sa sa 1740
Bitki fiziologiyası ixtisasında dissertasiya işinin müdafiəsi keçirilib + Foto Noy 14, 2023 | 11:36 / Mühüm hadisələr

Noyabrın 13-də AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.25 Dissertasiya Şurasında Nərgiz Kamal qızı Bayramovanın 2411.02 - Bitki fiziologiyası ixtisasında “GLRaV-3 patogenezi zamanı üzüm bitkisində fizioloji və anatomik dəyişikliklərin tədqiqi” mövzusunda biologiya elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçirilib. Dissertasiya işi AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda həyata keçirilib. İşin elmi rəhbəri akademik İradə Hüseynovadır. Dissertasiya Şurasının elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Səmra Mirzəyeva iddiaçının şəxsi işində olan məlumatlarla şura üzvlərini tanış etdikdən sonra söz iddiaçıya verilib. İddiaçı mövzunun aktuallığı, dissertasiya işində qarşıya qolulan məqsəd, işin elmi yeniliyi, əldə edilən nəticələr haqqında ətraflı məlumat verib. Nərgiz Bayramova qeyd edib ki, Azərbaycanda ilk dəfə olaraq vizual diaqtostika, AgriStriplərlə sürətli laborator test və DAS-ELİSA metodu ilə kəmiyyət və keyfiyyət analizinin nəticələri əsasında yerli və introduksiya olunmuş mədəni üzüm (Vitis vinifera L.) sortlarının GLRaV-3 virusu ilə yoluxması aşkar olunmuş və onun yayılma dinamikası təyin edilmişdir. Eyni zamanda virusun təsirindən üzüm yarpaqlarında antioksidant fermentlərin fəallıqlarında, kiçik molekullu antioksidantların (askorbin turşusu, tokoferollar), ikincili metabolitlərin (fenol birləşmələri, qlütation) və osmolitlərin (prolin, qlisin-betain) miqdarında baş verən dəyişikliklər tədqiq edilib.

Rəsmi opponentlər - AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor, Pənah Muradov, biologiya elmləri doktoru, professor Vilayət Abdıyev, biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Məmmədova dissertasiya işinə verdikləri rəyi oxuyub, tədqiqat işinin tamamlanmış və elmi yeniliyə malik olduğunu qeyd ediblər. Onlar dissertasiya işinin AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəlsəfə doktoru dissertasiyalarına qoyulan tələblərə tam cavab verdiyini və iddiaçının “Bitki fiziologiyası” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almağa layiq olduğunu bildiriblər. Müzakirələrdə iştirak edən biologiya üzrə elmlər doktorları Ziyəddin Məmmədov, Əhəd Nəbiyev, fizika-riyaziyyat elmləri doktoru Rövşən Xəlilov və  başqaları dissertasiya işini yüksək qiymətləndirərək onun müasir dövrün tələblərinə uyğun, aktual, elmi yeniliyə və praktiki əhəmiyyətə malik tədqiqat işi olduğunu vurğulayıblar. Daha sonra dissertasiya ətrafında geniş fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr səsləndirilib. İddiaçı şura üzvlərinin suallarını cavablandırıb, opponentlərin tövsiyə və iradlarına öz münasibətini bildirib.

İddiaçının yekun sözləri dinlənildikdən sonra səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, Nərgiz Bayramovaya biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.