, yuxarıda qeyd edilən sənədlərdə, eləcə də Prezidentin çıxışlarında öz əksini tapan mühüm hədəflərin, o cümlədən Azərbaycanın özünü ərzaqlıq buğda ilə ən azı 70-75 faiz təmin etməsi planlarının icrasına ciddi səy göstərmək lazımdır. Bütün bunlar proseslərdə elmin də fəal iştirakı tələb olunur.

Prezident İlham Əliyevin 2010-cu və 2015-ci illərdə AMEA-nın Ümumi yığıncaqlarında və digər çoxsaylı tədbirlərdə Azərbaycan elminin müasir dövrün, 4-cü Sənaye İnqilabının çağırışlarına, ərzaq və bioloji təhlükəsizliyin təmin olunmasına, ümumən ölkənin ehtiyaclarına istiqamətlənməsinə, alimlərin cəmiyyət həyatının müxtəlif sahələrində iştirakına dair dərin məzmunlu, proqram xarakterli çıxışları, elmin inkişaf perspektivləri ilə bağlı dəyərli tövsiyə və tapşırıqları dövlətçilik və onunla bağlı elm və təhsil siyasəti kursunun başlıca strateji istiqamətlərini müəyyən etməklə, bu kursun daha yüksək səviyyədə davamı baxımından səciyyəvi olub.

“Prezidentin 20 il ərzində Ulu Öndərin davamçısı kimi şəxsi keyfiyyətləri və iradəsi, qətiyyəti və elmi əsaslı idarəetməsi sayəsində Azərbaycan üçün əldə etdiyi bir sıra mühüm nailiyyətlərin və onların dinamikasının dünyada analoqu yoxdur. Azərbaycan Respublikasının qısa müddətdə kosmos ölkəsinə çevrilməsi, Silahlı Qüvvələrinin dünyanın ən güclü 50 ordusu siyahısına daxil olması, qlobal iqtisadi böhranların, koronavirus pandemiyasının təsirindən minimum itkilərlə çıxa bilməsi, əhaliyə dövlət qurumlarının xidmət sahələrində inqilabi yenilik olan “ASAN xidmət”in yaradılması, bütün vətəndaşlar üçün icbari tibbi sığortanın əlçatanlığının təmin olunması, ölkəmizin dünya enerji təhlükəsizliyi və Şərq-Qərb nəqliyyat dəhlizi sistemlərinin vacib elementinə çevrilməsi, regional və qlobal səviyyələrdə söz sahibi ola bilməsi və Bloklara Qoşulmama Hərəkatında lider mövqe qazanması və bir çox digər uğurlar buna nümunə ola bilər. Bu gün Azərbaycanın elmi ictimaiyyəti Prezidentin elmə və alimə göstərdikləri böyük diqqət və qayğıya cavab vermək, ölkənin ərzaq, ekoloji və bioloji təhlükəsizliyini təmin etmək, elmimizin dünyaya inteqrasiyasını gücləndirmək, Qarabağa elmin “Böyük Qayıdışı”nı təmin etmək istiqamətində fəaliyyətlərə tam səfərbər edilib. İnanırıq ki, Azərbaycanın elmi potensialı Prezidentin ətrafında daha sıx birləşərək qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən ən qısa zamanda uğurla gələ biləcəkdir”,- deyə AMEA-nın vitse-prezidenti fikrini yekunlaşdırıb.

science.gov.az