sa sa 2558
MBBİ-də Sabah qrupları İcra komitəsinin nümayəndələri ilə görüş keçirilib + Foto Dek 08, 2023 | 16:54 / Mühüm hadisələr

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi SABAH qrupları İcra komitəsinin nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə MBBİ-nin baş direktoru, akademik İradə Hüseynova, MBBİ-nin icraçı direktoru, biologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Məmmədov, Hüceyrənin membran sistemləri laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor Səftər Süleymanov, Fotobioenergetika laboratoriyasının müdiri, biologiya elmləri doktoru Yaşar Feyziyev, Populyasiya genomiksi laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Nurməmməd Mustafayev, Genomun quruluşu və ekspressiyası laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Xudaverdiyeva, Təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Rüstəmova, SABAH qrupları İcra Komitəsinin rəhbəri Eldar Qocayev, İcra komitəsi rəhbərinin tədris, professor- müəllim heyəti və əməkdaşlarla iş üzrə müavini Nailə Qəhrəmanova, tələbələrlə iş üzrə müavini Sevinc Əliyeva, İcra komitəsi rəhbərinin köməkçisi Aytən Davudova, Bakı Dövlət Universitetinin SABAH mərkəzinin rəhbəri İradə Süleymanova, Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH mərkəzinin rəhbəri Aidə Quliyeva iştirak ediblər.

Akademik İradə Hüseynova qonaqlara əsası böyük Azərbaycan alimi akademik Cəlal Əliyev tərəfindən qoyulmuş AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu haqqında ətraflı məlumat verib, onları institutun laboratoriyaları ilə, burada aparılan tədqiqatların əsas istiqamətləri və bu tədqiqatlardan alınan ən mühüm nəticələrlə tanış edib. Baş direktor yarandığı dövrdən institutda magistratura təhsilinin mövcud olduğu və bu sahədə böyük uğurlar əldə edildiyi barədə danışıb. Akademik İradə Hüseynova qeyd edib ki, magistraturanın 14 məzununun təhsillərini Oksford, Monpelye, Qazi, İstanbul, Gent və s. kimi dünyanın aparıcı universitetlərinin doktoranturalarında davam etdirmələri təhsilin bu pilləsinin yüksək səviyyədə təşkilinə əyani sübutdur. İnstitutda beş beynəlxalq laboratoriyanın olduğunu deyən baş direktor bu laboratoriyaların rəhbərlərinin, o cümlədən Böyük Britaniyanın Kembric şəhərində yerləşən Tibbi Tədqiqatlar Şurasının (MRC) Molekulyar Biologiya İnstitutunun Hesablama struktur biologiyası qrupunun və MBBİ-nin Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının rəhbəri, Azərbaycanın Əməkdar elm xadimi, professor Qərib Mürşüdovun, Rusiya EA-nın Bitki Fiziologiyası İnstitutunun laboratoriya rəhbəri, Biologiyanın Fundamental Problemləri İnstitutunun baş elmi işçisi, Moskva Dövlət Universitetinin professoru, MBBİ-nin Bionanotexnologiya beynəlxalq laboratoriyasının rəhbəri, Rusiya EA-nın müxbir üzvü Süleyman Allahverdiyevin, Türkiyənin Akdeniz Universitetinin professoru, MBBİ-nin Molekulyar biomühəndislik beynəlxalq laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü Tərlan Məmmədovun, ABŞ-ın İndiana Universitetinin proqram rəhbəri, MBBİ-nin Molekulyar biotexnologiya beynəlxalq laboratoriyasının müdiri, professor Vidadi Yusibovun, Cənubi Koreyanın Pusan Universitetinin professoru İsmayıl Zülfüqarovun və başqalarının təhsil prosesinə, magistr və doktorant hazırlığına cəlb edilməsinin, eləcə də beynəlxalq əməkdaşlıqdan fəal şəkildə istifadə olunmasının kadr hazırlığında qazanılmış nailiyyətlərdə mühüm rol oynadığını bildirib. Akademik İradə Hüseynova məzunların elmi fəaliyyətlərini elmi-tədqiqat institutlarında davam etdirmələri və dünya elminə intyeqrasiya olunmaları üçün bütün imkanların yaradıldığına diqqət çəkib.

SABAH qrupları İcra Komitəsinin rəhbəri Eldar Qocayev bu qruplar, onların yaranma tarixi, təhsilin yüksək səviyyəyə qaldırılmasında oynadığı rol, eləcə də rəhbərlik etdiyi komitə barədə məlumat verib, bu günlərdə qruplarda magistratura səviyyəsinin 14 ixtisas üzrə fəalliyyətə başladığını bildirib. O qeyd edib ki, bu proqram ən müasir, xüsusilə texnologiya yönümlü ixtisasları əhatə edir. Süni intellekt, kibertəhlükəsizlik, dayanıqlı şəhərsalma, optimallaşdırma, ehtimal nəzəriyyəsi, əməliyyatların tədqiqi və sistemi, nanohissəciklər, biokimya ilə bağlı dünyanın tələb etdiyi ixtisaslar proqramda yer alır. Eldar Qocayev qrupların fəaliyyətinin gücləndirilməsində AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu kimi qabaqcıl elmi-tədqiqat müəssisələrinin töhfələrinə xüsusi ehtiyacın olduğunu bildirib.

Görüşdə müasir dövrdə elm və təhsilin bir-birindən asılı olmadan inkişafının qeyri-mümkün olduğu qeyd edilib, tədris prosesinin təkmilləşdirilməsi, ixtisasların müəyyənləşdirilməsi, gələcək əməkdaşlıq sahələri ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda yekun olaraq SABAH qrupları İcra Komitəsinin rəhbəri Eldar Qocayev və qonaqlar institutun tədris auditoriyaları və laboratoriyaları ilə yaxından tanış olub, əməkdaşlarla müzakirə aparıblar.