sa sa 883
MBBİ-də fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin müdafiəsi keçirilib + Foto Apr 01, 2024 | 12:55 / Mühüm hadisələr

29 Mart 2024-cü ildə AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.25 Dissertasiya Şurasında Hilal İmanlının 2406.02-Biokimya ixtisasında “Azərbaycan florasında yayılmış Heracleum sosnowskyi Manden., Angelica sachokiana (Karjag.) M.Pimen. et. V.Tichomirov və Ammi visnaga (L.) Lam. (Apiaceae) növlərinin bioloji fəal maddələrinin tədqiqi” mövzusunda biologiya elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçirilib. Tədqiqatlar AR ETN Botanika İnstitutunun Bitki ehtiyatları şöbəsində aparılıb. İşin elmi rəhbəri bilologiya elmləri doktoru, professor, əməkdar elm xadimi mərhum Siracəddin Sərkərov olub. Dissertasiya Şurasının elmi katibi, biologiya üzrə fəlsəfə doktoru, Səmra Mirzəyeva iddiaçının şəxsi işində olan məlumatlarla şura üzvlərini tanış etdikdən sonra söz iddiaçıya verilib. İddiaçı mövzunun aktuallığı, dissertasiya işində qarşıya qolulan məqsəd, işin elmi yeniliyi, əldə edilən nəticələr haqqında ətraflı məlumat verib.

Hilal İmanlı qeyd edib ki, Azərbaycan florasında yayılmış 4500 növ ali bitkilərin çox az miqdarı kimyəvi cəhətdən tədqiq olunub. Bu baxımdan bitki mənşəli bioloji fəal maddələrin fərdi şəkildə alınması və tədqiqi  həm elmi, həm də tətbiqi nöqteyi nəzərdən aktual məsələlərdəndir. Bitki mənşəli bioloji fəal maddələrdən olan kumarin törəmələri farmakoloji fəallıqlarının geniş spektrliliyinə görə  daim tədqiqatçıların diqqət mərkəzindədir. Belə ki, bir sıra tədqiqatçılar tərəfindən kumarin törəmələrinin ağrıkəsici, antibiotik, koronar damarların effektiv genişləndiricisi, bəd xassəli şişlərə qarşı, fotosensiblizəedici və s. xüsusiyyətləri qeyd edilib.  Aparılmış tədqiqatlar nəticəsində fərdi şəkildə alınan kumarin törəmələrindən tibbdə yeni təsirli dərman preparatlarının hazırlanmasında istifadə oluna bilər. Bitkilərdən alınan furokumarin birləşmələrinin praktiki təbabət üçün vacib hesab olunan fəallıqları ənənəvi olaraq iltihaba qarşı, sidikqovucu, qızışdırma və tərlədici vasitə, soyuqdəyməyə qarşı, qrip, hepatit, artrit, həzm, öskürək, xroniki bronxit, plevrit, qarın tifi, baş ağrısı, yel, qızılca, sancılar, revmatizm, bakteriya və göbələk infeksiyaları, sidik yolları və s. xəstəliklərinə qarşı müalicədə müvəffəqiyyətlə istifadə olunur.

Rəsmi opponentlər - biologiya elmləri doktoru, professor Əhəd Nəbiyev,  əczaçılıq elmləri doktoru, professor Cavanşir İsayev və biologiya üzrə fəlsəfə doktoru, dosent Nərminə Abdullayeva tədqiqat işinin tamamlanmış və elmi yeniliyə malik olduğu qeyd edərək AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəlsəfə doktoru dissertasiyalarına qoyulan tələblərə tam cavab verdiyini, iddiaçının 2406.02-Biokimya ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almağa layiq olduğunu bildiriblər.

Müzakirələrdə iştirak edən AMEA-nın müxbir üzvləri Novruz Quliyev, İlham Şahmuradov, biologiya üzrə elmlər doktorları Səftər Süleymanov, Şahniyar Bayramov, Ziyəddin Məmmədov, Rövşən Xəlilov, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva dissertasiya işini yüksək qiymətləndirərək onun müasir dövrün tələblərinə uyğun, aktual, elmi yeniliyə və elmi-praktiki əhəmiyyətə malik tədqiqat işi olduğunu bildiriblər.

Daha sonra dissertasiya ətrafında geniş fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr səsləndirilib. İddiaçı şura üzvlərinin suallarını cavablandırıb, opponentlərin tövsiyə və iradlarına öz münasibətini bildirib.

İddiaçının yekun sözləri dinlənildikdən sonra səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, Hilal İmanlıya biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.