Qədim tarixi və böyük ənənələri olan Azərbaycan elmi bu gün ölkəmizin hərtərəfli inkişafının hərəkətverici qüvvəsinə çevrilib. Milli dövlətçilik maraqları əsasında inkişaf etdirilən elmimiz Azərbaycan xalqının firavan gələcəyinin, təhlükəsizliyinin təmin edilməsində güc və qüvvət mənbəyidir. Öz bayramını mühüm nailiyyətlərlə qeyd edən, dünya elminin bir parçasına çevrilməyi bacarmış Azərbaycan elminin milli təşkilatlanmış formada rüşeym şəklində təşəkkülü Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə bağlı olmuşdur desək, yanılmarıq. 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılması, yüz tələbənin Avropanın ali məktəblərinə göndərilməsi Azərbaycan elminin gələcək inkişafına qoyulmuş dəyərli sərmayə hesab edilə bilər.
Bu fikirləri açıqlamasında AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova söyləyib. Akademik bildirib ki, 1920-1922-ci illərdə Bakı Dövlət Universitetində humanitar, tibb və təbiət bölmələrindən ibarət elmi assosiasiya təşkil edilib və fəaliyyət göstərib. 1921-ci ilin axırlarında universitet nəzdində Təbiətşünaslar və Həkimlər Cəmiyyəti, bir qədər sonra isə Şərqşünaslar və Həkimlər Cəmiyyəti yaradılıb. 1920-ci ildə fəaliyyətə başlamış Bakı Politexnik İnstitutunda texnika, iqtisadiyyat elmləri və aqrokimya sahəsində elmi tədqiqatlar aparılıb.1923-cü ildə yaradılmış Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin tərkibinə Tarix, Etnoqrafiya, İqtisadiyyat və Təbiətşünaslıq bölmələri daxil edilmişdi. 1929-сu ildə Cəmiyyət yenidən təşkil edilərək Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu (DETİ) adlandırılmışdı. İnstitutun təbiət, biologiya, tarix və etnoqrafiya, dilçilik, ədəbiyyat və incəsənət, fəlsəfə, sovet Şərqi və xarici Şərq, dövlət və hüquq bölmələri olub.
Azərbaycanda elmi tədqiqatların yüksək səviyyədə aparılmasını və inkişaf etdirilməsini, elmi və elmi-xidmət müəssisələrinin işinin səmərəliliyinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə 1932-ci ildə DETİ əsasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsi təşkil edilib. 1935-ci ilin oktyabrında şöbə SSRİ Elmlər Akademiyası Azərbaycan filialına çevrilib, onun nəzdində mövcud olan bölmələr əsasında elmi-tədqiqat institutları, sektorlar, elmi stansiyalar və dayaq məntəqələri təşkil edilib. Artıq 1940-cı ildə respublikada 60 elmi müəssisə fəaliyyət göstərirdi. SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə filial Azərbaycan Elmlər Akademiyasına çevrilib. Bu vaxt akademiyanın 4 bölməsi, 16 elmi-tədqiqat institutu, elmi-tədqiqat şöbəsi, 3 muzeyi, mərkəzi elmi kitabxanası, Naxçıvan, Gəncə, Xankəndi və Qubada elmi bazaları var idi. Həmin il Azərbaycan Elmlər Akademiyasına 15 həqiqi üzv seçilib. Beləliklə, 1945-ci il yanvarın 23-dən başlanan axtarışlar, yoxlamalar və müzakirələr iki aydan çox davam edib və nəhayət, Azərbaycan SSR Elmlər Akademiyasının 15 nəfərlik ilk təsisçiləri – birinci akademikləri müəyyən olunub. Azərbaycan SSR Xalq Komissarları Sovetinin “Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması haqqında” 1945-ci il 27 mart tarixli, 316 saylı qərarı ilə ölkəmizdə Elmlər Akademiyasının təsis edilməsi rəsmiləşdirilib, onun Nizamnaməsi təsdiq olunub. Beləliklə, Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda təsis edilən Elm Günü – martın 27-si, eyni zamanda, akademiyanın yaradıldığı tarixə təsadüf edir.