sa sa 3291
“Heydər Əliyev və müasir biologiya elminin inkişafı: nailiyyətlər və çağırışlar” mövzusunda beynəlxalq konfrans öz işini plenar və seksiya iclasları ilə davam etdirib + Foto Dek 21, 2023 | 10:31 / Konfranslar, iclaslar

Azərbaycan Milli Elmlər Akademiyası Biologiya və Tibb Elmləri Bölməsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev və müasir biologiya elminin inkişafı: nailiyyətlər və çağırışlar” mövzusunda beynəlxalq konfrans açılışdan sonra öz işini hibrid formatda (canlı və Zoom proqramı üzərindən onlayn) plenar və seksiya iclaslarında davam etdirib.

Konfransın plenar iclasına Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının (MRC) Molekulyar Biologiya İnstitutunun Hesablama struktur biologiyası qrupunun və AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının rəhbəri professor Qərib Mürşüdov moderatorluq edib.

İclasda tanınmış Böyük Britaniya alimi, MRC Weatherall Molekulyar Tibb İnstitutunun və Oksford Universitetinin professoru Uolter Bodmer, ABŞ-ın Emory Universiteti Emerson adına Elmi Hesablamalar Mərkəzinin direktoru, professor Camaləddin Musayev, ABŞ-ın Nebraska Tibb Universiteti, Eppley Tədqiqat İnstitutu, Fred və Pamela Buffett Xərçəng Mərkəzinin professoru Tahir Tahirov, Türkiyənin Akdeniz Universitetinin professoru, MBBİ-nin Molekulyar biomühəndislik beynəlxalq laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov biologiyanın aktual problemlərinə, bu problemlər üzrə özlərinin apardıqları tədqiqatlara və həmin tədqiqatların dünyüdü qəbul edilmiş mühüm nəticələrinə dair plenar məruzələrlə çıxış ediblər. Məruzələr konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb, geniş müzakirələr aparılıb.

Daha sonra konfrans öz işini biologiya elmində qlobal çağırışlar və gələcək inkişaf perspektivləri; biologiyada rəqəmsal texnologiyalar, maşınöyrənmə üsulları və süni intellekt; bioetika və sintetik biologiyanın problemləri; Genomiks, proteomiks, postgenom texnologiyalar biologiya elminin problemlərinin həllində; gen, hüceyrə və zülal mühəndisliyi, transgenez; populyasiya genom tədqiqatları mövzularında parallel keçirilən seksiyalarda davam etdirib.

science.gov.az